525.Az

Ölümün ədəbi tərifi - Nihat Pir yazır...


 

Ölümün ədəbi tərifi -<b style="color:red"> Nihat Pir yazır...</b>

İnsanın özünüdərkindən sonra ömrü boyu cavab axtarmağa çalışdığı suallardan ən böyüyü "Ölüm nədir?" sualıdır. Ölüm anlayışı ana bətnini tərk elədiyimiz andan ta ki sözügedən məfhuma ulaşdığımız ana qədər yol aldığımız bir yoldur. Bu yol bizim istək və arzularımızın təzahürü olmamaqla yanaşı, eyni zamanda, geridönüşü olmayan bir sonsuzluqdur (Bəlkə də, ölüm elə son deməkdir).

Ölüm adı dünyanın bütün dillərində və dinlərində eyni dərəcədə xoflu təsir bağışlayır. Antik dövrlərdən başlayan və özünü həm Şərq, həm də Qərb fəlsəfi düşüncəsində göstərən və ən böyük düşündürücü meyara çevrilən ölüm adının birinci tərifi onun reallığıdır. Ölüm insanın dərk elədiyi ən böyük reallıqdır. 

Ölüm qaçışı olmayan və məcbur qəbullandığımız həqiqətdir. İnsanın öləcəyini bildiyi halda gələcək üçün plan qurması, sabahı və hətta daha da irəlini düşünməsi artıq ölümün qaçılmaz olduğu və insanın onunla razılaşması qənaətinə gəlməsindən doğur. Yəni yaşadığımız hər şeyə rəğmən təhtəlşüurdakı əks "ölüm həqiqətdir" reallığıdır.

Nə qədər qəribə səslənsə də, ölüm həm də yaşamağa stimul verən ən başlıca amildir - daha doğrusu, lazımi səviyyədə yaşamağa stimul verən.
Ölüm həm də insana xas xüsusiyyət və instinktlərin dərkidir. Məsələn, qorxu. Ölüm insana qorxu hissini aşılayan ən dəhşətli faktordur. Ölüm qorxusu isə qorxuların ən qaçılmazıdır. Hündürlükdən qorxan bir adam hündür bir yerə çıxmayıb qorxusundan qaça bildiyi halda, bəs ölüm qorxusundan necə, qaçmaq mümkündürmü? 

Tolstoyun "Üç ölüm" adlı hekayəsində sözügedən "qaçış faktoru" əsərin ana xəttini təşkil edir. Vərəm xəstəliyindən əziyyət çəkən bir qadın və onun "ölümdən qaçma" cəhdləri fonunda müəllif ölümün həqiqiliyi faktorunu paralel şəkildə saxlayır. Məsələn, qəhrəman xəstə qadın çarə kimi İtaliyaya getməyi düşünür, bunu cidd-cəhdlə arzulayır. Amma əri bu inadın mahiyyətsiz olduğunu başa düşür, bunu həyat yoldaşına etiraf eləməkdə çətinlik çəksə də, qadını fikrindən daşındırmaq cəhdilə, əslində, ona və oxucuya bu həqiqəti aşılayır. Qadının cavabı isə çox amansızdır:

"Evdə nə var axı? - Ölüm!"

Demək, qadını həyatda tutan başlıca səbəb ümidin, yaşamaq ümidinin arxasınca qaçmasıdır. Yəni o, heç bir vəchlə evdə sağalacağını düşünmür, düşünə bilmir, düşünmək istəmir. Amma İtaliya... Amma ümidin ardınca getmək... Amma yaşamaq üçün cəhd...

Maraqlıdır ki, Tolstoy hekayəsindəki üç ölümdən birini ağacın ölümü üzərində qurub. 

"Elə bil digər ağaclar hətta sevinirlər ki, yer boşaldı və günəşin şüası çoxaldı. Yəni yıxılan bu ağac ölərək digər ağaclara daha çox gün işığı yaradır". 

Bu hissədə, yəqin ki, Tolstoy insanın da ölümünü bir digər fərd və şəxslərin yolunun açması kimi qiymətləndirir. 

Freydin düşüncəsinə görə, biz özümüzü ölümü həyatdan ixtisar etmək istəyirmiş kimi aparırıq. Bir sözlə, ölümü ölüm kimi düşünürük, onu olduğu kimi yox, məhz öz düşüncəmizdəki qaramat fonda təsvir edirik. Çünki bizim ölümü düşünməmək kimi bir şansımız yoxdur. Daha doğrusu, insanın mövcudluğu boyunca belə bir şansın bizə elə məhz biz tərəfindən tanıdılması ağlabatan bir şey deyil.     

