525.Az

Qara balığın ibrətamiz nağılı - Şahanə Müşfiq yazır


 

KUKLA TEATRININ YENİ TAMAŞASININ PREMYERASI UĞURLU ALINDI

Qara balığın ibrətamiz nağılı -<b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Ölkəmizdə mövcud pandemiya qadağaları səbəbindən az qala iki ilə yaxındır ki, bir çox mədəni-ictimai müəssisələr kimi teatrlar da öz fəaliyyətini dayandırmışdı. Bu vəziyyət ən çox teatr işçilərini, aktyor və rejissorları narahat etsə də, gördük ki, tamaşaçılar da az darıxmadılar teatr üçün. Qısa zamandır fəaliyyətini bərpa edən teatrlar uzunmüddətli durğunluqdan sonra özünün bəlkə də ən məhsuldar dövrünü yaşayır. Tamaşa zalları dolub-daşmaqdadır. 

Durğunluq sonrası ilk getdiyim sevimli Kukla Teatrı oldu. Hər zaman həm balaca, həm də böyük yaşlı tamaşaçılarını bir-birindən maraqlı layihələri ilə sevindirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə çox qısa zamanda yeni tamaşanın premyerasıyla qarşımızda idi. 
Oktyabrın 23-də teatrın foyesi tamaşaçılarla dolu idi. Onların arasında azyaşlılar da vardı, böyüklər də. Tanınmış sənətçilər, jurnalistlər də az deyildi. Hamımız "Qara balığın nağılı"nın marağına toplanmışdıq. 

Səməd Behrənginin məşhur "Balaca qara balıq" mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa edirdilər.

Elə ilk dəqiqələrdən kiçik replika və nüanslarla balaca teatrsevərlərin marağını cəlb edən, onları güldürməyi bacaran tamaşa böyüklər üçün düşündürücü mətləblərlə zəngin idi. 

Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. Anasından başqa kimsəsi olmayan balaca balıq anasının etirazlarına baxmadan arxdan çıxıb, öz həqiqi dünyasına qovuşmaq istəyir. Lakin kiçik arxdan başqa heç bir yer, özü kimi balaca balıqlardan başqa heç bir canlı tanımayan balıq üçün bu, heç də asan olmayacaqdı. Ətrafdakı balıqlar onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir: ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq, düzgün bildiyini etməli - işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir...

Kiçik bədəninə və təcrübəsizliyinə baxmayaraq, güclü iradə və qərarlılıqla atdığı addım balaca qara balığın həyatını və düşüncəsini büsbütün dəyişir. Artıq o, həyat, dünya və ətraf aləm haqqında tamam başqa düşüncələrdir. Bu düşüncələr onu hər dəfə bir az da qabağa, daha böyük cəmiyyətlərə doğru can atmağa məcbur edir. 

Bu mübariz yolçuluqda Qara balığın başına nələr gəldiyini və bu nağılın necə sonlandığını bilmək üçün, sözsüz, səhnə əsərini izləmək gərək. 
Tamaşa sonrası, əsəri səhnələşdirən, peşəkar jurnalist və mədəniyyət işçisi Həmidə Rüstəmovayla həmsöhbət oluruq. Həmidə xanım S.Behrənginin uşaqlıqdan oxuyub, sevdiyimiz bu əsərinin təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçün dərin mənalara malik olduğunu deyərək, bu tamaşanın da məhz bu düşüncəylə hazırlandığını vurğuladı. 

Bəzi çatışmazlıqlarına baxmayaraq, çox qısa zamanda araya-ərsəyə gətirilən əsəri kifayət qədər uğurlu və baxımlı hesab etmək olar. Bunu təkcə biz yox, həm də tamaşa əsnasında bəzi məqamlarda ürəkdən gülən, bəzən diqqətlə səhnəni izləyən balacaların, dərin düşüncəyə dalan böyüklərin xoş reaksiyaları da deyirdi. Əgər bir əsər ortaya qoyduğu mətləblər haqqında düşündürməyi bacarırsa, onun yaradıcı heyətinə yalnız təbrik düşür. 
 

 





29.10.2021    çap et  çap et