Qardaşımın yaradıcılığı haqqında yazmaq heç vaxt fikrimdə olmayıb. Çünki istər-istəməz subyektiv münasibət az da olsa özünü büruzə verə bilərdi. Lakin onun seçilmiş əsərlərinə kimin ön söz yazması haqqında məsləhətləşərkən Xalq şairi Nəriman Həsənzadə bu işi təkidlə mənə məsləhət gördü. Tofiqin həyatını, yaradıcılığını yaxşı bildiyimi, dərindən, həssaslıqla duyduğumu əsas səbəb göstərdi. Lakin Tofiqin yaradıcılığından yazmaq mənim üçün bəlkə də, ən çətin, ən məsuliyyətli və ən ağır (əslində, ağrılı) bir iş idi. Onun əsərlərinin hər misrasında qardaşımın, elə bil ki, səsini eşidirdim, söhbətini dinləyirdim, unudulmaz simasını görürdüm...
Əsərlərin təhlilində, ola bilsin ki, istər-istəməz müəyyən subyektivlik də sezilsin. Məncə, bu təbii və bağışlanılası görünər. Lakin mümkün qədər bitərəf mövqedə olmağa çalışdım və bədii sənətkarlıq məsələlərinin müfəssəl təhlilini başqalarının öhdəsinə buraxaraq Tofiqin poeziyası haqqında ümumi təsəvvür yaratmağa çalışdım.
Tofiq özü də yaradıcılıqda heç bir güzəşti, subyektivliyi qəti xoşlamazdı. Hər bir işdə olduğu kimi, yaradıcılıqda da son dərəcədə obyektivliyi, düzlüyü, halallığı və səmimiyyəti yüksək qiymətləndirərdi. Onu da deyim ki, istər gənclik illərində, istərsə də sonralar, mən az-çox yazı-pozuya malik olduğum zamanlarda Tofiq heç vaxt çap olunmamuş şeirini mənə oxumazdı, göstərməzdi. Və ümumən heç kəsə əlyazmasını oxumazdı. Yalnız mətbuatda dərc olunandan sonra çox vaxt o, rəyimi soruşardı. Mən də yaxşı tərəfləri bir az mübaliğəli, zəif görünən cəhətləri isə bir az ehtiyatla deyərdim. Amma Tofiq çox həssaslıqla mənim sözlərimdəki tənqidi mətləbləri dərhal başa düşərdi və aramızda kiçik bir müzakirə də yaranardı.
Poeziyada, xüsusən lirikada hər bir sənətkarın fərdi təbiəti, şəxsi xarakteri, hətta taleyi çox bariz şəkildə bədii təcəssümünü, təzahürünü tapmış olur. Çünki həqiqi lirikanın nəfəsi məhz səmimiyyətdir. Səmimiyyət olan yerdə şəxsiyyət də özünü biruzə verir. Tofiqin də lirik şair olmağı, bəlkə də, onun fərdi təbiəti ilə bağlıdır. Böyük səmimiyyət, həyati gözəlliklərə vurğunluq, təbiətin füsunkarlığına aşiqanə heyrət və tərənnüm, nikbin pafos onun lirikası üçün çox səciyyəvidir.
Tofiq ədəbiyyatla, şeir yazmaqla orta məktəbdə oxuyarkən çox tez maraqlanmağa, məşğul olmağa başlamışdır. Onun “Zəfər” adlı ilk şeiri 1946-cı ildə “Azərbaycan pioneri” qəzetində çap olunmuşdur. İlk qayğıkeşliyi də “Azərbaycan pioneri” qəzetinin o zamanlar redaktoru olan Eynulla Ağayev və qəzetin şöbə müdiri Ağa Ağazadədən görmüşdü. Hər iki şəxs Tofiqin ilk şeirlərinin “Azərbaycan pioneri”ndə çap olunmasına, onun yaradıcılığa həvəslənməsinə ürəkdən səy göstərmişdir. Sonralar isə Xalq şairi Səməd Vurğunun diqqəti, qayğısı Tofiqin inkişafında əhəmiyyətli rol oynamışdır. Belə ki, Yazıçılar İttifaqında Tofiqin yazıları ilə tanış olan S.Vurğun gözəl şairimiz Əhməd Cəmilə tapşırmışdı ki, onunla mütəmadi məşğul olsun, onu istiqamətləndirsin. Bu iş bir ilə yaxın davam etmişdi və onun böyük köməyi olmuşdu. Məhz Səməd Vurğunun təklifi ilə Tofiq bir illik sınaq müddəti olmadan Yazıçılar İttifaqına qəbul edilmişdi.
