525.Az

Yazılı mediaya qarşı ayrı-seçkilik - Afaq Rza yazır...


 

ONLAYN MEDİANIN KÖLGƏSİNƏ SIXIŞDIRILAN ƏNƏNƏVİ MƏTBUAT

Yazılı mediaya qarşı ayrı-seçkilik -<b style="color:red"> Afaq Rza yazır...</b>

İnformasiya və kommunikasiya texnologiyalarının böyük sürətlə inkişafı onlayn medianın əhatə dairəsinin zaman keçdikcə daha da genişlənməsinə səbəb oldu. Yeni medianın təşəkkül tapması ilə paralel olaraq yeni oxucu kütləsinin formalaşması ənənəvi medianın fəaliyyətinə təsirsiz ötüşmədi. Bu dalğada ən çox zərər çəkən yazılı media olsa da, yaranmış çətinliklərə baxmayaraq, mətbuat bir sıra spesifik peşəkar üstünlükləri sayəsində öz çəkisini və yerini saxlamağa çalışdı. Təsadüfi deyil ki, informasiya texnologiyalarının tərəqqisi baxımından dünyanın bizdən qat-qat öndə olan ölkələrində indinin özündə də ənənəvi media öz çəkisini qoruyub saxlayır. Bu gün nəinki dünyanın nəhəng meqapolislərində, hətta bir sıra qabaqcıl Avropa ölkələrinin kiçik qəsəbələrində belə, gündəlik 30 min tirajla çap edilən mətbu nəşrlər var və bu çap məhsulları hər gün 70-80 faiz satılır. 

Bu proseslər və problemlər təbii olaraq bizim ölkəmizdə də yaşandı. Bu zaman dünya mediası üçün xarakterik olan və yuxarıda sadalanan amillərdən əlavə, Azərbaycan mətbuatı digər bir sıra spesifik problemlərlə də üz-üzə qaldı: ölkədə reklam bazarının həddindən artıq məhdudluğu, yazılı mətbuatın yayımı sahəsində ortaya çıxan çətinliklər, xüsusilə də əyalətlərdə, ucqarlarda mətbuatla təmasın kifayət qədər əlçatan olmaması, eləcə də digər bir sıra obyektiv və subyektiv məqamlar ucbatından vəziyyət daha mürəkkəb idi. Ölkə mətbuatının belə acınacaqlı durumunda məsələyə dövlət başçısı müdaxilə etdi. Azərbaycan Prezidenti yazılı mətbuata mütəmadi dövlət yardımının göstərilməsi məqsədilə rəsmi qurumun yaradılması haqqında sərəncam imzaladı. 

On ildən çoxdur ki, ölkədə nəşr edilən çap məhsulları üçün əsas donor rolunu oynayan bu mütəmadi yardım bilavasitə Azərbaycan dövlətinin, onun başçısının mətbuatına diqqətinin, onun qorunub saxlanılmasında və inkişafında maraqlı olmasının təzahürüdür. Əslində, bu, həm də o deməkdir ki, ən müxtəlif təyinatlı hökumət və dövlət qurumları da bu prinsipləri nəzərə almağa borcludur. Amma təəssüf ki, bir çox hallarda yazılı media bunun əksi ilə üzləşir. Ənənəvi mətbuata qarşı müşahidə olunan bu laqeydlik, ayrı-seçkilik, xüsusilə də son vaxtlar bir qədər də intensivləşib. İşğaldan azad olunmuş ərazilərə axır vaxtlar müxtəlif dövlət qurumlarının təşkil etdikləri mütəmadi mediaturlar zamanı ənənəvi mətbuat təmsilçilərinin, yumşaq desək, unudulması və belə halların dəfələrlə təkrarlanması bu biganə münasibət fikrinin xeyli əsaslı olduğu təsəvvürünü yaratdı. Halbuki işğal olunmuş ərazilərdən ən dolğun, əhatəli, peşəkar yazıların böyük əksəriyyətini elə bu mediaturların bəzilərinə dəvət alan ənənəvi mətuat təmsilçiləri yazdılar. Biz çox sayt və portallar informativ xarakterli bir-iki xəbərlə, əksər televiziya kanalları 3-5 dəqiqləlik süjetlərlə kifayətləndikləri halda, qəzetlər öz səhifələrində bir-birindən fərqlənən əhatəli reportaj və yazılara böyük şövq və səxavətlə yer ayırdılar. Özü də bunlar təkcə torparlarımız işğaldan azad ediləndən sonra olanlardır. Etiraf etmək lazımdır ki, torpaqlarımızın işğal altında olduğu bu 30 ildə Qarabağ ağrısını daima yaşadan, tarixi yurd yerlərimizin unudulmasına, insanlarımızın yaddaşının öləziməsinə imkan verməyən məhz ənənəvi mətbuat orqanları - qəzet və jurnallarımız idi.

