525.Az

Koronavirus Rusiyanı əsir alıb - Xaqani Cəfərli yazır


 

Koronavirus Rusiyanı əsir alıb -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyada koronavirus hər gün mindən artıq can alır. Rəsmi məlumatlar tam gerçəkliyi əks etdirməsə belə, koronavirusla bağlı rəsmi statistika Rusiyada vəziyyətin nə qədər qorxunc olduğunu göstərir. Rusiyanın yeganə müstəqil qəzeti "Novaya qazeta" yaşananları obrazlı şəkildə "Hər gün bir alay həlak olur" kimi dəyərləndirib. Məlum olduğu kimi, alay hərbi hissədir və belə hərbi hissələrdə mindən artıq əsgər olur. Rəsmi məlumatlara görə, oktyabr ayının 19-dan etibarən hər gün 1000 nəfərdən artıq  insan koronavirusun qurbanı olur.

Rəsmi statistika şübhəli və mübahisəli olsa da, Rusiya koronavirusa yoluxanların ölüm faizinə görə dünyada birincidir. Bu ölkədə koronavirusa yoluxanların 2.8 faizi həyatını itirdiyi halda, ABŞ-da yoluxanların 1.6, Hindistan 1.3, Yaponiyada 1.1 faizi COVİD-19 virusunun qurbanı olur. Rusiyada yaşanan qorxunc vəziyyətin iki əsas səbəbi var. Birinci səbəb odur ki, Rusiyada peyvənd olunanlar əhalinin cəmi 33 faizini təşkil edir. Halbuki bu göstərici ABŞ-da 57 faizdən çox, Yaponiyada 70 faizə qədərdir. Hindistanda tam peyvənd olunanların faizi Rusiyadan az olsa da, ümumilikdə Rusiyanın ümumi əhalisinin sayından iki dəfə çoxdur - bu ölkədə 300 milyon insan tam peyvənd olunub.

Rusiya COVİD-19 virusuna qarşı peyvənd kəşf edən ilk dövlətlərdən olsa da, əhalinin peyvənd olunmasında əksər ölkələrdən geri qalır. Bunun isə iki əsas səbəbi var. Birincisi, Rusiyada "Sputnik V" peyvəndi kəşf edildikdən sonra hakimiyyət əhalinin peyvəndlənməsini təşkil etmək, bu prosesi sövq etmək əvəzinə, peyvəndə xarici siyasətin təsir aləti və gəlir gətirəcək mal kimi baxmağa başladı. Hətta bir müddət "Sputnik V"dən Qərb ölkələri arasında fikir ayrılığı yaratmaq məqsədi ilə istifadə edilməyə cəhd göstərildi. Ötən ilin sonları, bu ilin əvvəllərində neft və təbii qazın qiymətləri aşağı olduğu üçün Rusiya hakimiyyəti peyvənddən gəlir mənbəyi olaraq istifadə etmək istədi. Bunun üçün də çoxsaylı ölkələrə "Sputnik V" satmağa başladı. Rusiya hakimiyyət orqanlarının peyvəndin satışından 27 milyard dollar gəlir götürmək niyyətində olduqları da məlum idi. Halbuki Rusiya xaricdən gələn tələbləri qarşılamaq imkanlarına malik deyildi və istehsal olunan peyvəndin böyük hissəsini müqavilə öhdəliyi olduğu ölkələrə göndərirdi. Bu isə ölkə daxilində peyvəndlənmə prosesin ləngitdi. Yeri gəlmişkən qeyd edək ki, Rusiya "Sputnik V" peyvəndini satıb gəlir götürməyə çalışdığı günlərdə, İsrail "Pfizer/BioNTech" peyvəndini Avropa ölkələrindən iki qat bahasına, bir dozası 23 avroya alaraq vətəndaşını xilas etməyə çalışırdı. Bu gün İsrail koronavirusa yoluxanlar arasında ölüm faizinin aşağı olmasına görə dünya ölkələri arasında öncül yerlərdən birini tutur. Məlumat üçün qeyd edək ki, İsraildə koronavirusa yoluxanların yalnız 0.6 faizi COVİD-19 virusunun qurbanı olur.