Tofiqin yaradıcılığında ilk zamanlar uşaqlar üçün yazılmış əsərlər əsas yer tutsa da, gənclik illərində, təbii olaraq, məhəbbət lirikası aparıcı olur. Yaşa dolduqca onun poeziyasında eyni zamanda təbiət lirikası, ictimai-fəlsəfi lirika da inkişaf edir. Lirik poeziyada şairin həyata baxışındakı, dünyagörüşündəki dəyişiklik, təkamül çox aydın nəzərə çarpır. Tofiqin məhəbbət lirikasında və ictimai-fəlsəfi məzmunlu lirik şeirlərində onun xarakteri, hər şeyə fərdi baxışı və həyatı boyu onu qayğılandıran məsələlər çox qabarıq və sistemli bədii təzahürünü, inikasını tapmışdır. Şairlərin böyük əksəriyyətini poeziyaya gətirən, qələm və kağıza möhtac edən, çox güman ki, zərif, titrək, ülvi eşq hissləri, hardasa, kiməsə vurğunluq, heyranlıq duyğuları olmuşdur. Bir şair kimi ülvi eşqin həyəcanı ilə “dil açan” şairlərin əksəriyyəti təbii olaraq tədricən uca, müqəddəs amalların, məqsədlərin də ilhamına bağlanmış, böyük ictimai idealların alovlu, ehtiraslı tərənnümçüsü olmuşdur.
Əslində, hər bir sənət əsəri müəllifin xalqı ilə, oxucuları ilə, bir növ, həsbi-halıdır, dərdləşməsidir, səmimi və məhrəm söhbətidir. Bu söhbət nə qədər mərdanə və səmimi olarsa, oxucu inamını, etimadını da bir o qədər qazanmış olar. Kimlərinsə xoşuna gəlmək, kimlərə isə xidmət göstərmək Tofiqin həyat kredosuna tam zidd idi. Bunun zərərini də az görməmişdi... O, hər bir əsərində yalnız düşündüyünü demişdir. Bu əsərlərin müxtəlif səviyyəli olması isə bədii sənətkarlıq məsələləri ilə əlaqədardır. Tofiqin son dərəcə həssas və kövrək təbiəti onun lirikasında çox qabarıq təzahürünü tapmışdır. Burada müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, bala həsrətli anaların narahat yuxuları, mehriban nənələrin şirin nağılları, övladları dönük çıxmış kimsəsiz qocaların üzüntüləri, uşaq evindəki “atılmış” gül balaların ata-ana həsrətləri, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr və cəmiyyətimizin müxtəlif zamanlarına aid şair narahatlıqları, fərəh və təəssüf hissləri əsasdır, aparıcıdır. Əslində, şairlər zamanlarının, bir növ, əsəb telləridir, dünyanın gərdişinə ən həssas və qayğılı söz deyənləridir, münasibət bildirənləridir.
Azərbaycan! Yer üzündə
Öz qüdrəti, öz səsi var. 
Qoy Everest inciməsin
Bu dünyanın Azərbaycan
Zirvəsi var.
(“Ömrümüzün zirvəsi”)
Nəğmə soraqlı qatar,
Şeir yaraqlı qatar,
Heç yolundan çıxarmı
Torpağa bağlı qatar?!
