525.Az

Könül istər əzizləri görməyə - Pərvin Bəhməninin xatirəsinə


 

Könül istər əzizləri görməyə -<b style="color:red"> Pərvin Bəhməninin xatirəsinə</b>

Xatirəsi əziz olan insanların itkisi necə də ağır olur... Atam Cəmil Əkbəri, anam Firuzəni, qardaşlarım Müzadli, Zakiri, nurlu xatirələrini unuda bilmədiyim professor Pənah Qurbanovu, Türkiyədə 18 il bir qurumda çalışdığım professor  Babək Qurbanovu, kimya elmləri doktoru Rza Abbasoğlunu, el şairləri Bəhmən Vətənoğlunu, Əli Qurbanovu, Sazbənd Qəzənfəri, tədqiqatçı alim Şöhrət Səlimbəylini, Dədə-Qorqud timsallı Aşıq Mikayıl Azaflını  necə unudasan?! Mümkün deyil...

Bu qəlbimdə pünhanca yaşamaqdadırlar. Xatirəmdə yaşayan kişi qeyrtli, vətənpərvər şəxsiyyət, ayaqları altında cənnət olan müqəddəs ana timsallı xanım-xatın Pərvin Bəhməni də o siyahımda, qəlb dəftərimdə yaşamaqdaydı. Təssüf ki, bu bacımız da bizdən ayrılıb əbədiyyətə, Allahın rəhmətinə qovuşdu. Allah Rəhmət eləsin. Onun ölümünə çox heyfislənirəm. Hələ, xalq üçün görüləsi çox işlər, dəyərli xidmətlər yarımçıq qaldı. Pərvin xanımın arzuları, diləkləri ürəyinə, könül dünyasına sığmırdı. Nə qədər çalışsa da, yenə az olduğu düşüncəsində idi. 

Həssas ana, təvazökar insan, əxlaq sahibi, qadınlarımızın ana-bacı simvolu idi Pərvin xanım. Necə əzimli dözümlü, səbrli idi bu insan! Əzminə heyrət edirdim. Vətən naminə xidmətində saysız-hesabsız uğurlara imza atmışdı. Pərvin xanım bizlərə örnək, yol göstərən idi. Elmi tədqiqatımın bir bölümünün əsas istiqamətləndiricisi Pərvin xanım idi. Bunu mən bilirəm, Xurramdərəli ustad aşıq Gülabəli Davudbəyi bilir. Pərvin xanımın məsləhəti, tövsiyəsi ilə doğru yol tapıb Hafiz  Şirazinin, Sədi Şirazinin vətəninə qədəm qoyub tədqiqatıma övladının vəsiləsi ilə nail ola bildim. Aşıqlarla tanış oldum, haqq dünyasına qovuşmuş Aşıq İsmayıl Cəfərinin xanəgahında oldum, elmi tapıntılarımı dəftərçəmə, əslində, ürək dəftərimə qeyd edə bildim.

Oğlum Əlinin 8 yaşında Atatürk Universitetinin böyük səhnəsində kamanla verdiyi konsertin diskini ona hədiyyə etdim. Heyrətini gizlədə bilmədi. Tehranda evində müsafir olduğum zaman fürsət tapıb şəkil də çəkdirdik ki xatirə qalsın. Sən demə, adi bir foto-şəkil insan ömründən çox uzun imiş. İnsan oğlu bir gün bu fani dünyanı tərk edib gedər, fəqət bir kağız parçası, məktub və ya çəkilmiş şəkil yadigar qalar. Kaş şəkil olmayaydı, özü həyatda sağ qalaydı. 

Arzuları ürəyində qalaqlanıb dünyanı tərk etmək çox ağırdır. Mənim üçün, dostları, tanışları, əzizləri, onu yaxından tanıyanlar üçün Pərvin xanımın yaradıcılığı bundan sonra həyatının davamıdı. Təəssüf ki, göydə parıldayan Pərvin Bəhməni adlı dan ulduzumuzun biri də əbədi söndü...

Ruhu şad olsun!

 





26.10.2021    çap et  çap et