Günümüzün ən dəhşətli xəstəliklərindən biri də hepatitdir. Elmə yeni məlum olan virus, müasir tibbin qarşısında aciz qaldığı bəla...Hər birimiz hepatit barədə eşitmişik, lakin onun fəsadları haqqında yetərincə bilgimiz yoxdur. Bu mövzunu araşdırmaqda da məqsədimiz sözügedən xəstəlik barədə az da olsa insanları maarifləndirməkdir. Mövzu günümüzdə kifayət qədər aktual olduğundan mütəxəssis rəyinə ehtiyac var. Buna görə də Avropa Qaraciyər Xəstəliklərinin Araşdırma Dərnəyi (EASL) və Rusiya Qaraciyər Problemlərinin Araşdırma Birliyinin (ROPİP) üzvü, Yoluxucu xəstəliklər üzrə mütəxəssis Hicran Xıdırova ilə görüşüb söhbət etdik.
–Hicran xanım, əvvəlcə hepatit barədə ətraflı məlumat verməyinizi istərdik.
–Hepatit qaraciyər toxumasının iltihabı deməkdir. Təəssüflər olsun ki, hepatit dedikdə bəzən hamının ağlına ilk növbədə virus hepatitləri gəlir. Lakin hepatit və ümumilikdə qaraciyər xəstəlikləri bir tək viruslar tərəfindən baş vermir, müxtəlif proseslər hepatitə səbəb ola bilər. Bura toksik maddələr (alkoqol,dərman və s), autoimmun proseslər, anadangəlmə alfa-1 antitripsin defisit və s. aid etmək olar. Virus hepatitlərə gəldikdə hepatotrop viruslar tərəfindən törənən A, B, C, D, E və s. növləri mövcuddur. Lakin qeyd etmək lazımdır ki, herpes viruslar da müəyyən hallarda qaraciyər toxumasının iltihabına səbəb ola bilər. Hepatit A isə botkin xəstəliyidir. Hepatit A kəskin gedişlə getdiyinə görə həmin xəstələrimiz vaxtında müalicə olunur və bu xəstəlikdə üstün cəhət ondadır ki, xronikləşmə getmir. Hepatit A digərlərinə baxanda tam sağalma ilə nəticələnir. Hepatit B və C-də də tam sağalma gedən variant olsa da, buna biz kəskin hepatitlərdə rast gəlirik, lakin çox zaman biz xroniki hepatitlə qarşılaşırıq. Kəskin formalı xəstələr 1 saylı Şəhər Klinik Xəstəxanasının infeksion şöbəsində müalicə alırlar. Xroniki formada xəstə bu virusu təsadüfi müayinə zamanı öyrənir. Çünki buna əbəs yerə yumşaq pəncəli yırtıcı demirlər. Bu xəstəlik özünü klinik simptomlarla biruzə vermir. Yəni qaraciyərin funksiyasını pozana qədər heç bir əlaməti olmur. Ona görə də xəstələrimiz təəssüf ki, çox zaman xronikləşmiş, gecikmiş formalarda bizə müraciət edirlər. Bütün dünya əhalisinin üçdə biri bu gün bu xəstəliyin daşıyıcısıdır. Bəzən öz valideynlərim mənə sual verirlər ki, bəs əvvəl niyə yox idi bu xəstəlik, bunu da təzə çıxartmısız? Deyirəm, niyə yox idi, var idi. Əvvəllər də qarnına maye yığılan, qaraciyər çatışmazlığından həyatını itirən var idi. Lakin indi çox yayılmasının səbəbi belədir.Gözəllik salonunda, bir diş həkiminin qəbulunda, ginekoloji müayinədə oluruq və əgər bizdən əvvəl bura hepatit xəstəsi gəlibsə, əşyalar düzgün strilizə olunmayıbsa avtomatik olaraq bu virus yayılır. Əgər bu xəstəliyin qarşısın almaq istəyiriksə, xəstəni müayinə etmədən onu prosedur etməməliyik.
–Bəzən xəstələr bu xəstəliyi daşıdıqlarını gizlədirlər.
