525.Az

Frankfurt kitab sərgisi və Nizami Gəncəvi


 

Frankfurt kitab sərgisi və Nizami Gəncəvi<b style="color:red"></b>

Mən kitabxanası olan evdə doğulmamışam. Babam Molla Həmzənin kitabları var idi. O kitablar da ərəb və fars dillərində olduğundan onların hamısının dua kitabları olduğunu düşünürdüm. Hərdən babamın yanına gedəndə onun oturduğu yerin arxasında dayanan qara cildli kitablara baxırdım. Kitablarda nə yazıldığını soruşanda, babamdan "Böyüyəndə öyrənəcəksən" cavabını alırdım. Sultanəli dayı Ramazan gecələrində kənd dükanında "Muxtarnamə" kitabından fəsillər oxuyurdu. Bu kitab kənddə Qurandan sonra ən önəmli kitab idi və hamı o kitabı hissə-hissə əzbərləmişdi.

Oxuyub-yazmağı öyrənəndən sonra atam aradabir İğdırdan kitab alıb mənə oxutdururdu. Bunlar daha çox Həzrət Əli cənklərli, "Əsli və Kərəm", "Şah İsmayıl və Gülizar" kimi xalq nağılları üslubunda yazılmış kitablar idi. Onları oxuyarkən valideynlərim sakitcə dinləyir, bəzi yerlərdə kədərlənirdilər. Məni dinləmələri xoşuma gəlirdi və kitabları daha həvəslə oxuyurdum. Zaman keçdikcə oxumaq yerlərim dəyişdi və kənd muxtarının evində, dükanlarda da  kitab oxumağa başladım. Eba Müslüm Horasanın min səhifəlik dastanını qış gecələrində bütün kənd camaatına oxumuşdum.

İlk böyük kitabxananı müəllim məktəbində gördüm. O illərdə futbol, voleybol və kinodan başqa əyləncəmiz yox idi. Bu səbəbdən də tez-tez o böyük kitabxanaya yollanırdım. Həmin kitabxanada türk və əcnəbi klassiklərlə tanış olmuşdum. O vaxta qədər kitab yarmarkalarının olduğunu bilmirdim.
Mən ilk dəfə 1986-cı ildə Frankfurt Kitab sərgisinə getmişdim. Hindistan sərginin fəxri qonağı idi və onların şüarı "Ənənədə dəyişim" adını daşıyırdı. Hindlilər nəhəng, rəngarəng sallalarla böyük mədəniyyətlərinin nümunələrini təqdim edirdilər. Kitab sərgisini böyük maraq və həvəslə gəzmişdim. Axşam evə gələndə çantam bir-birinə bənzəməyən müxtəlif kitablarla dolu idi.

Builki kitab sərgisinin qapısından içəri girəndə dilimdə Hötenin Nizami haqqında yazdığı bir şeiri vardı:

Ey Nizami, nəhayət,
Doğru yolu bizə göstərdiniz!
Bütün qovşaqların açarı
Sevgililərin görüşü idi.

Bir ildir üzərində işlədiyim "Nizami alman ədəbiyyatında" və "Nizaminin alman dilində aforizmləri" kitabları bütün yaddaşımı məşğul edirdi. Gecə-gündüz oxumalı olduğum alman şərqşünaslarının Nizami haqqında yazdıqları əsərlər mənə nə qədər zəngin bir dünya ilə üzləşdiyimi göstərdi. Bu gün buradakı o zəngin mədəniyyəti almanlara bir az təqdim etmək niyyətindəydim. Bilirdim ki, Nizami tanındıqca onun dərin fəlsəfəsinə, ədalətli dünyasına da diqqət yetiriləcək. Çünki dünyamızın tolerant, hər kəsi onun kimi görən bir fəlsəfəyə ehtiyacı var idi.

Sərginin əsas qapısından yazıçı Yücel Feyzioğlu və professor Mustafa Gencerlə içəri girəndə maraqla ətrafa baxırdım. Bu il sərginin meydanında nə qəribə geyinmiş manikenlər, nə də  müxtəlif mahnılar ifa edən musiqiçilər var idi. Halbuki mən hər il romanların, uşaq kitablarının qəhrəmanlarının bu meydanda gəzdiyini görürdüm. 1949-cu ildən Frankfurtda keçirilən dünyanın ən böyük və canlı kitab sərgilərindən biri olan Frankfurt Kitab sərgisi bu il pandemiya səbəbindən kifayət qədər sönük keçdi. Koronavirus səbəbiylə 2020-ci ildə açılmayan sərgiyə bu il 7 min deyil, yalnız 2 min nəşriyyat qatıldı. Sərt tədbirlərin görüldüyü sərgidə ziyarətçilərin marağı çox aşağı idi. Bəzi alman yazarlar yarmarkaya sağçı nəşriyyatlar və yazıçıların qatılmasına etiraz edən mühacir yazıçı və model Jasmina Kuhnkeyə dəstək verərək sərgini boykot ediblər. Jasmina Kuhnkenin atası Senaqal əsillidir və Almaniyada irqçilik, yabançı düşmənçiliyindən bəhs edən "Qara ürək" romanı ilə məşhurdur.