Bəs, yazılı mediaya bu laqeyd münasibətin səbəbi nədir və bu tendensiya haradan, nədən qaynaqlanır? Bu sualların cavabını həm media rəhbərlərindən, həm də haqqında danışdığımız mediaturları təşkil edən hökumət və dövlət qurumlarının təmsilçilərindən soruşmaq istədik.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu hesab edir ki, bunun səbəbləri çoxdur. Onun fikrincə, dövlət qurumlarının qəzetlərə münasibəti ümumi informasiya siyasətinin vacib və əsas məqamıdır: "Əgər qəzetlərə qarşı laqeydlik varsa, bu, birbaşa dövlətin informasiya siyasətinə laqeydlik deməkdir. Bu, necə ola bilər? O cür laqeydlik göstərən qurumlar hansı əsrdə yaşadığımızın fərqində deyillər ki? Biz informasiya cəmiyyətində yaşayırıq və bu gün hər şey informasiyanın, informasiya siyasətinin nə qədər çevik həyata keçirilməsindən asılıdır. Hər kəs bu reallığı qəbul etməlidir. Bu gün iki cür yaddaş bankı var: yazılı yaddaş (çap) və elektron yaddaş. Ciddi ölkələr, ciddi təsisatlar hər iki yaddaş növündən istifadə edirlər. Çünki elektron yaddaşa etibar yoxdur. Sabah-birigün hansısa səhvin ucbatından internetə virus düşə bilər. Bununla da, elektron yaddaş bir anın içində yoxa çıxar. Necə ki, bir səhvin nəticəsində COVİD-19 pandeniyası yarandı. Bu təhlükə həmişə var. Bu mənada yazılı yaddaş ən etibarlı mənbədir. Onu  əvəz etmək hələ ki, mümkün deyil. Çap mediasına belə laqeyd münasibət qəbuledilməzdir". 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çap mediasının mətbuatın əlifbası olduğunu bildirib: "Kimin nə deməyindən, yaxud necə düşünməyindən asılı olmayaraq, informasiya və kommunikasiya texnologiyaları inkişaf etdikcə, texnoloji yeniliklər nəticəsində yaranan media subyektləri növbəti yeniliyin ortaya çıxması səbəbindən öz mövqelərini itirəcək, arxa plana keçəcək və yaxud tamamilə sıradan çıxacaqlar, amma qəzetlər yerini, mövqeyini və ənənələrini itirməyəcək, hər zaman medianın "ata"sı olaraq qalacaq. Ola bilsin ki, kimlərsə yeni dalğanın sürətlə dəyişən dinamikasının axarında bu həqiqəti görmək istəmir, özlərinin virtual "gerçəkliyi" reallıq kimi qəbul etdirmək istəyirlər. Amma bu o demək deyil ki, adi bir qısaqapanmanın sıradan çıxara biləcəyi virtual "gerçəklik" insana xas olan bütün duyğuların qəbul etdiyi reallıqlardan daha üstündür".

Hər zaman ənənələr üzərindən tətbiq olunan yeniliklərin tərəfdarı olduğunu qeyd edən baş redaktora görə, ənənələri, nəsillərarası körpüləri qoruyub saxlayan cəmiyyətlər hər zaman daha böyük və dayanıqlı uğurlara nail olur: "İndi, təəssüf ki, bir sıra sahələrdə islahatçılıq ənənələrin və faydası olan köhnənin tədricən tamamilə sıradan çıxarılması kimi təqdim olunur. Cəmiyyəti ayaq üstə saxlayan dəyərlər olduğu kimi, medianın da mövcudluğunu təmin edən ənənələr var. Bu ənənələrin sıradan çıxarılması yaxşı heç nə vəd etmir. Elə vərdişlər və strateji əhəmiyyət kəsb edən məsələlər var ki, onlar illərlə formalaşır. Cənab Prezident ölkədə həyata keçirilən islahatların yeni mərhələsinin anonsunu verəndə təcrübəylə dinamizmin, çevikliyin vəhdətindən söz açmışdı. Nəsillərarası körpülərin qorunması olduqca vacib şərtdir. Bu yanaşma bütün digər sahələrdə, o cümlədən, media sektorunda da özünü büruzə verməlidir. Bu gün Azərbaycanın çap mediasının yükünü daşıyan insanların böyük əksəriyyəti milli mətbuatımızın klassik ənənələrin daşıyıcılarıdır və ölkəmizə, cəmiyyətimizə indikindən daha çox fayda vermək iqtidarındadırlar. Media podium, yaxud vitrin deyil. Mahiyyəti də qoruyub saxlamaq lazımdır".

Dediyimiz kimi, məsələ ilə bağlı işğaldan azad olunmuş ərazilərə mediaturların təşkilini həyata keçirən hökumət və dövlət qurumlarının bir neçəsinin mətbuat sözçüsünə də müraciət edərək, mediaturların təşkili zamanı media orqanlarının hansı prinsip və meyarlarla əsasında seçildiyini öyrənməyə çalışdıq. Cavablar demək olar ki, eyni idi. Danışanların hər biri məsuliyyəti yuxarı instansiyaların üsünə ataraq bu məsələninin özlərinin səlahiyyətinda olmadığını bildirdilər: "Bizə hazır siyahılar gəlir, o siyahılarda hansı media orqanlarının adları göstərilirsə, biz də onları dəvət edirik". 

 





27.10.2021    çap et  çap et