525.Az

Gözəlliklər diyarı - Qalacıq


 

Gözəlliklər diyarı - <b style="color:red"> Qalacıq</b>

Uzun illərdir yay tətilini Azərbaycanın ən dilbər guşələrindən biri olan İsmayıllı rayonunda keçirirəm. Lakin təəssüf ki, bu illər ərzində rayonun cənnət məkanı olan Qalacıq kəndinə yalnız bir neçə saatlıq getmişəm. Bu bir neçə saatda isə gözəlliyi tam duymamışam. Keçən ildən isə yayı uzun müddətli burada qalıram və illər ərzində bu gözəlliyi görmədiyim üçün də peşmançılıq çəkirəm. Kənd haqqında ilk təəssüratlar məndə xoş ovqat yaradıb. Kəndin gözəlliyi, sakinlərinin həlimliyi buranı mənə doğmalaşdırıb.

Bəlkə də Qalacıq dünyanın ən gözəl kəndidir. Ona görə də bu yazını gözəlliklər diyarı - Qalacıq kəndinə həsr edirəm.

Qalacıq İsmayıllı rayonundan 30 kilometr şimal-qərbdə, dağ ətəyində yerləşən kənddir. Son illər aparılan abadlaşdırma və tikinti-bərpa işləri, çəkilən yollar buranı müasir kənd formasına salıb. Kənddə fəaliyyət göstərən bir çox iaşə obyektləri (kitabxana, poçt) bu müasirliyin göstəricisidir. Əhalisinin əsas məşğuliyyəti isə xalçaçılıq, əkinçilik, taxılçılıq, tütünçülük, bağçılıq və heyvandarlıqdır.

Kəndin Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən üç nəfər şəhidi var. Qalacıqda fəaliyyət göstərən tam orta məktəb şəhid Tariyel Bayram oğlu Xanadanovun adını daşıyır. 44 günlük Vətən müharibəsi başlayarkən isə kəndin igidləri torpaqlarımızın işğaldan azad olmasına görə döyüşə könüllü gediblər. 

Azərbaycanın dağlıq kəndləri savadlı alimləri, ziyalıları ilə tanınır. Kənddə məktəb 1923-cü ildən fəaliyyət göstərir. Qalacağın kimya elmləri doktoru Rəvan Rəhimov, fizika-riyaziyyat elmləri doktoru Sədiyar Rəhimov, tibb elmləri namizədi Valeh Rəhimov, dövlət qulluğunda uzun illər xidməti olmuş Rza İsmayılov kimi fəxr ediləsi ziyalıları var.

Kəndlə daha dərindən tanış olmaq üçün Qalacığın icra nümayəndəsi Təbriz Eminovla görüşdüm. Söhbətimiz o qədər səmimi idi ki, saatın necə keçdiyini hiss etməmişdik. Sadəcə olaraq Təbriz müəllimdə bir şeyi çox sevdim ki,  ana balasını qoruyan kimi o da kəndi elə sevib və qoruyur. Kəndə bağlılığı, əhalinin qayğısına qalması, hər ailənin problemini öz problemi kimi bilib həll etməyi onu cavan yaşında kənd ağsaqqalına çevirmişdir. Kənd əhalisi də Təbriz müəllimə böyük hörmət göstərir, onu özlərinə arxa-dayaq bilirlər. 

Gözəlliklər diyarı Qalacıq kəndi geniş turizm potensialına malikdir. Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına təkan verib. Bu nailiyyətlərin əldə edilməsində turizmin də müəyyən payı var.

Kəndin əlverişli coğrafi şəraiti, zəngin təbiəti, adət-ənənələri, qonaqpərvərliyi yaşıl turizmin inkişafına əlverişli şərait yaradır. Dağlar arasında yerləşən kənd möhtəşəmliyi ilə adamı heyran edir. Dupduru çayları, göz oxşayan şəlaləsi, sərin bulaqları çoxsaylı turist cəlb edir. İlin çox aylarında sel kimi yağan yağış, onun ardınca da çıxan göy qurşağı, təmiz hava əsl cənnəti xatırladır.

Qalacıq aqroturizm üçün ideal məkandır. Hər bir şeydə zövqlər müxtəlif olduğu kimi, turistik məkanların seçilməsində də müxtəliflik mövcuddur. Səsli-küylü şəhərlərdən uzaqlaşıb sakit, yaşıllığa bürünən kənd yerlərində istirahət edən insanların sayı ilbəil artır. Kənd ərazilərinin landşaft, iqlimi, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən dəyərsiz qüvvələrdir. Ölkənin iri sənaye mərkəzlərindən və xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyükdür. Turistlər kənd həyatını yaşamaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər.

Kənd turizmi zamanı güclü reklama və geniş təşkilatçılıq tədbirlərinə ehtiyac yoxdur. Turistlərin gəlişinə qədər tələb olunan hər şey - saf, təmiz iqlim və su ehtiyatları, yaşıllıq, abad kənd şəraiti, ecazkar mənzərələr, şəhərdəki kimi bütün sosial infrastruktur təminatı və qonaqpərvər kənd əhalisi hazır resurslardır. Sadalananların çoxu Qalacıqda var, deməli, burada turizmi inkişaf etdirmək üçün hər bir şərait mövcuddur.
Kənddən 4,5 km məsafədə Şahdağ Milli Parkının ərazisində olan Qalacıq şəlaləsi turistlərin ən sevimli yeridir. Şəlaləyə gedən yol meşənin dərinliklərindən keçir və bu səfər turistləri daha çox cəlb edir.

