525.Az

Çörək qoxusu - Şahrun Süleymanova yazır


 

Çörək qoxusu -<b style="color:red"> Şahrun Süleymanova yazır</b>

Səhər obaşdan burnumu qıdıqlayan gözəl bir qoxuyla ayıldım yuxudan. Bir neçə saniyə hələ hansı zamanda və məkanda olduğumu dərk etmədən özümü beşikdə uzanan körpə sandım. Ən gözəl qoxular körpəliyimizə aiddir, axı...

Anam yadıma düşdü sonra. Ən güvənli duyğu ana qucağının bəxş etdiyi duyğudur, axı... 

Evimizi xatırladım - indi daşı daş üstə qalmayan evimizi. Ən doğma məkan yurd yeridir, axı...

Bu şirin, mübhəm xatirələrdən qopub gerçəyə dönər-dönməz bayaqdan məni xəyallar aləminə uçuran o möhtəşəm qoxunun əsl ünvanını tapdım nəhayət ki... Körpəliyi, Ananı, Vətəni bir nöqtəyə cəmləyən ən gözəl qoxu nə ola bilər, axı? Təbii ki, çörək qoxusu.

Sonra xatirələr bir-birini əvəz etməyə başladı.

Ağdamdakı evimizdəyik - hüzur, güvən, xoşbəxtlik dolu, hər zaman qonaqlı-qaralı olan evimizdə. Yenə bu qoxu bürüyüb qalın meşəni xatırladan həyətimizi və oradan keçib düz evimizin içinə qədər gəlib çatıb. Bayırda payızdır. Mən uclarına ağ lent bağlanmış hörüklərimi önümə salıb (onları xüsusi bir əda ilə əlimlə kürəyimə atmağı hədsiz sevirdim) uzun otağın yuxarı başında qurulmuş sobanın kənarında oturub dərs oxuyuram. Yəqin ki, ədəbiyyatdır (ən çox sevdiyim dərs idi, axı). 

Hə, xatırladım, "Ana və poçtalyon" şeiridir. Özü də mənim kitabım deyil bu. Onuncu sinifdə oxuyan bacımın kitabıdır. Mənsə hələ dördüncü sinifdə oxuyuram. Amma dünən bacım əzbərləyərkən beynimə, ürəyimə yatan bu şeiri öyrənməyə qərarlıyam. Bəs necə. Sabah ədəbiyyat dərsində Nərgiz müəllimənin qapqara, ümid dolu gözlərindəki heyrət qarışıq o sevinci görmək dünyanın ən möhtəşəm duyğusudur, axı... Heç əzbərləmək üçün xüsusi bir cəhd də göstərmirəm. Elə ilk oxunuşdan beynimə yazılır ipək kimi hamar misralar:

Dörd ay vardı, ananın gözləri yol çəkirdi.
Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi...

Bugünkü kimi xatırlayıram hər sətirini. 

Sonra həyətimizin aşağı səmtindəki təndirxanadan bayaqdan bu gözəl çörək qoxusunun bütün həyəti bürüməsinin səbəbkarının - təndirə kündə yapan xalamın səsi gəlir. Kündə dolu birinci sinini bayaq özü aparmışdı, indi də məni haraylayır ki, qalanlarını aparım. Özü təndirin başında, yeni yapdığı kündələrin keşiyindədir, axı. Küt gedəni olar birdən. 