–Mənim xəstələrim çox rahatlıqla həkimə gedəndə onlarda hepatit olduğunu deyirlər. Bəzən həkimlər təəccüblənir ki, nə əcəb xəstələr bildirirlər bunu. Təbii ki, narkotik istifadəçiləri burada istisnadır. Çünki onlarda nəinki bir, hətta iki, üç hepatit növü aşkar olunur. Bildiyimiz kimi, hepatit A və B-nin peyvəndləri var. Mən həmişə xəstə ilə gələn insanlardan soruşuram ki, siz müayinə olunmusunuzmu? İlk işim o insanı peyvənd etdirməkdir. Düşünürəm ki, bunu etsəm ən azı bir insanı bu bəladan qurtara bilərəm. Lakin bu iş kütləvi şəkildə aparılmalıdır. Tələbələr, şagirdlər arasında kütləvi hal almalıdır.
–Peyvənddən söz düşmüşkən, ölkədə vaksinasiya vaxtı-vaxtında yerinə yetirilirmi?
–2004-cü ildən Dövlət Proqramı var və bütün yeni doğulan körpələr hepatit B-yə görə peyvənd alırlar. C və digərlərinin hələ peyvəndləri yoxdur. Hepatit A və B-nin peyvəndləri mövcuddur.
–Xəstəliyin əlamətləri nədir?
–Çox tez yorulma, səbəbsiz baş ağrıları, depressiyaya meyllilik, yorğunluq, heç nəyə həvəs olmur, oynaqlarda ağrılar olur. Əgər vəziyyət daha ağır olarsa, bu zaman sağ qabırğanın altında narahatlıq, xəstə əyilib durub qəfil hərəkət edərsə, müxtəlif sancmalar ola bilər.
–İnsana hansı yollarla yoluxa bilər?
–Əgər xəstəyə yoxlanmadan qan köçürülərsə, bir şpris bir neçə xəstədə istifadə olunarsa. Bu, xüsusilə narkomanlara aiddir. Hepatitin növündən asılı olaraq məişət yolu ilə də yoluxma baş verə bilər. Virusun aktivlik göstəricisi yüksək olan xəstələrdə həm cinsi, həm də məişət yolu ilə yoluxma riski bir qədər yüksəlir. Hamilə qadınlarda isə dölə yoluxma zamanı hepatit C-də bu risk çox aşağıdır, B-də isə aktivlik dərəcəsinin dəyişməsi ilə əlaqədar olaraq fərqlidir. Aktivlik dərəcəsi yüksək olan analar daha çox ehtimal var ki, bu virusu uşağa ötürəcək.
–Əgər anada hepatit varsa və birinci uşağa keçibsə, ikinci uşağa da keçmə ehtimalı varmı?
–Əgər ana hepatit B-dirsə və birinci uşağa ötürübsə, arada heç bir müalicə almayıbsa, əlbəttə ki, bu risk var. Lakin körpəsinə və özünə hörmət edən ana mütləq yoxlanmalıdır. Heç olmasa ana ikinci körpəsini qorumalıdır. Çünki hepatit təkcə tibbi deyil, həm də sosial bəladır. Bunun müalicəsi xəstəni yorur, burada maddiyyət var.
–Hepatitin müalicəsi nədən ibarətdir?
–Müalicə virusun tamamilə neytrallaşdırılması, qandan təmizlənməsindən ibarətdir. Əgər müalicə etdikdən sonra bu virus molekulyar analiz nəticəsində tapılmırsa bu zaman biz xəstəni təbrik edə bilərik . Bu müalicə dörd həftədən sonra da, on bir həftədən sonra da səmərə verə bilər. Təbii ki, orqanizmdən asılır. Müalicənin müddəti də fərqlidir.
Bu zaman biz xəstəni nəzarətə götürürük. Üç ay sonra yenə müayinə olunur, altı ay cavab neqativdirsə artıq bu, xəstədə virusun təmizlənməsinə dəlalət edir. Əgər o xəstə dietasına riayət edəcəksə, kişidirsə içməyib, çəkməyəcəksə, heç bir aktivləşmə müşahidə etmirik. Lakin həmin xəstə mütləq mütəmadi həkimlə təmasda olmalıdır.
–Sizin xəstələrdən tam sağalan var?
– Çoxdur...
–Mənim araşdırmalarım onu göstərdi ki, hepatit C-də qaraciyərdə sirroz əmələ gəlir. Bəs sirrozu şiddətləndirən risk faktorları nədir?
