525.Az

"1 il əvvəlki Elvin hara, indiki hara..." - Elvin Hüseynov


 

"KİMDƏ KERMİT GÖRSƏM, SEVİNİRƏM Kİ, YƏQİN HƏMİN OYUNCAĞI MƏNDƏN ALIB"

"1 il əvvəlki Elvin hara, indiki hara..." -<b style="color:red"> Elvin Hüseynov</b>

"Kermitiya" onlayn satış mərkəzinin sahibi Elvin Hüseynov karyera və ümumi biznes uğurlarının sirləri ilə bağlı suallarımızı cavablandırdı. 

***

- Elvin, özün haqqında danışsan, ilk növbədə nə deyərdin? 

- 20 yaşım var. Əslən gürcüstanlıyam, Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm, alman dili üzrə təhsil alıram. "Kermitiya" onlayn satış mərkəzinin sahibiyəm. 

- "Kermit" nədir? 

- "Kermit" populyar parodiya kuklasıdır. İlk dəfə 1955-ci ildə Cim Henzon tərəfindən təqdim olunub. Hazırda isə məşhur "Walt Disney" şirkətinin simalarından biridir. Bir çox film və cizgi filmlərdə də yer alıb. Ölkəmizdə isə ən çox sosial şəbəkələrdə məşhurlaşıb. Xüsusilə də gənclər bir-birləri ilə yazışarkən kermit "stikerlərindən" bolca istifadə edirlər. 

- Yeni işə başlamaq hər zaman risklidirmi? 

- Uşaqlıqdan həmişə ağlımda biznesə girişmək olub. Ancaq necə edəcəyim barəsində çox fikirləşsəm də, bu, bir nəticə verməyib. Nəzərə alsaq ki, kermit oyuncaqlarından ölkəmizdə ümumiyyətlə yoxdur, mən iki halla qarşılaşa bilərdim. Birincisi, ya gətirdiyim bütün oyuncaqlar rahat şəkildə satılacaqdı, ya da insanların buna ehtiyacı olmadığı üçün ümumiyyətlə maraqlanmayacaqdılar. Bu cəhətdən düşünürəm ki, böyük risk almışam. 

- Necə oldu ki, belə bir işə başlamaq qərarına gəldin? 

- 6 ay sadəcə araşdırmalar etdim. Kermiti Azərbaycana gətirsəm, necə olar? Xeyirmi taparam, ziyanmı çəkərəm? Hansı ölkələrdən gətirməliyəm? Necə gətirməliyəm? Cəmi 40 manat büdcə ilə belə bir işə başlamaq nə dərəcədə realdır? Bu riskləri aldım və ilk sifarişimdə bir neçə kermiti Çindən ölkəmizə gətirtdim. instaqram səhifəmdə paylaşdıqdan sonra cəmi yarım saat içində bütün kermitlər satıldı. Bu mənə stimul verdi ki, mütləq davam edim. Bu dəfə ikiqat büdcə ilə yeni sifarişlərimi verdim və onlar da bir gün içində satılıb bitdi. 

- Heç olubmu ki, nəticələr səni qane etməsin və ruhdan düşəsən? 

- Elə zamanlar olub ki, mən ümumiyyətlə ziyana işləmişəm. Nəqliyyatın işləmədiyi zamanlar sifarişlərin hamısını hərdən taksi ilə, hərdən də dost-tanışın maşını ilə çatdırmağa məcbur olurdum. Xeyirin yarısından çoxunu yollarda qoyurdum. 

- Sənə ən çox kimlər dəstək oldu və kimlərdən dəstək gözləyirsən? 

- Bütün insanlar. İnsanların marağı və diqqəti məni sevindirir. Bu məsələdə məni əsas sevindirən həm də odur ki, insanlar məhz mənim tapdığım ideyanı seviblər. Onlar kermiti aldıqdan sonra öz sosial şəbəkə hesablarında oyuncaqla şəkillərini, videolarını paylaşırdılar. Bu da çox qısa bir zaman içində ölkəmizdə də populyarlaşmasına gətirib çıxardı. Hazırda yolla gedərkən kimdə kermit görsəm, sevinirəm ki, yəqin həmin oyuncağı məndən alıb. Yalan olmasın, hər 10 maşından birinin içində kermit görmək olar. Dəstəyə qalanda isə, elə bütün insanlardan dəstək gözləyirəm. 

- Bu, sənin birinci işindir, yoxsa sadəcə hobbin? 

- Mənim həqiqətən də biznesə böyük marağım var. Bəlkə də inanmazsınız, amma hələ uşaq yaşlarımdan "böyüyəndə nə olacaqsan?" sualına "biznesmen" cavabını vermişəm. Çox adam sadəcə düşünür, amma addım atmır. Tez yorulur, bezir və ruhdan düşür. Amma məndə belə deyil. Hər kəs mənim hazırkı uğurlarımdan danışanda bu, hələ mənə azmış kimi gəlir. Mən daha çoxunu istəyirəm, qətiyyən aldığım nəticələrlə kifayətlənmirəm. 

- Bir gündə ən çox nə qədər kermit satmısan? 

- Bir gün içində ən çox 42 kermit satmışam. Təbii ki, onlayn olaraq insanlara satdığımdan söhbət gedir. Topdan mağazalara yüzlərlə, minlərlə satdığım da olub. Tək olsam, həqiqətən bunları çatdıra bilməzdim. İlk başlarda dostlarım da mənə çox kömək oldular. Sifarişləri onlarla birlikdə çatdırırdıq. İndi isə şəxsi kuryerlərim var və bütün sifarişləri onlar çatdırır. 

- Nə kimi planların var? 

- Gələcəklə bağlı çox planım var. Hazırda daha böyük bir satış firmasını yaratmaq üzərində işləyirəm. Məzmunu daha çox genişləndirərək satışlara davam edəcəyəm. Yaxın zamanda mağaza açmaq fikrim də var. Hələ ki, sadəcə kermit satdığım üçün onlayn satış mənə daha çox sərf edir. Əlbəttə, işlər genişlənsə, mağaza açmaq da şərt olacaq. 

- Elvin, indi bir çox gəncin ağlına yeni ideya gəlir və öz işlərini qurmaq istəyirlər. Bu yoldakı gənclərə nə deyə bilərsən? 

- Elə mən özüm də gəncəm. Yaşıma rəğmən, 1 il əvvəlki Elvin hara, indiki hara... Arada qat-qat fərq, çox böyük irəliləyiş görürəm. Məsləhətim odur ki, ağlınıza bir ideya gəlirsə, həmin an işə başlayın və edin. Hər bir halda yaxşı nəticəsi, ya da pis nəticəsi olsa da, təcrübədir. Motivasiya videolarına baxmaq, motivasiya kitabları oxumaq sizə vaxt itkisindən başqa heç nə verməyəcək. İdeyanız var? Düşünməyə bir saniyə belə sərf etməyin və işə başlayın. Əmin olun ki, nəticəsini görəcəksiniz. Bu yolla özünüzü həm daha yetkin fərd kimi hiss edəcəksiniz, həm də özünüzə güvəniniz artacaq. Ruhdan düşməyin və təcrübələrinizin meyvəsini yeyin. 

 El ROMAN
 

 





28.10.2021    çap et  çap et