Kitabı əlimdən yerə qoyub, şeiri ürəyimdə təkrarlaya-təkrarlaya aşağıya, həyətdəki birmərtəbəli əl evi deyilən yerə gedib ağappaq, ay sonu gecələri parlaq işığa qərq edən yupyumru aya bənzər kündələri qızılı rəngli dəyirmi siniyə düzürəm bir-bir. Yupyumşaq kündələr o qədər gözəl görünür ki, az qalırsan, elə çiy-çiy yeyəsən. Kündə dolu sininin üzərini ağappaq dəsmalla örtüb başımın üstünə qaldırıram (böyüklərə bənzəmək istəyidir bu. Özümü bildim-biləli həmişə tez böyüməyə can atmışam... Elə o şeiri öyrənməyim də bu istəkdəndir. Nə qədər yanlış bir istək. Kaş ki, mümkün qədər daha çox çocuq qala biləydi insan... Böyüdükdən sonra o gözəl çağlara, geriyə yol yoxdur, axı). Başımda sini, addımlarımı asta-asta ataraq, "Dörd ay vardı..." deyə-deyə elə o sinidəki kündələr kimi yupyumşaq, həlim xasiyyətli, dünyanın ən mehriban qadınına kündə aparıram. Və sonra işin ən əyləncəli qismi başlayır: xalamın başı kündə yaymağa qarışan kimi, uzun kovğanın yastı, enli ucuyla təndirə yenicə yapılmış kündələrdən birini xəlvətcə itələyib təndirin dibinə, külün içinə salıram. Bilirsiz niyə? Bəlkə də, dünyanın ən ləzzətli təamı olan qazmaq yaransın deyə. Çörək  alaçiy qopub düşdükdən sonra təndirin divarında xəmirdən nazik bir lay yapışıb qalırdı və bu təbəqə sonra qıpqırmızı qızarıb qazmaq olurdu. Təndirə yapılan çörəklər "öz xoşu ilə" qopub düşməyəndə biz uşaqlar xəlvətcə onlara "kömək edirdik" bu işdə. Budur, hazırdır artıq. Xalam yeni çörəyi yapmaq üçün təndirə tərəf dönəndə təəssüflə deyir: "Buna bax e, yenə küt getdi kündə, yəqin undandır. O cür xəmir qatmışdım özü də". Yazıq arvad. İndi anlayıram ki, nə qədər böyük günah işlədirmişəm, onun əməyini yerə vurmaqla... Əfv elə məni, mələk qadın...

Bəs səbəb nədir yazmır anaya bircə kağız?
"Oğul, oğul" deməkdən qabar oldu dil, ağız...

- deyə-deyə uzun şeirin geri qalanını əzbərləməyə yollanıram. Əlimdə də təndirdən yenicə çıxan xırçıltılı qazmaq...

Xatirələr, xatirələr... Gör haralara apardı bu bircə qoxu.

İndi də Şuşadayıq. Məşhur Şuşa həbsxanasına, Üzeyir bəyin ev muzeyinə və Xan qızının o vaxtlar uşaq sanatoriyası kimi fəaliyyət göstərən sarayına yaxın bir evdə qalırıq. Evimizdən xeyri aralı yerləşən "Məhəllə bulağı"nın yanında kiçik bir dükan var - Arifin çörək dükanı: dünyanın indiyədək yediyim ən dadlı çörəyinin (hətta ruhu məni  bağışlasın, xalamın bişirdiyi çörəklərdən də dadlı) satıldığı yer. "Kərpic çörək" deyirlər bu dükanda satılan çörəyə. Günorta, nahar vaxtı növbə olur dükanın qarşısında. Gündəlik qayğılarından, "gəlmələr"dən danışan yerli qadınlar, "Neftçi"nin dünənki uğursuz oyununu  təəssüflə müzakirə edən kişilər və bir də elə yoldaca kənarlarını qoparıb yeməyə tələsdikləri çörəyi gözləməkdən səbirsizlənən uşaqlar sıra ilə düzülürlər o kiçik dükanın önündə. Və hamını birləşdirən bir şey var orada: Çörək qoxusu...

Anamın saçlarımda qalan sığalının, üzünü heç vaxt görmədiyim nənəmin şipşirin nağılının, oxuduğum kitabların qoxusunun, yaz vaxtı yamyaşıl otlarının üzərinə uzandığım torpağın ətrinin, gözlərimin heç oyanmaq istəmədiyim çocuqluq yuxusunun, xalamın xəmir yoğuran o mehriban əllərinin və bir də ömrün "Ana və poçtalyon"lu o günlərin dustaq qaldığı illərin nişanəsidir çörək qoxusu...

P.S.  Bu gün dünyanın, az qala, bütün dietoloqları "Çörək orqanizm üçün zərərlidir, çörək yeməyin" - deyə əl-ələ, səs-səsə verib nə qədər haray-həşir salsalar da, mən bu çağırışı qəti qəbul eləmirəm. Çox demirəm, bir azca düşünün: görəsən, nəyə görə insan oğlu yarandığı gündən çörəyi müqəddəs bilib və onu həmişə ən uca yerdə saxlayıb? Evimizə, ölkəmizə gələn ən əziz qonaqları nədən duz-çörəklə qarşılayırıq, niyə atalarımız nankor insanlara bu gün ən sağlıqlı qidalar sayılan "Brokolisi, gül kələmi, cəfərisi, kabaçoku dizinin üstündə" yox, məhz "Çörəyi dizinin üstündə" deyiblər? Və ən nəhayət, nəyə görə məhz "Çörək bol olarsa, basılmaz Vətən" deyirik? 

Cavabını özünüz fikirləşin!.. 
 

 





25.10.2021    çap et  çap et