525.Az

Ostinin xəbərdarlığı


 

Ostinin xəbərdarlığı<b style="color:red"></b>

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Gürcüstana, ardınca Ukraynaya səfəri Vaşinqtonun poostsovet məkanı uğrunda mübarizədən çəkilmədiyini göstərir.

ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra belə fikirlər səslənirdi ki, Co Bayden administrasiyası dünya liderliyindən imtina edir. Xüsusilə postsovet məkanının və Şərqi Avropanın ABŞ-ın maraq dairəsindən çıxdığı haqqında güclü təbliğat aparılırdı. Ancaq general Ostinin Gürcüstan, Ukrayna və Rumıniyanı əhatə edən səfəri ABŞ-ın postsovet məkanına, xüsusilə də Qara dəniz hövzəsinə yönəlik siyasətində dəyişiklik baş vermədiyini göstərir.  

Üstəlik, Moskva üçün həsas mövzularda Vaşinqtonun antirusiya mövqeyi açıq-aydın ifadə olunmağa başlayıb. Gürcüstanda olduğu kimi, Ukraynada da general Ostin Rusiyanı açıq mətnlə işğalçılıqda və separatizmi təşviq etməkdə ittiham edib.  

Ukraynanın müdafiə naziri Andrey Taranla görüşdə Pentaqon rəhbəri bəyan edib ki, Donbasda müharibəni Rusiya başlayıb və münaqişənin sülh yolu ilə nizamlanmasına da məhz Moskva imkan vermir. Halbuki general Ostindən əvvəl Ukrayna münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaqda ittiham olunurdu. Qərbdən səslənən bəyanatlarda birmənalı olaraq Ukrayna Minsk razılaşmasını yerinə yetirməyə dəvət olunurdu. İndi isə ABŞ-ın müdafiə naziri Donbasda müharibənin başlanmasına və münaqişənin davam etməsinə görə Rusiyanı ittiham edir.

General Ostin Gürcüstan kimi, Ukraynanın da NATO-ya daxil ola biləcəyini bir daha səsləndirib. Üstəlik, Pentaqon rəhbəri Rusiyanı nəzərdə tutaraq heç bir "üçüncü ölkənin" Kiyevin bu istəyinə veto qoymaq hüququna malik olmadığını çox aydın ifadələrlə bəyan edib. Məlum olduğu kimi, Rusiya rəsmiləri açıq şəkildə Ukraynanın NATO-ya üzvlüyünün reallaşacağı halda "aktiv tədbirlər" görəcəkləri ilə bağlı Kiyevi açıq mətnlə təhdid edirlər.

General Ostin Kiyevdə ukraynalı həmkarı Andrey Taran və prezident Vladimir Zelenski ilə görüşdə Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün "yol xəritəsi"ni müzakirə edib. Pentaqon rəhbərinin Kiyevə səfəri ərəfəsində Ukrayna ABŞ-dan tibbi ləvazimat və silahların ikinci partiyasını almışdı. Bu tibbi ləvazimat və silahlar ABŞ-ın hərbi büdcə qanununda Ukraynaya edilməsi nəzərdə tutulan 250 milyon dollarlıq yardımdan əlavə dəstəkdir. Ümumi dəyəri 60 milyon dollar təşkil edən bu əlavə yardım Ukraynanın müdafiə qabiliyyətini artırmalıdır.

General Ostin Ukraynada bəyan edib ki, NATO-nun inandırma gücü Rusiyanın Qara dənizlə bağlı mövqeyini dəyişməyə yetərli olmasa, ABŞ Moskvanı inandırmaq üçün özünün bölgədəki dəniz qüvvələrindən istifadə edəcək. Bu açıqlama onu göstərir ki, Vaşinqtonla Moskva arasında diplomatiya işə yaramadığına görə ABŞ müdafiə naziri Rusiya rejiminə təsir etmək üçün başqa variantların mövcud olduğunu bəyan etmək məcburiyyətində qalıb. Belə görünür ki, Qara dənizdə gərginlik artacaq və ABŞ dünyanın üç ən önəmli su hövzəsindən biri olan Qara dənizi Rusiyanın nəzarətinə verməyəcək.

 





24.10.2021    çap et  çap et