Məsələn, ən adi hal kimi gündəlik həyatımızda dəfələrlə eşitdiyimiz, şahidi olduğumuz, hətta bir andaca onun parçasına çevrilə biləcəyimiz avtomobil qəzalarını götürək. Bu qəzaların dəhşəti fonunda ağla gələn ilk şey məhz ölüm və onun dərkidir. 

Tolstoyun qəhrəmanı da xəstəliyindən dolayı gecə-gündüz ölümü və ölümünü düşündüyü, ondan qaçış yolunun olmadığını anladığı üçün (istədi, ya istəmədi, bu, həqiqətdir) çıxış yolu kimi ən azından "İtaliya cəhdi"ni görür. 

Əgər biz ölümü həyatın fonunda təsəvvür ediriksə (yaxud da, bunu "qəbul ediriksə" də deyə bilərik), ədəbi müstəvidə bu iki anlayış paralel şəkildə təhlil və tədqiq edilir. Ən əsası isə ədəbiyyat bizə həyatın bitməsi anlayışını, eyni zamanda, tükənəcəyi kimi qavratdırır. Həyat və insanlıq bir gün varsa, bir gün də mütləq şəkildə yox olmağa məcburdur. Var olan heç bir şey əbədiliyə məhkum deyil, amma yox olmağa, məhv olmağa - hər ikisinin cəmi kimi ölməyə məhkumdur. Həmin ölümə gedən yol isə tükənməkdən doğur. İnsan tükənir, zaman tükənir və həyat tükənir. Nəticənin adı "ölüm"dür.

Kamyu "Yad" romanına girişi "Dünən anam öldü" kimi verir. Üç sözdəki mahiyyət və faciə, eyni zamanda, bu faciəvi mahiyyətə obrazın soyuqqanlı yanaşması da insanın ölümü həqiqət kimi qəbul eləməsi anlamına gəlir. Yəni müəllifə görə "Dünən anam öldü" ilə "Dünən bizdən beş məhlə o tərəfdə yaşayan bir nəfər öldü"nün insan adına, insanın dərki adına o qədər də fərqi yoxdur. 

Həm obrazın anasının ölümü, həm də romanda olmayan, amma ölə biləcək hər bir kəsin ölümü insanlıq üçün eyni dərəcədə ölçüyə gələcək bir şeydir. Və reallıqdır.

İnsan doğulur, böyüyür, yaşa dolur, həyatı dərk eləməyə çalışır, həyatı axtarır, həyatda qalmağa çalışır və ölür. Bu xırda zaman çərçivəsində həllini tapmağa çalışdığımız suallar, əslində, bizə verilən zamanın xərclənməsindən başqa bir şey deyil. 

Zen buddist fəlsəfəsinə görə bizim "həyat" adı verdiyimiz bu boşluq, əslində, ölümümüzdə qısa fasilədir. Həyat dediyimiz bu fasilə hər nə qədər qısa olsa da, biz varlığımızı yalnız və yalnız bu dünyaya bağladığımız və digər bir dünyanın olub-olmamasını tam reallığı ilə dərk etmədiyimiz üçün bütün fəaliyyətimizi buraya sığdırmağa çalışırıq.

Maraqlıdır, insan ölümün də bir "yaşam" olduğunu qəbul etsə, onda necə olardı? O biri dünya üçün də plan qurardımı? Amma sözügedən faktorun insan tərəfindən dərki də çox təhlükəli nəticələrə yol aça bilər. Tolstoy özünün "Etiraf"ında qeyd edir ki, bir gün o birdən-birə yer üzündə varlığının tamamilə mənasız olduğunu başa düşür. Niyə? Çünki öləcəyini bilirdi, dərk edirdi. Bu reallığın dərkindən sonra isə yuxarıda vurğuladığımız təhlükəli nəticələrin sual forması ortaya çıxır: Yaxşı, çox varlı mülkədar oldum, dörd min, altı min, lap iyirmi min desyatin torpağım oldu - bəs sonra? Axı mən öləcəyəm. Lap məşhur bir yazıçı oldum, Şekspirdən də məşhur oldum. Hə, nə olsun? Onsuz da öləcəyəm.

Platonun "həyat ölümün fonu deyil, ölüm həyatın fonudur" fikri isə müzakirə mövzumuzun nə qədər uzana biləcəyi potensialının tərifidir. Biz həyatı ölümün fonunda yaşayırıq, yoxsa ölümü həyatın fonunda?

Sual cavabsızdır. Amma həqiqidir. Cavablar subyektiv və birmənalı olduğu qədər suallar obyektivdir, olduğu kimidir, həqiqiliyin özüdür. O halda, yazının ən böyük həqiqi tərəfini yekun olaraq soruşaq:

- Ölüm nədir?
 

 





29.10.2021    çap et  çap et