Rusiya iqtidarı "Sputnik V" peyvəndindən xarici siyasətdə təsir və büdcə gəlirlərini artırmaq aləti kimi istifadə etməklə yanaşı, Şimal qonşumuzda COVİD-19 virusunun mövcudluğunu şübhə altına alan, peyvəndin insanları nəzarət altına almaq üçün düşünülmüş alət olduğunu aşılayan təbliğata da meydan verildi. Media üzərində tam nəzarətə malik olan iqtidar bu təbliğatın qarşısını almaq üçün heç bir ciddi tədbir görmədi. Eyni zamanda, Rusiya cəmiyyətində sosial kapitalın aşağı olması da şayiələrin geniş yayılmasına imkan verdi.

Ümumiyyətlə, sosial kapitalın aşağı olduğu ölkələrin cəmiyyətlərində rəsmi məlumatlara və mütəxəssis rəylərinə etmad çox aşağıdır. Belə vəziyyət isə şayiələrin geniş yayılmasına imkan verir. Belə halların qarşısını almaq üçün iqtidar təmsilçiləri şəxsi nümunə göstərməklə cəmiyyətdə etimad yarada bilərlər. Məsələn, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrin liderləri peyvənd olunduqlarını açıqladılar və bunu təsdiq edən video, foto və sənədləri yayımladılar. Bu prosesə tanınmış şəxslərin də cəlb edilməsi əksər ölkələrin cəmiyyətlərində peyvəndin zəruriliyinə etimad yarada bildi. Rusiya isə bu təcrübələrin heç birindən istifadə etmədi. Buna görə də bu gün Rusiyada peyvəndə qarşı ciddi inamsızlıq mövcuddur.
Rusiyada koronavirusun tüğyan etməsinin ikinci səbəbi isə səhiyyə xidmətinin aşağı səviyyədə olmasıdır. Ekspertlər qeyd edirlər ki, 2010-cu ildə keçirilən səhiyyə islahatları əslində, Sovet dövründən qalmış tibb müəssisələrinin əksəriyyətinin bağlanmasına səbəb olub. Səmərəsiz xəstəxanaları bağlamaq adı altında külli miqdarda tibb müəssisəsi bağlandığı üçün cəmiyyətin önəmli bir qismi faktiki olaraq səhiyyə xidmətindən məhrum olub.

Bütün bu səbəblərin nəticəsi olaraq Rusiyada koronavirus tuğyan edir və hər gün bir alayın əsgəri sayda insan COVİD-19 virusunun qurbanı olur. Rusiya hakimiyyəti isə çıxış yolunu qadağaları sərtləşdirməklə lokdaun (lockdown) tətbiq etməkdə görür. Məsələn, Rusiyanın iri şəhərlərində qarşıdan gələn qeyri-iş günlərində restoranlar, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları işləməyəcək. Eyni zamanda, muzey, teatr, zoopark, hamam və stomatoloji kabinetlər də fəaliyyət göstərməyəcək. Ən ciddi təcrid isə 60 yaşdan yuxarı şəxslərə tətbiq olunacaq. Belə ki, peyvənd olunmamış 60 yaşdan yuxarı şəxslərə küçəyə çıxmaq qadağan edilir, sosial sığorta kartları bloklanır. Bütün bunlar koronavirusun əlində əsir qalan Rusiyanın hakimiyyət orqanlarının məcburiyyətdən atdığı addımlardır. Rusiya rəsmiləri gec də olsa, koronavirus təhlükəsini anlayıblar. Ancaq bu tədbirlərin, rəsmi statistikaya görə, koronavirusun qurbanı olan 225 mindən artıq insana heç bir faydası olmayacaq. Rəsmi məlumatlar nə qədər qorxunc olsa da, ekspertlər gerçəkliklərin daha vahiməli olduğunu bildirirlər. Ekspertlərə görə, koronavirusla bağlı gerçək vəziyyət rəsmi məlumatlarda əksini tapan statistikadan ən azı iki dəfə artıqdır. Bu isə Rusiyanın koronavirusa əsir düşdüyünü bütün çılpaqlığı ilə göz önündə canlandırır.  
 

 





27.10.2021    çap et  çap et