(“Ömür qatarım”)
Azərbaycan vətəni ilə qürurlanan şair özünün nəğməli, şeirli “ömür qatarı”nın əsl ilham mənbəyini, istiqamət yolunu da məhz bu torpağa bağlılıqda görür. Həm də həssas şair qəlbi bu dünyanın təlatümlü keşməkeşlərindən narahat olur, doğma yurdunun gələcəyinə nigarançılığını bildirir:
Tətikdən yapışmış əllər görürəm,
Hələ qazılmamış səngər görürəm.
Kiçik uşaqları əsgər görürəm,
Dünya, sabahından qorxuram sənin.
(“Sabahından qorxuram”)
Vətən təbiətinə vurğunluq, peyzaj təsviri və tərənnümü Tofiqin lirikasında geniş yer tutur. Qarabağın, Gəncənin, Zaqatalanın əsrarəngiz gözəllikləri, özünəməxsus cazibədarlığı onun əsərlərində böyük vəcdlə tərənnümünü tapmışdır.
Dünənimin bu günə
Gələn məğrur səsidir.
Əsrlərin şahidi,
Sirlər xəzinəsidir –
Gəncənin çinarları.
(“Gəncənin çinarları”)
Xəzər dənizinin vəsfi isə xüsusi silsilə təşkil edir. “Dənizdə şimşək çaxır”, “Dəniz darıxır”, “Xəzər deyir ki...”, “Dənizləşdim”, “Dənizlərin dənizi”, “Məhəbbət dənizi” və s. şeirlərdə Xəzərin sakit “yuxulu” mənzərəsinin ruh oxşayan, əsəb sakitləşdirən ülviyyəti, şimşəkli təlatümlərdəki azman dalğaların vahiməsi, günəşli qürubun bəxş etdiyi xüsusi gözəllik, hətta onun sahilində sevgi bölüşən gənclərin xoşbəxtlik anları dəqiq lirik təzahürünü tapmışdır. Belə əsərlərdə bədii lövhə, görümlü detallar hesabına yaddaqalan təbiət obrazı yaradılmış olur.
Mavi bir piyaləyə
Bənzəyir mavi Xəzər
Bakının əllərində.
Səhərin şəfəqləri
Bir darağa dönərək
Oynayır tellərində.
“Dənizlərin dənizi” şeirindəki bu kiçik lövhə Xəzərin “portret”inə aid lirik bir etüdə bənzəyir. Tofiq Xəzərin vurğunu idi! Onu yaxından tanıyanlar bilir ki, Dənizkənarı parkımız onun ən sevimli yeri idi. Dənizin nəinki gözəlliyi, onun havası da, səsi də Tofiqin ümumən çox həssas, bir az da narahat təbiətinə bir sakitlik, təskinlik gətirmiş olurdu... Tofiqin hər kəsin dərdinə şərik olmaq həssaslığı, qayğıkeşliyi onun yaradıcılığında, bir növ, mənəvi-psixoloji leytmotiv kimi diqqəti cəlb edir.
Xəyalında gənclik adlı zirvə aşar,
Doluxsunar, kövrəkləşər, uşaqlaşar.
Yol gedəndə bəzən büdrər, bəzən çaşar,
Toxunmayın qocaların ürəyinə.
(“Toxunmayın”)
Burada gənclik illərini, əlçatmaz ömür zirvələrini xəyalən yaşayan və təbii olaraq doluxsunan, kövrəkləşən qocaların – uzun ömür yorğunlarının indi yol gedəndə büdrəməsi, çaşması yada salınır, onlara qayğı, diqqət, mərhəmət duyğuları arzulanır.
Hər şairin sevgi dünyası, sevgi yadigarı da vardır. Hamıdan fərqli olaraq, şairlər bu müqəddəs yaşantılarını, ən mübhəm ürək sirlərini az da olsa əsərlərində aşkarlaya bilir, bir növ, duyğu və həyəcanlarını bölüşürlər. Tofiqin də “sevgi planeti” özünəməxsusdur, cazibədardır.
