525.Az

Ürəyin sevgi tutumu - Təranə Paşayeva yazır


 

Ürəyin sevgi tutumu -<b style="color:red"> Təranə Paşayeva yazır</b>

Bir neçə il öncə "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzini yaratmaq barədə qəti qərara gələndə müəyyən tərəddüdlərə baxmayaraq, ən qısa zamanda uğur qazanacağıma möhkəm inamım  vardı. Açıq deyirəm, bu sahədə fəaliyyət göstərmək istəyi heç də sahibkar həvəsi, yaxud bir xanımın biznes marağı ilə bağlı deyildi. Gənc olsam da, vətənimizin, insanlarımızın həyat tərzindəki qlobal dəyişilməni hiss edirdim, çünki sağlam düşüncəsi, həyata normal baxışı olan hər kəs XXI əsrin addım səslərinin daha ucadan eşidildiyinin fərqindəydi. 

Mən də müstəqilliyin real mənzərəsini, ölkənin sərvətlərinin yüksək artımını, sovetlər zamanı 70 il tikanlı məftillər arasında yaşayan Azərbaycanla dünya arasında sərhədlərin sözün gerçək mənasında aradan götürüldüyünü görürdüm. Onu da görürdüm ki, proses heç də asan keçməyəcək, xalqın dediyi kimi, bu xəmir çox su aparacaq. Dünya düzəninin sabitləşməsində adaptasiyanın (uyğunlaşmanın) mühüm rolu var. Bu, cəmiyyətin yeni tarixi şəraitə qaynayıb-qovuşma mərhələsidir. İstənilən ümumi yeniləşmə prosesinin insanların fərdi həyatından keçməyi qətiyyən mübahisə doğurmur. Mən psixoloji yardımın vacibliyi barədə düşünəndə, daha doğrusu, "Loqos" Mərkəzini formalaşdırmaq qərarını verəndə Azərbaycan cəmiyyətində sabitlik və inkişaf konsepsiyası çalışırdı artıq. Xeyli müddət öncə Ulu öndər Heydər Əliyev ölkədə bütün vətəndaş qarşıdurmalarına son qoymuş, ölkəmizi böyük dünya ilə əlaqələndirmişdi. 2003-cü ildən isə Azərbaycana rəhbərlik xalq tərəfindən gənc enerjili, bilikli İlham Əliyevə etibar edilmişdi. Vətənimiz sürətli inkişaf tempi götürmüşdü. Və yenə təbii ki, fərdi mikromiqyasda uyğunlaşma isə zaman istəyirdi. 

Bax belə bir vaxtda, yeni cəmiyyətlə ayaqlaşma tələbi yarananda bir daha yəqin etdim ki, şəxslərin, ailələrin, yaş, cins fərqi olan sosial qrupların psixoloji tələbatlarının qarşılanması ümumi prosesin nizamlanmasına lokal da olsa, kömək göstərə bilər. 

Niyyətimi öncə də xatırlatmışdım, dediyim kimi, biz cəmiyyətimizə, soydaşlarımıza psixoloji yardım xəttini seçmişdik. Neyləmək istəyirdik? İstəyirdik ki, ictimai həyatın müxtəlif sahələri üzrə vətənimizin inkişafına qoşulan insanlar ailələrinin, uşaqlarının bu və ya digər çətinlikləri, üzüntüləri qarşısında aciz qalmasınlar. İstəyirdik ki, mütəxəssisləri ətrafımıza toplayaq, qaçqın-köçkün bacı-qardaşlarımızın gözlərindəki son ümidləri sönməyə qoymayaq, imkanımız çatan dərəcədə ailələrin dağılmasına yol verməyək, istəyirdik müxtəlif səbəbdən hərəkətləri, nitqi ləngiyən uşaqlar daha rahat hərəkət edib, daha rəvan danışsınlar. Biz bütün bunları davasız-dərmansız, pedaqoji üsullarla, müqəddəs sözün təsir gücü ilə, dövri-qədimdən formalaşan mənəvi stimullardan, təcrübələrdən yararlanaraq eləməliydik. 

