525.Az

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir


 

Azərbaycanda NATO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilir<b style="color:red"></b>

Oktyabrın 27-də NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans öz işinə başlayıb.

525.az xəbər verir ki, konfransın açılış mərasimində Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 20-yə yaxın ölkəni, o cümlədən Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç və Qazaxıstanı, müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA prezidenti, akademik Ramiz Mehdiyevin giriş nitqini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  O, bir sıra mühüm aktual problemlərin müzakirəsi və həlli yollarının axtarışına həsr olunmuş beynəlxalq konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 

IV sənaye inqilabının təsiri ilə dünyada yeni reallıqların meydana gəldiyini söyləyən AMEA-nın vitse-prezidenti Əşyaların İnterneti texnologiyalarının və kiberfiziki sistemlərin insan fəaliyyətinin bütün sferalarına – idarəetməyə, hərbi sahəyə, iqtisadiyyata, sənaye və kənd təsərrüfatına, rabitə və nəqliyyat infrastrukturuna, müxtəlif kritik fəaliyyət sahələrinə tətbiqi sayəsində bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Akademik İsa Həbibbəyli virtual məkanda potensial və mövcud olan təhlükələrlə, kiberhücumlarla mübarizə aparılması, etibarlı kibermüdafiə sisteminin yaradılması, milli və qlobal səviyyələrdə bütün növ resursların səfərbər olunması, beynəlxalq hüquq çərçivəsində yeni tənzimləyici mexanizmlərin işlənməsi, ölkələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, alimlərin məqsədyönlü araşdırmalar aparmalarının önəmindən bəhs edib. O, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən çox əhəmiyyətli qərarların qəbul olunduğunu, müvafiq dövlət orqanlarının öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə həyata keçirdiklərini diqqətə çatdırıb.

Vitse-prezident bildirib ki, yeni çağırışları və reallıqları əsas götürən Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin yaxın gələcək üçün prioritet istiqamətlərindən biri də məhz IV sənaye inqilabının yaratdığı kompleks problemlərin tədqiq edilməsi, cəmiyyətin bütün sferalarının kompleks təhlükəsizliyinin təmin edilməsinin elmi-nəzəri problemlərinin araşdırılmasından ibarətdir.

İsa Həbibbəyli NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyilə keçirilən mötəbər konfransı Azərbaycan-NATO əməkdaşlığına mühüm töhfə kimi qiymətləndirib, buna görə NATO rəhbərliyinə Azərbaycan elmi ictimaiyyəti adından dərin minnətdarlığını bildirib.

O, həmçinin yüksək səviyyəli konfransın təşkilinə görə Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinə və AMEA İnformasiya Texnologiyaları İnstitutuna təşəkkür edib. Alim Polşa ilə Azərbaycanın dost və tərəfdaş ölkələr olduğunu, bu əlaqələrin dərin köklərə söykəndiyini söyləyib: “Kibertəhlükəsizlik sahəsində Azərbaycan və Polşa alimlərinin əməkdaşlığını yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün yüksək potensial mövcuddur”.

Nitqinin sonunda İsa Həbibbəyli “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın kibertəhlükəsizliklə mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması, qabaqcıl biliklərin paylanması, xarici ölkələrin qabaqcıl elm mərkəzləri, universitetləri ilə gələcək əməkdaşlıq münasibətlərinin qurulması nöqteyi-nəzərindən çox böyük imkanlar yaradacağına əminliyini ifadə edib.
Daha sonra NATO-nun rəsmi nümayəndəsi James Appathurai, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Vüsal Xanlarov, Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsinin rəhbəri, Beynəlxalq Layihələr Üzrə Koordinator, baş tədqiqatçı, professor Jacek Gajewski, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, ATƏT-in Orta Asiyada gömrük işi üzrə beynəlxalq eksperti, gömrük xidməti general-mayoru, texnika elmləri doktoru, professor İqbal Babayev, İnternet Şöhrət zalının çağırışçısı George Sadowsky, AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, AMEA İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Stokholm Universitetinin professoru Oliver Popov çıxış edərək, tədbirin önəmindən bəhs edib, konfransın işinə uğurlar arzulayıblar.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev beynəlxalq tədbirin qonaqlarını, təşkilatçılar, iştirakçılar və media nümayəndələrini salamlayıb.

Akademik Rasim Əliquliyev belə bir mühüm konfransın təşkilində göstərdiyi dəstəyə görə NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramına minnətdarlığını ifadə edib. Alim NATO ilə Elmlər Akademiyasının əməkdaşlığının 2003-cü ildə təsis edilmiş “Virtual ipək yolu” layihəsindən başlandığını söyləyib. O, bugünkü konfransda Industry 4.0 inqilabının çağırışları nəticəsində meydana çıxan Əşyaların İnterneti infrastrukturlarının, kiberfiziki sistemlərinin, bir sözlə, əməliyyat texnologiyalarının kibertəhlükəsizliyi problemlərinin müzakirəsi və həll yolları ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

Rasim Əliquliyev qeyd edib ki, CPS-lərin kibertəhlükəsizliyi ənənəvi informasiya-kommunikasiya sistemlərinin kibertəhlükəsizliyindən fərqli olaraq, cəmiyyətin müxtəlif təyinatlı kritik texnoloji infrastrukturlarının dayanıqlı və etibarlı fəaliyyət göstərməsinin təmin olunması vəzifələrini qarşısına prioritet məqsəd qoyur.

Vtse-prezident konfransa təqdim olunan məruzələrin cəmiyyətin müxtəlif sferalarında süni intellekt və Əşyaların İnterneti texnologiyalarının geniş tətbiqini, onların kibertəhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan nəzəri və praktiki problemlərin araşdırılmasına həsr olunduğunu bildirib O,  tədbir çərçivəsində səmərəli müzakirələrin aparılacağına, gələcək üçün yeni elmi layihələrin əsasının qoyulacağına inamını ifadə edib.

Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfransın seksiya iclaslarında “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaq.
 

 





28.10.2021    çap et  çap et