Həm yaxınsan, həm uzaqsan,
Əl çatmayan qarlı dağsan.
Qocalsan da yollarımda
Yanacaqsan
Mənim sevgi planetim.
(“Mənim sevgi planetim”)
Təbii ki, bu silsilədən olan əsərlərdə xatirələr baş alıb gedir, sevdalı günlərin ürəkdəki, yaddaşdakı yadigarları yada düşür, niskilli misralara çevrilir.
Yenə səsin gəldi, nağıldı yoxsa?
Bəlkə sənli günlər qayıtdı geri.
Qırılıb sapından dağıldı yoxsa,
Neçə xatirənin mirvariləri?
(“Sənli günlərim”)
Gənclikdəki ilk görüş yerlərinin və ilk görüşlərin hicranlı həsrəti sevən ürəklərin utancaq elçisi olan etiraflı məhəbbət məktubları (“Sevda işıqları”), sevgilinin qar üstəki ayaq izlərinin də əzizlənməsi (“Ayaq izlərin”), xoşbəxt sevgi günlərinin ağrılı-acılı, niskilli yadigarları (“Sənin ilə keçən günlər”), kədərli etiraflar (“Bağışla”), sevən ürəklərin həsrət yanğısı (“Sevənlərin ürəyi”, “Qalıb ürəyim”, “Sınayır məni”) kimi kövrək mövzular bu lirikanın əsas məzmun səciyyəvilikləridir.
Tofiqin üç yüzə yaxın olan mahnı mətnləri onun lirikasının bir qolu sayıla bilər. Respublikanın Xalq artisti Əlibaba Məmmədov xatirələrində göstərir ki, “İlk dəfə mən ona demişəm ki, sən nəğməkar şairsən”. Tofiq bir sıra görkəmli sənətkarlarla mahnı sahəsində yaxından əməkdaşlıq etmişdir. Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Arif Məlikov, Qənbər Hüseynli, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, Əlibaba Məmmədov, Hacı Xanməmmədov, Şəfiqə Axundova, Ələkbər Tağıyev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Nəriman Əzimov, Nəriman Məmmədov, Oqtay Kazımov, Məmmədbağır Bağırzadə, Cavanşir Quliyev, Dadaş Dadaşov və başqa görkəmli sənətkarlarla mahnılar işləmişdir. “Payız toyları”, “Dənizdə Ay çiməndə”, “Mənim əzizlərim”, “Gözəlliklər məskəni”, “Yaylaqların mahnısı”, “Təzə gəlin”, “İllər bizi sınayır”, “Görüş yerimiz”, “Analar”, “Ucal həmişə”, “Xəzərin qoynunda”, “Xatirələr dənizi” və başqa mahnılar bu gün də ifaçılarımızın repertuarındadır.
Tofiqin mahnıları üçün mətn ilə melodiyanın vəhdəti, ritm rəngarəngliyi, ahəngdarlıq, sözlərin və səslərin harmonik uyarlığı, alliterasiya vasitələri səciyyəvidir. Tofiq mahnı yaradıcılığında “bolvanka” deyilən üsulu xoşlamazdı. Çünki belə hallarda mətn hazır melodiyaya uyğun yazılmalıdır. Və təbii ki, şeirin poetik imkanları da məhdudlaşmış olur. Əksər hallarda bəstəkarlar Tofiqin hazır şeirlərinə musiqi yazmışlar. Əlbəttə, mahnının yaranması prosesində qarşılıqlı düzəlişlər də olmuşdur. Tofiq musiqini çox sevirdi, konsertlərə, teatrlara xüsusi maraq göstərirdi, bəstəkarlarla möhkəm dostluğu vardı. Dirijor kimi Niyazinin vurğunuydu. “Koroğlu” operasına baxmaqdan yorulmazdı. O deyirdi ki, bəzən mən daha çox Niyazinin dirijorluğuna baxıram, onun sənəti, məharəti çox cazibədardır, misilsizdir. Təsadüfi deyildir ki, musiqisi Niyazinin və Rauf Hacıyevin olan bir kantatanın sözlərini Tofiq yazmışdı.