Planlarım əvvəl başdan geniş idi, bu iş şəbəkə formasında görüləcək, bütün Respublikanı əhatə edəcəkdi... Elə güman etməyin ki, bu qeydlərimin davamında "Loqos" Mərkəzinin tarixçəsini danışacağam. Xeyr. İşimiz və onun yekunları xidmətimizdən yararlanan minlərlə insana, ölkə ictimaiyyətinə bəllidir.

Bura qədər dediklərimin yalnız bir məqsədi var. Təşkilatımızın əvəzolunmaz əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva bu günlərimizdə ömrünün daha bir müdrik pilləsinə qədəm qoyur və bizim "Loqos" ailəsinin dünyaya göz açmasında, formalaşmasında, təvazökarlıqdan uzaq olsa da deyim, ən mürəkkəb mərhələlərdən keçərək bugünkü uğurları qazanmasında Elmira xanıma bərabər olan ikinci şəxs yoxdur. Bizim bütün nailiyyətlərimiz eyni zamanda ona məxsusdur - Elmira xanıma...
Qoy ötəri də olsa, təkrarən yaddaşımın ötən illərdə qalan səhifələrini çevirim. 

Həmin günlərdə, yəni "Loqos" ideyası meydana çıxan vaxt tez-tez yadıma düşən bir el məsəlini indi də xatırlayıram. O cümlə belədir: "Tək əldən səs çıxmaz". Bu cümlədə bəlkə də uğur qazanmağa səbəb olan etibarlı faktorlardan ən önəmlisi ifadə olunub. Çünki tək əl nə qədər qüdrətli, bükülməz və möhkəm olsa da, ondan səs çıxmır. Bu ifadə xalq təfəkküründən süzülüb gələn obrazlı deyimdir. Belə bir məna anladır ki, hansısa nəticə əldə etmək istəyiriksə, mütləq kiməsə, hansı bir dayağasa arxalanmalıyıq, birlik deyilən həlledici qüvvə ilə fərdi gücü birləşdirməliyik. Necə ki ədəbiyyatımızda deyilib:

Sel bir olsa dağ oynadar yerindən
El bir olsa zərbi kərəm sındırar!

Özümlə bərabər, inandığım daha iki həmkarımla görəcəyimiz işi günlərlə müzakirə edir, nədən başlayıb hara yetişəcəyimizi dəqiqləşdirirdik. Mən bu barədə əvvəllər də söz açmışam. Demişəm ki, həmin günlərdə biz arzularımızın yerinə yetməsində Elmira xanımın müstəsna xidməti olacağına inanırdıq.

Niyə? Niyə məhz o, bizim məqsədimizin reallaşmasına dəstək baxımından alternativsiz görünürdü? Səbəb sadədir. Onunla ilk görüşə razılıq alanda bilirdim ki, Elmira xanım Respublikamızda azsaylı, həqiqətən də öz işinin alimi olan psixoloqlardan biridir, daha doğrusu, o, Azərbaycanda psixoloqların pionerlərindən sayılmağa layiqdir. Zənnimiz, əlbəttə ki, bizi aldatmadı. Biz əsl xəzinəyə sahib olduq!

Nə baş verdi? Elmira Mirzəyeva, necə deyərlər, qolunu çırmalayıb "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzində çalışmağa başladığı ilk günlərdən təşkilatın yol xəritəsinin əsas konturlarını cızmağa nail olduq. İlk ev tapşırıqları bunlar idi; problemin, yəni bizim baxış bucağından, fəaliyyətin nəzəri əsaslarının mənimsənilməsi, bununla yanaşı, mövcud təcrübədən yararlanma. Nəzəri biliklərə və təcrübəyə əsaslanan psixoloji yardımın ehtiyacı olan insanlara ötürülməsi isə, birmənalı olaraq kadr vəsiləsindən keçir. Xeyirxah niyyət hərəkətverici olsa da, yenicə meydana çıxmışdıq, ünvanımızı, psixoloji yardım bacarığımızı tanıyıb-bilən yox dərəcəsində az idi. 