Bu il sərginin qonaq ölkəsi Kanada oldu. Kanadadan ümumilikdə 58 müəllif sərgidə iştirak edirdi. Sərgiyə qatılan sənətçilərdən bəziləri mühacir yazarlar idi. Haitidən Kanadaya qaçan Dany Laferriere və Vyetnamdan qaçan Kim Thuy kimi yazıçılar da sərgidə iştirak edirdilər.

Frankfurt Kitab sərgisində diqqəti cəlb edən digər məsələ isə Belarusla bağlı oldu. Belarusda ifadə azadlığının olmaması səbəbindən bu ölkəyə etiraz edilirdi.

Sərginin ikinci günü "Nizami ili" ilə əlaqədar olaraq Azərbaycan stendində bir proqram həyata keçirildi. Proqramda Azərbaycan Mədəniyyət Nazirliyindən Akif Marifli və Leyla Məmmədova, həmçinin, Azərbaycanın Berlindəki səfiri Ramin Həsənov, Baş Konsulluğun katibi Elman Muradov da iştirak edirdilər. 

Proqramı açan səfir Ramin Həsənov sərgi kimi böyük mədəni tədbirlərin insanlara böyük təsir göstərdiyini bildirdi. Nizami Gəncəvinin poeziyasına və şəxsiyyətinə diqqət çəkən səfir Nizami kimi şəxsiyyətlərin təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin dəyəri olduğunu, onun əsərlərindəki gücün bu gün də davam etdiyini dedi. Səfir Qarabağ məsələsinə və 44 günlük müharibəyə də toxundu və nəhayət, ədalətin bərqərar olduğunu bildirdi.

Doktor Naiba Turalın Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi tədbirdə Nizaminin həyatından nümunələr verdim və Avropa ədəbiyyatına təsirindən danışdım. Hammer von Purqstahl, Erdmann, Blacher, Ritter, Jacob Georg kimi alman şərqşünaslarının Nizami tərcümələrindən nümunələr verdim. Proqramı Almaniyada doğulan və hüquq fakültəsində oxuyan İrem Karabuğa təqdim etdi. Nizami mövzusu ona tanış olmasa da, alman dilində çox uğurlu təqdimat etdi və almanların verə biləcəyi bütün sualları verdi. Proqram zamanı Nizamidən həm alman, həm də Azərbaycan türkcəsində şeirlər oxuduq. İrəmlə birlikdə oxuduğum Nizaminin "Niyə" şeirini Naibe Tural Azərbaycan türkcəsində oxudu. Bundan başqa, gənc müğənni Şahvələd Nağıyev "Sevgili-canan"ı və "Qarabağ şikəstəsi"ni oxudu. Qarabağın avazı bütün zala yayıldı.

Proqramı yekunlaşdıran İrem alman dilində Qarabağ haqqında qısa məlumat verdi və bildirdi ki, Azərbaycanın bu gözəl bölgəsi həm də mədəniyyət paytaxtıdır.

Nizami proqramında dr.Hans Gunther Grigoleit, dr.Patrieja Grigoleit kimi alman yazıçıları ilə yanaşı, Kölndən olan yazıçı Yücel Feyzioğlu, Türkiyənin Köln Baş Konsulluğunun Təhsil Attaşesi, professor Mustafa Gencer, Köln Azərbaycan Evindən Altay Rüstəmli, Rəşad Quliyev, Mehmen Kərimov və Samir Həsənov da iştirak etdilər.

Frankfurt Kitab sərgisində Azərbaycandan maraqlı kitablar sərgiləndi. Sərgidə nəşr etdiyimiz almanca kitabları da var idi. Qərərgahı Bakıda yerləşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə nəşr olunan "Azərbaycan qadın şairləri antologiyası" və "Ömər Seyfəddin" kitablarından əlavə, Elçinin "Baş" və "Mahmud ilə Məryəm" , Kamal Abdullanın "Unutmağa kimsə yox", "Gizli Dədə Qorqud", Məmməd İsmayılın "İz" romanı və şair Nazim Əhmədlinin "Sevdiyim uzaq dəniz" kitabı, professor Çingiz Abdullayevin Almaniya üçün hazırladığı "Birlikdə 30+30" kitabı da sərgidə yer almışdı.

 





26.10.2021    çap et  çap et