Lakin Tofiqin mahnı yaradıcılığında uşaqlı-böyüklü çoxlarının əzbər bildiyi bir məşhur mahnı da var ki, o da “Cücələrim”dir. Məlumdur ki, görkəmli bəstəkar Qənbər Hüseynlinin bu əsərinin ilk variantı böyük şairimiz Abbas Səhhətin “Cücələr” şeiri əsasında yazılmışdır. Sonralar görünür, bu mətn bəstəkarı tam qane etmədiyindən Tofiqə yeni mətn üçün müraciət etmişdir. Və “Cücələrim”in ikinci variantı tez bir zamanda çox böyük populyarlıq qazanmış oldu. Mahnı, əslində, uşaqlar üçün nəzərdə tutulsa da, sonralar böyüklərin də rəğbətini qazandı və dünyanın bir çox dillərinə tərcümə olundu. Tofiq xatırlayırdı ki, Moskvada, Vyanada, Helsinkidə və başqa şəhərlərdə gənclərin ümumdünya toplantılarında və müxtəlif məqamlarda böyüklərin “Cücələrim”i necə zümzümə etməsini, oxumasını müşahidə etmişdir. Əslində, Q.Hüseynlinin də, Tofiqin də sənətkarlıq baxımından “Cücələrim”dən xeyli qüvvətli əsərləri az deyildir. Lakin “Cücələrim” onların çoxundan daha populyar oldu.
“Cücələrim”in belə şöhrəti, yəqin ki, ilk növbədə musiqi ilə sözlərin, melodiya ilə məzmunun bir-birinə son dərəcədə uyğunluğu, ritmik vəhdəti ilə əlaqəlidir. Mahnının gözəl və aydın melodiyası ilə mətnindəki təbiilik və səmimiyyət uğurla bir-birini tamamlayır; həm zövq oxşayır, həm də yadda qalır... A.Səhhətin şeirində cücələrin zahiri yaraşığı vəsf olunur, uşaq nəzərlərilə bu yaraşığa heyranlıq ifadə olunur. Tofiqin “Cücələrim”ində mətn cücələrə dən verən balaca qızın dilindən səsləndirilir. O, cücələri dən yeməyə çağırarkən həm onları, bir növ, oxşayır, yaraşıqlarını, gözəlliklərini vəsf edir, həm də böyümələrini, analarına çatmalarını arzulayır. Süjet elementi olduğundan burada kiçik bir lövhə canlanır, obraz və obrazlılıq qüvvətlənir, əyanilik qazanır, görümlü olur. Təsəvvürlərdə, bir növ, canlı, bədii lövhə yaranır. Təsadüfi deyildir ki, həmin lövhə – mahnı əsasında çox təbii bir rəqs nömrəsi də meydana gəlmişdir. “Cücələrim”in başqa dillərə belə geniş miqyasda tərcümə olunmasında da, yəqin ki, bu cəhətlərin rolu az olmamışdır.
Tofiqin o zaman Azərbaycan Yazıçılar İttifaqına üzv olmasında da “Cücələrim”in təsiri olmuşdur. Bu hadisə mənim xatirəmdə tam təfərrüatı ilə qalmadığından Tofiqin qələm dostu, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirələrinə müraciət edək.