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü ildən, yəni 7-ci ildir ki, insanların xidmətindədir. Tam səmimiyyətlə deyirəm, Elmira Mirzəyeva bu 7 il ərzində özünü arxa plana çəksə də, hər zaman təşkilatımızın ruporu, vizit kartı olmuşdur.

Bir çox hallarda məhz onun məsləhətləri, təklifləri əsasında respublikamızın ən təcrübəli, məhsuldar psixoloqları "Loqos"da cəmləşmiş, məhz onlar yüzlərlə, minlərlə insanın psixoloji və nitq inkişafı problemlərinin yoluna qoyulmasına səbəb olmuşlar.

Psixoloji problem qlobal xarakterlidir. Buna görə də dünya psixologiya elminə bələd olmaq qaçılmazdır. Bu mənada Elmira xanımın beynəlxalq təcrübəni daim izləmək, dünyanın tanınmış psixologiya mərkəzləri ilə əlaqələr qurmaq təşəbbüslərini xüsusi qeyd etməliyəm. İndi bizim Avropa, xüsusilə Türkiyə, Gürcüstan, Rusiyanın uyğun qurumları ilə sıx təmaslarımız mövcuddur. Və bu əlaqələrin təməl daşlarının düzülməsində E.Mirzəyeva əsl fədakarlıq göstərib. 

Psixoloji yardım işi elə sosial sahədir ki, orada yançı, müşahidəçi, sadəcə fərasətli təşkilatçı olmaq məsələni axıra qədər həll etmir. Gərək sən şəxsən psixoloq olasan və insanlarla fərdi qaydada işləməyi bacarasan. Bu, hesab edin ki, bizim sənətimizdə uğur qazanmağın özülü, alternativsiz tələbidir. Elmira Mirzəyeva öz psixoloq kabinetində yüzlərlə insanın köməyinə fərdi qaydada çatıb. O, insan mühəndisidir desəm, heç nəyi şişirmərəm. Hər insana - mənəvi-psixoloji durumundan asılı olmayaraq, dünyanın ən qiymətli varlığı kimi yanaşmaq, onu yuxarı tutmaq, ona həyat aşılamaq bacarığı yüksək erudisiyalı bu mütəxəssisin daxili təbiətindən, mənəvi yetkinliyindən gəlir. O, insanları sevir, gəncləri balalarından, uşaqları nəvələrindən ayırmır. Bəlkə də psixoloji durumunu toparlamağa imkan tapan pasientlərin normal davranışlara qayıtmağına başlıca səbəb Elmira xanımın hər bir fərdə bəslədiyi sevgidir. Yəqin ki, belədir.

Bu təbrik yazısını qələmə aldığım anda masamın üzərində iki kitab var. Hər iki kitabın müəllifi istedadlı publisist, bizim "Loqos" jurnalının baş redaktoru, Prezident təqaüdçüsü Rəhilə Gülgündür. Hər iki kitabın qəhrəmanı isə bir nəfərdir - Elmira Mirzəyeva. "Elmira Mirzəyeva - Zərifliyin gücü", "Elmira Mirzəyeva - Həyat hekayəti". Minnət qoymuram, sonuncu kitabın təşəbbüskarı mən olmuşdum, əlbəttə, müəllifin belə bir kitabı yaratmaqla bağlı güclü istəyini nəzərə alaraq. Titul səhifənin arxasında, Elmira xanımın portretinə yaxın yerdə "Kitab "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin sponsorluğu ilə nəşr olunub" cümləsini, sözün düzü, razılıq hissi ilə təzədən oxuyur və deyirəm, nə yaxşı 2017-ci ildə təşkilatımız bu çağırışa müsbət cavab verib. Çünki ortada elə bir kitab var ki, hələ neçə-neçə zaman boyunca yeni gələn nəsillərə sadə bir kənd qızının öz zəhməti, dərrakəsi ilə hansı ucalığa yetişdiyini göstərəcək.