–Bütün hepatitlərdə sirroz baş verə bilər. Sirroz qaraciyərin geri dönməyən diiffuz iltihabı prosesidir. Cəmiyyətdə hepatit C daha dəhşətli xəstəlikdir fikri formalaşdığı üçün hamı elə bilir, sirroz təkcə burda yaranır. Şəxsən mənə hepatit C xəstəsi rast gəldikdə daha rahat oluram, nəinki B. Çünki konkret nə edəcəyimi bilirəm. Xəstənin analizlərinə baxıram. Artıq bizim əlimizdə beynəlxalq terapevtik opsiyalar var. Hansı ki, mənim xəstəm o analizlərlə xarici bir ölkəyə getsə də eyni müalicəni edəcəklər. Çünki təsdiq olunan qaydalar var. Azərbaycanda da 2009-cu ildən hepatit C-nin müayinə və müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə protokol imzalanıb. Heç bir həkimin həmin protokoldan kənara çıxmağa ixtiyarı yoxdur.
–Hepatit xəstəsi üçün konkret qidalanma rejimi mövcuddurmu?
–Bəli, belə xəstələr daha çox yağlı yeməklərdən, qızartmadan, ədviyyatlardan, tomat, ketçup, mayonez və s. uzaq olmalıdır. Mən hər xəstəmlə bu maariflənmə işlərini aparıram. Ona dieta və buklet verirəm ki, oxuyun və nə etmək lazım olduğunu bilin.
–Ümumiyyətlə hepatiti hansı həkim müalicə etməlidir?Ölkədəki mütəxəssislərin fəaliyyəti sizi qane edirmi?
–Hepatiti müalicə etmək üçün üç qrup həkimlərə icazə verilir. Yoluxucu xəstəliklər üzrə mütəxəssislər, yəni infeksionçu, terapevt və qastreontoloqlar. Bunların hər birinin öz məqamında yeri var. Əgər xəstə kəskin hepatitlə gəlibsə, onunla infeksionçu məşğul olmalıdır. Əgər xəstədə xroniki proses gedirsə, bu zaman terapevt məşğul olur.Qastreontoloqlar xəstədə qatreoloji problemlər yarananda lazım olur. Bu gün tibb elmi əvvəlki illərlə müqayisədə inkişaf edib, əlaqələrimiz artıb. Lakin həkim məncə ölən gününə qədər oxumalıdır. Əslində həkim xəstəliyi deyil, xəstəni müalicə etməlidir. Məncə bu gün bu işlər uğurla yerinə yetirilir. Yetər ki, xəstə zamanında həkimin yanına gəlsin.
–İnsan özünü necə qorumalıdır ki, bu xəstəliyə yoluxmasın?
–İlk görəcəyi iş müayinə olunub peyvəndi almaqdır. Gözəllik salonunda olarkən öz alətlərindən istifadə etməlidir, stomatoloq qəbulunda olarkən yeni sterilizə olunan alətlər tələb etməlidir. Ailə daxilində də ümumi dırnaq qayçısından istifadə olunmamalı, mütləq diş fırçaları qapaqlı olmalıdır və s.
–Son sualım: hepatit xəstələrinin sayı haqqında statistika mövcuddurmu?
–Bütün dünyada qaraciyər xəstələri artmaqdadır. Bu, tək hepatitə aid deyil. Eyni zamanda qaraciyər piylənməsi və digər xəstəliklər də var. Ötən il Avropa Qaraciyər Xəstəlikləri dərnəyinin konfransında bütün dünyadan 9000-dən çox həkim iştirak etmişdi. Bu onu göstərir ki, dünyada bu xəstəlik artmaqdadır. Bu da ekologiya, qidaların tərkibi, yaxud narkomaniya, alkoqola meylin artması ilə bağlıdır.
Bəli, çox təəssüflər olsun ki, bu gün hepatit xəstəliyini daşıyanların sayı artmaqdadır. Bizim öhdəmizə düşən isə bununla bağlı maarifləndirmə işi aparmaqdır.
P.S. Qeyd edim ki, Azərbaycanda bu xəstəliklə əlaqədar Hicran xanımın WWW.hepatitis.az saytı fəaliyyət göstərir. Xəstəliklə bağlı istənilən suala bu saytda cavab almaq olar.
Samirə QULİYEVA
çap et