“Tofiq müəllim danışırdı ki, Yazıçılar İttifaqının həmin iclasında Səməd Vurğun nə səbəbdənsə iştirak etmirmiş. Gündəlik üzrə növbə qəbul məsələsinə çatanda iclası aparan azman ədib iddiaçının “hansısa bir uşaq” olmasına görə hətta zaldan üzr istəyibmiş. Təbii ki, belədə müzakirəyə qoşulanlar gənc şairi “yaş yuyub, quru sərmiş”, ittifaqa daxil olmaq üçün müraciətini Azərbaycan ədəbiyyatını və ədiblərini məsxərəyə qoymaq kimi dəyərləndirməyə başlamışdılar. Tofiq müəllim deyirdi: “Cavan idim, dünya vecimə deyildi və namizədliyimin əleyhinə danışanların, indiki titullarıyla desəm, xalq şairi, xalq yazıçısı olduğuna da fikir vermirdim, onların özü və əsərləri barədə nə düşünürdümsə, birnəfəsə deyirdim... Aləm qarışmışdı bir-birinə, az qalmışdı milis çağırtdırıb xuliqanlıq elədiyimi boynuma qoysunlar... Elə bu dəm Səməd Vurğun zala daxil oldu, üzrxahlıq edə-edə, eləcə ön sırada oturub iclasın sədrindən hansı məsələnin müzakirəsində qaldıqlarını soruşdu. Sədr iclasın sonuna çatdıqlarını və “xırda bir məsələni yekunlaşdırmaq üzrə olduqlarını” söylədi...
Əhvalatın sonrası lap əsl novellanı xatırladır. “Nədir o xırda məsələ?” – Səməd Vurğun soruşur. Sədr əvvəldə dediyini təkrarlayır: “Uşağın biri ərizə verib, Yazıçılar İttifaqına girmək istəyir”. “Kimdir o uşaq?”. “Tofiq Mütəllibov adlı birisi”. “Mütəllibov? “Cücələrim”i yazanmı?”. “Hə, onun özü... Nə olsun ki?!”. “O olsun ki... Xahiş edirəm təklifimi səsə qoyasınız: “Tofiq Mütəllibov bir illik sınaq-namizədlik müddəti olmadan birbaşa Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilsin...”.
40-cı illərin sonunda Səməd Vurğunun sözünün üstünə söz gətirmək üçün iki Səməd Vurğun olmaq gərəkdi! Təklif səsə qoyulur və bütün iştirakçılar yekdilliklə “Cücələrim”in müəllifinin yazıçılar ailəsinə üzv qəbul olunmasına tərəfdar çıxırlar. Səməd Vurğun müzakirələrə nöqtə qoyur: “Şair adlanmaq üçün bir “Cücələrim” yazmaq bəs eləyər”... “Həmin iclas mənimçün bir məktəb oldu, – Tofiq müəllim deyirdi. – İclas başlananda varlığıma məhəl qoymayan, qəbul məsələsi ortaya çıxanda məni didib-parçalamağa hazır olan, Səməd Vurğun ittifaqın sədri olduğuna görə onun bir sözüylə fikrini dərhal dəyişən adamlar iclasdan sonra məni təbrik eləməyi, heyranlıqlarını bildirməyi özlərinə əsla eyib saymadılar... Elə həmin vaxtdan etibarən insanlara sözünə görə yox, əməlinə görə qiymət vermək lazım gəldiyini birdəfəlik anladım”. Ş.Yaqubovun xatirələrindən olan bu fraqment, əslində, Tofiqin fərdi xarakteri, xüsusən gənclik illərindəki təbiəti barədə də müəyyən təsəvvür yaradır.
