525.Az

Xətai rayonunda şəhid Həmid Abbasbəylinin xatirəsi anılıb


 

Xətai rayonunda şəhid Həmid Abbasbəylinin xatirəsi anılıb<b style="color:red"></b>

Oktyabrın 24-də İkinci Fəxri xiyabanda Bakının Xətai rayonundan olan, Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəylinin xatirəsi ehtiramla yad edilib.

525.az xəbər verir ki, şəhid zabitin məzarı önündə keçirilən anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev şəhid Həmid Abbasbəylinin ailəsinə başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

Şəhidin anası Gülnar Abbasbəyli anım mərasimində çıxış edərək söyləyib ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir: “Əbəs yerə deməyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Həmidin ən böyük arzusu doğma torpaqlarımızın erməni tapdağından azad edilməsi idi. Allaha şükürlər olsun ki, Həmid kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız yağı düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Həmid kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Oğlumla fəxr edirəm. Bu gün bir şəhid anası kimi mənim ən böyük təsəllim odur ki, qədirbilən xalqımız Həmidin əziz xatirəsini hər zaman ehtiramla yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xalq artisti Əli Nur çıxış edərək bildirib ki, şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyünü bərqərar etdilər, onlar heç zaman unudulmayacaqlar: “Onlar yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini göstərdilər. Təkcə erməni quldurlarına deyil, bizi sevməyən digər anti-Azərbaycan dairələrə qarşı da öz mövqelərini qəti şəkildə ortaya qoydular, böyük şücaət nümayiş etdirdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimiziə şəfa diləyirəm. Şəhidlərimizi böyüdən valideynlərə təşəkkür edirəm ki, belə qəhrəman övladlar yetişdiriblər. Gənclərimizin hər biri bu qəhrəmanların şərəfli həyat və döyüş yollarını öyrənməlidir.”

Tədbirdə Xalq artisti Əli Nur, həmçinin məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər.

Şəhid Həmid Abbasbəylinun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Daha sonra anım mərasimi şəhid baş leytenant Həmid Abbasbəylinin xatirəsinə Xətai rayonunun Babək prospekti 70 ünvanında ucaldılan abidə kompleksinin qarşısında davam etdirilib.

Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün çox müqəddəs bir tədbirə toplaşmışıq: “Bu anım mərasimində Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Həmid qardaşımızı yad edirik. O, cismən bizdən ayrılsa da, əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Həmid kimi igidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yazan insanlardır. Hər bir gənc onların həyatını, döyüş yolunu öyrənməli, qəhrəmanlıq yolundan bəhrələnməlidir. Biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hiss ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu şücaəti, cəsarəti və xalqımızın birliyi ilə dəmir yumruğa çevrilərək yağı düşmənin başını əzdi, işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Təxminən bir il bundan əvvəl Azərbaycan möhtəşəm bir tarix yazdı. Bugünki tədbirdə tarixi Qələbənin qazanılmasında iştirak edən əsgər və zabitlərimiz iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixində onların xidmətləri əvəzolunmazdır.”

V.Rəhimzadə qeyd edib ki, bu günlər hər bir azərbaycanlı bir daha bu qəhrəmanlıq tarixini qəhrəman şəhidlərimizin əziz xatirəsinə sonsuz minnətdarlıq duyğusu ilə yada salır: “Bu qəhrəmanlarımız bizim ən müqəddəs insanlarımızdır. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar, var olacaqlar. Bu insanlar təkcə öz valideynlərinin övladları deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Bundan sonra hər bir insan şəhid Həmid Abbasbəylinin abidə kompleksinin qarşısından keçərkən qəhrəmanlarımızı yada salacaq, onların şücaətinin Azərbaycan tarixində nə qədər möhtəşəm rol oynadığını bir daha xatırlayacaq. Mən Həmid qardaşımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Bütün şəhid valideynlərinin qarşısında baş əyirəm, çünki onlar qəhrəman övladlar böyüdüblər. Qəhrəman yetişdirmək hər adama nəsib olmur. Şəhidlərimizin valideynləri də qəhrəmandırlar. Ona görə də bizim hər birimiz bu qəhrəmanlarla öyünürük. Hər bir insan qürur hissi keçirə bilər ki, Azərbaycanın belə igid övladları var. Onlar bizim qürurumuzun, qeyrətimizin varlığını təsdiq etdilər. Onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Şəhidlərimiz Azərbaycan tarixində əbədi yaşayacaqlar. Zaman keçdikcə hər birimiz onların nə qədər müqəddəs bir yolun yolçusu olduqlarını daha dərindən dərk edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Tədbirdə çıxış edən Xalq artistləri Əli Nur, Azad Şükürov ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan geniş danışıblar, Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açıblar. Onlar, həmçinin Vətənə həsr olunan şeirlər səsləndirdilər.

Sonra şəhidin döyüş yoldaşları çıxış edərək Həmidin Vətənə, dostluğa sədaqətindən, peşəkarlığından danışıblar.

Anım mərasimində şəhidin anası Gülnar Abbasbəyli çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra şəhidin abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

 





24.10.2021    çap et  çap et