Bu, Elmira xanımdır, bu, əmək fəaliyyətinə müqəddəs müəllim peşəsindən başlayıb psixologiya üzrə 30-dan çox beynəlxalq ixtisasartırma kurs və təlimlərində iştirak edib sertifikatlara yiyələnən, ali psixologiya təhsili alan, UNİCEF-in 20-dən artıq layihəsində icraçı və layihə rəhbəri olan, psixologiya kafedrasının müdiri, Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının vitse-prezidenti, sonradan prezidenti, Dünya Pozitiv Psixoterapiya Assosiasiyasının, Beynəlxalq Ailə Akademiyasının, Rusiya Təhsil Psixoloqları Federasiyasının, Beynəlxalq Psixologiya və İdarəetmə İnstitutunun, Beynəlxalq Fundamental Təhsil Universitetinin üzvü, nəhayət Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutu elmi şurasının üzvü, bizim "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva!

Elmira xanım alimdir, pedaqogika və psixologiya elminə dərindən yiyələnən bir araşdırmaçı kimi ardıcıl olaraq dünya miqyasında və Azərbaycan mətbuatında bir-birindən dəyərli məqalələrlə çıxış edir.

Elmira xanım böyük hərflərlə yazılan müəllimdir, onun pedaqoji fəaliyyəti ömrün ayrıca bir fəsli kimi ehtirama layiqdir. 

Elmira xanım Azərbaycanın ən layiqli praktik psixoloqlarından biridir. Onun həyatın çətin dolaylarından adlatdığı insanların sayı yüzlərlədir.

Elmira xanım cəmiyyətimizin ən həssas sosial qrupları ilə usanmadan təmas quran, onlara ümid verən nadir bir mütəxəssisdir. Kimini alış-veriş mərkəzlərində, toyda-şənlikdə, xitabət kürsülərində yaxşı tanıyırlar, onun yolunu isə kimsəsiz qocalar evində, uşaq sığınacağında, övladı, həyat yoldaşı, valideyni itkin düşmüş ailələrdə, qaçqın-köçkün qəsəbələrində gözləyirlər.

Elmira xanım ictimai xadim, əsl vətəndaşdır. Çünki o, qədəm basdığı ünvanlara təmənnasız, ürəyinin hökmü ilə gedir...

Onun bütün fəaliyyətinin məğzini ikicə sözlə ifadə etsəm, yalnız bunu deyərəm: insanlara sevgi.

Bəlkə bütün bu savablar, xeyirxah əməllər sayəsində Elmira xanım bizim bu gözəl Bakı şəhərində ən bəxtəvər ana və nənələrdən biridir - beş layiqli övladı, doqquz nəvəsi var.

Müəllifini unutduğum bir şeir düşür yadıma:

Ey insan!
Səhərin açılmağına sevin!
Sevin! Sevin! Sevin!
Sevin səhərin açılmağına...
Elə sevin ki,
sənin sevinməyinə baxıb
səhərin özü sevinsin!

Bəli, Elmira Mirzəyeva kimə məxsusluğundan asılı olmayaraq ətrafdakıların qazandığı bütün uğurlara sevinən insandı. Atamın, Qəzənfər müəllimin sözüdü: Allah geniş qəlbli insanların başından tökür! 

Bir də "Loqos"un baş ofisində, mənim kabinetimlə yanaşı bir iş odası var Elmira xanımın. Onun eyvanı sanki bir gül baxçası, gülüstandır. O güllərə Elmira xanım elə məhəbbətlə qulluq eləyir ki, sanki yüzlərlə çiçək, yüzlərlə yaşıl yarpaq birdən dil açıb danışacaq...

İllər ötür, ömürlər yetkinlik zirvəsinə qalxır. Qoy olsun, təki ömrümüz hər mərhələsində yaşıla bürünsün, həyatınız gül qoxusu, çiçək ətri versin!
 

 





24.10.2021    çap et  çap et