“Cücələrim”in uğur qazanmasının bir səbəbi də, yəqin ki, Tofiqin uşaqlar üçün də xeyli əsər yazması olmuşdur. Məhz uşaq psixologiyasına yaxından bələdlik, uşaq ruhuna və zövqünə uyğunluq həmin mahnıda da diqqəti cəlb edir. Sonralar Tofiq eyni mövzuda, lakin yeni dramatik süjetə əsaslanan pyes yazdı və əsər Gənc Tamaşaçılar Teatrında uzun müddət uğurla göstərildi. Yeri gəlmişkən qeyd edim ki, Tofiqin gənclər və uşaqlar üçün yazdığı “Meşə nağılı” və “Danışan qayalar” pyesləri də teatrlarımızda tamaşaya qoyulmuşdur. Tofiq gənclik illərində uşaqlar üçün daha çox yazırdı. Sonralar da bu sahəni unutmadı. Onun uşaqlar üçün yazdığı şeirlərdən ibarət bir neçə kitabı da nəşr olunmuşdur. Tofiqin uşaq şeirləri əsas motivləri etibarilə lirikası ilə müəyyən dərəcədə səsləşir. Burada da vətənin təbii gözəlliklərinin şairanə vəsfi, təbiət möcüzələrinə vurğunluq, insan xislətinin səciyyəvilikləri, əqidə və amal ucalığı, mənəvi-psixoloji yaşantılar, duyumlar konkret lövhələrdə, kiçik süjetlərdə, tipik detallarda təqdim və təlqin olunur. Bu əsərlərdə üslubca konkretlik, sadəlik və səmimiyyət aparıcıdır, əsasdır. Böyüklərlə dil tapmağa nə var ki?! Həyatı özü üçün yenicə kəşf etməyə başlamış müxtəlif yaşlı uşaqların özünəməxsus həyat anlamını, təbiətə təəccübünü valideynlərə və ümumən müxtəlif xarakterli insanlara baxışını, gələcəyə düzgün seçimini kamilləşdirmək uşaqlar üçün yazılmış əsərlərdə başlıcadır. Tofiqin uşaqlar üçün yazılmış əsərlərində məhz bu cəhətlər diqqət mərkəzindədir. “Körpə” şeirində uşaqlara valideynlərin fədakar qayğısından bəhs edilir. Və onların gələcək həyat imtahanına hazırlanması vacib bilinir:
Çalışaq ki,
bu baharlı ömrümüzün
qışını da duysun körpə.
Bilsin ötən günlərin də
şirini var,
acısı var.
Sevincin də kədər adlı
bacısı var, –
bilsin körpə,
Dəniz olmaq istəsə o,
qoy böyüsün dalğa-dalğa,
ləpə-ləpə.
Uca dağa dönmək üçün
qoy boy atsın
təpə-təpə.
Ömür hər vaxt beşik deyil,
duysun körpə.
Vətən təbiətinin tərənnümü (“Çinar babam”, “Göylər nağıl danışır”, “Necə bəxtəvərsən” və s.), uşaqların müqəddəs valideyn sevgisi (“Anam işdən gələcək”, “Tez qaytarın, a yollar”, “Üç alma düşər” və s.), həyata, təbiətə heyrətli uşaq baxışları (“Gəmi üzür hovuzda”, “Qanadları olsaydı...”, “Ay bala”, “Mənə gücü çatmadı” və s.), uşaq psixologiyasının səciyyəvi məqamlarının təsviri və tərənnümü (“Dərsi bilməyəndə”, “Yalan bilirlər”, “Gözəldir”, “Darıxır”) və s. əsərlərdə psixoloji səciyyəvilik, didaktik nəticə, xarakterik detallar və lövhələr diqqəti cəlb edir və şair fikrinin uşaq təfəkkürünə, yaddaşına yol tapmasında təsirli, effektli olur.
Tofiqin şux zarafatları da vardı. Dostları onun sərrast atmacalarını, məzəli söhbətlərini, zarafatlarını xatırlayırlar. Rastlaşdığı, müşahidə etdiyi qüsurlara tənqidi münasibətini çox vaxt elə bu zarafatlarında bildirərdi. Onun satirik şeirləri də, əslində, xarakterindəki bu cəhətlə, yəqin ki, əlaqəlidir. Məlumdur ki, satirada hər sənətkar özünün ictimai və etik ideallarından çıxış etmiş olur. Tofiqin də tənqidi şeirlərində bunu aydın görmək olar. Belə əsərlərdə tənqid hədəfindən asılı olaraq satira ilə bərabər gülüşün müxtəlif formalarına rast gəlinir. “Günah kimdədir”, “Müdir “göstəriş” verir”, “Stol və müdir”, “Şuba dərdi” kimi şeirlərdə harın, tüfeyli vəzifə sahiblərinin mənəviyyatsızlığı kəskin satira ilə ittiham olunur. Ərlərinə yalnız gəlir mənbəyi kimi baxan əhlikef qadınların sifarişlərinə qurban gedən əfəl “müdirlər”in aqibəti “Şuba dərdi” şeirində gülüş hədəfidir.