Qalacıq tarixi abidələri ilə də məşhurdur. IX-XIV əsrlərə aid olduğu ehtimal olunan "Qasım xan" qalası, yerli əhali içərisində "Səngər  qalası" adlanan qalanın xarabalıqlarıdır. Həmçinin, dövlət tərəfindən qorunan və xalq arasında "Pir Davud" adlanan qəbiristanlıq turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir. 

"Ögey Ana" filminin (1958-ci il) çəkilişlərinin aparıldığı yerlər, həmçinin, kəndin girişində partladılmış qayalar, itburnu kolları qonaqların marağına səbəb olur.

Bu gün Qalacıqda turizmin inkişafı istiqamətində işlərin görülməsinə baxmayaraq, problemlər də az deyil.

Adətən kəndə gələn qonaqların böyük hissəsi otellərdən çox, evlərdə qalmaq istəyirlər. Bu il kənddə 50-60 ev kirayə verilmişdi. Lakin bir çox evlər turistlərin qalmaları üçün əlverişli deyil. Bu evlərdə ayaqyolu-hamam şəraiti, habelə qaz-işıq verilməsində yaşanan fasilələr, ev əşyalarının zövqə uyğun olmaması qonaqları uzaqlaşdıran amillərdəndir.

Kənddə infrastrukturun, yeni iş yerlərinin yaradılması işsizlik kimi sosial problemin həllinə kömək göstərir. Azərbaycanın bir çox kəndlərində mövcud olan işsizlik problemi Qalacıqda da var. Qalacıqda yaşayan gəncləri aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi yeni peşə və ixtisaslara həvəsləndirməklə yeni iş yerlərinin yaradılmasına, öz məşğulluqlarını və gəlir əldə etməsini təmin etmələrinə nail olmaq mümkündür.
Qalacıqda ən çox özünü göstərən amil turistlərə yerləşdirmə vasitələri və qidalanma növləri üzrə müxtəlif xidmətlər göstərilsə də, bu xidmətlər istənilən səviyyədə deyil. Halbuki yerli əhaliyə turizm vərdişlərinin aşılanması kənd ərazilərində məşğul olan əhalinin sayının, xüsusilə də, qadınların məşğulluğunun artırılmasına nail olmaq mümkündür.

Kənd yerlərinə xas heyvandarlıq təsərrüfatı Qalacıqda inkişaf etsə də, qonaqlar ət və süd məhsullarının əldə edilməsində əziyyət çəkirlər. Bu da yerli əhalinin aqroturzim sahəsində səriştəsizliyindən irəli gəlir. 

Qalacıq meyvə ağacları ilə zəngindir: alma, armud, qoz, fındıq, gavalı, göyəm, zoğal və s. Lakin kəndə gələn turist meyvə tapmaqda çətinlik çəkir. Yerli əhali "tənbəllik" edib həyətlərindəki meyvələri satmır, ya da bazar qiymətindən həddən çox baha satır. Bu da qonaqların narazıçılığına səbəb olur. 

Amma kəndə ən çox şabalıd ağacı yaraşıq verir. Bu ağac öz yaraşığı, boy-buxunu, füsunkar gözəlliyi ilə turistləri valeh edir.

Yay aylarında kəndin uşağından tutmuş qocasınadək çay qırağında, meşədə olan böyürtkəni yığıb satmaqla az da olsa qonaqların "könlünü" alır.  
Nəinki Qalacıq kəndində, ölkəmizin bütün rayon və kəndlərində aqroturizmin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maarifləndirilməsi lazımdır. Bu baxımdan, ölkəmizdə aqroturizmi inkişaf etdirmək üçün bu sahədə dünya ölkələrinin (ABŞ, Fransa, AFR, Böyük Britaniya, Danimarka, İspaniya, İtaliya, Çin, Yaponiya və s.) təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Dünya təcrübəsi göstərir ki, aqroturizm yerli icmaların, kənd və rayonların, bütünlükdə ölkənin davamlı sosial-iqtisadi və mədəni inkişafında önəmli rol oynayır. Kənd turizminin inkişaf istiqamətlərinin müəyyən edilməsi, xidmət müxtəlifliyinin təmini, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi həyata keçirmək məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər və turistlərin sakit, rahat istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlərin keçirilməsi çox önəmlidir. 

Kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda, ictimai diplomatiya vasitəsidir. İnsanlar otellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar.

Beləliklə, hər şey birmənalı olaraq ona dəlalət edir ki, turizmin, əsas da aqroturizmin inkişafı bu gün Azərbaycanın regionlarının inkişafının istənilən perspektiv planlarının təbii və ayrılmaz elementi olmalıdır. 
 

 





29.10.2021    çap et  çap et