Arvadına baş əyib
Əri: “Düzələr”, – dedi.
O, anbara yollandı,
Fəqət geri dönmədi.
Arvadı ah çəkərək,
Dedi: “Bədbəxt oldum mən.
Ərim cəhənnəm olsun,
Şuba çıxdı əlimdən”.
“Uşaq dil açdı”, “Uşağın ad günüdür, atanın şad günüdür”, “Daşbaşovun oğlu” şeirlərində isə mənəvi-didaktik məsələlər konkret bədii lövhələr və tənqidi gülüş vasitəsilə nəzərə çatdırılmışdır. Səciyyəvidir ki, şair müəyyən qüsurlara rişxəndlə, kinayə ilə münasibətini bildirməklə kifayətlənmir, çox vaxt həmin əlamətlərin nəticəsini də nəzərə çatdırır, aqibətini də göstərir. Belə əsərlərdə eyni zamanda nəsihət, qınaq motivləri də güclüdür. Məsələn, “Pıçı-pıçılar”, “Dedi-qodu xəstələri” şeirlərində insanların sakit həyatını, məsud günlərini pozan xəbis təbiətli aravuranların mənfur əməllərinə etiraz, nifrət öz əksini tapmışdır.
Bəzən ümumiləşdirilmiş tənqidi fikirlərə də rast gəlirik.
Kol-kos hesabat verir
Bağça-bağın adından.
Qəribədir, çürümüş
İplər dilə gəlirlər
Bir yumağın adından.
(“Adından”)
Tofiqin dünya poeziyasından tərcümələri də az deyildir. Onun öz şeirləri və kitabları da bir sıra xarici ölkələrdə çap olunmuşdur. Tofiq görkəmli sənətkarlardan Həmzət Sadasa, Mixail Dudin, Zülfiyyə, Maksim Tank, Gülruxsor, Xuta Berulava, Nikolay Dorizo, Fateh Şodiyev və başqalarının əsərlərindən tərcümələr etmişdir. Bu əsərlərin hər birində hiss olunur ki, məzmun və forma özünəməxsusluğunun, xüsusilə üslübi keyfiyyətlərin qorunmasına lazımınca diqqət yetirilmişdir.
Tofiqin istər ayrıca əsərlər barədə, istərsə də (daha çox) bədii ədəbiyyatın müxtəlif məsələləri haqqında xeyli məqaləsi də vardır. “Azərbaycan gəncləri” qəzetində uzun müddət şöbə müdiri işlərkən həm poeziya aləminə yeni qədəm qoyan istedadların yaradıcılığı haqqında, həm də ümumən ədəbiyyatımızın və mədəniyyətimizin müxtəlif problemləri barədə məqalələri respublika mətbuatında çap olunmuşdur ki, onların ayrıca kitab şəklində çap edilməsi nəzərdə tutulmuşdur.
Tofiq lap uşaq vaxtlarından ədəbiyyatın və incəsənətin vurğunu idi. Poeziya onun həyatının əsas məzmunu və idealı idi. O, bütün ömrünü də sədaqətlə, dəyanətlə şeirə, sənətə həsr etdi. Yəqin ki, əsərləri də onun ömrünün daha uzunmüddətli davamı olacaqdır. Axı həqiqi sənətə zaman məhdudiyyəti yoxdur... Həqiqi poeziya daima müəllifin mənəvi dünyasını, tale yolunu bütün orijinallığı ilə özündə yaşadır və xatirələrdə yadigarlaşdırmış olur.
çap et