525.Az

Toy ehtiyacı - Gülşən Nail yazır


 

Toy ehtiyacı -<b style="color:red"> Gülşən Nail yazır</b>

Ölkə və xalq olaraq, neft sənayesi ilə yanaşı, "toy sənayesi"ndə də ilk sıralardayıq. Hətta rahatlıqla demək olar ki, bu işdə birinciyik.  Bizim ölkədə hər şey toy üstündə qurulub, bütün yollar toya aparır, əksəriyyətin "çörəyi toydan çıxır". Şadlıq sarayları, qızıl mağazaları, qida sənayesi, dekor, fotoqrafiya və daha bir çox sahənin işçiləri birbaşa və dolayı yolla bu məclislərdən pul qazanırlar. Karantinin onlara nə qədər problem yaratdığını təsəvvür etmək isə elə də çətin deyil. Lakin qadağalar təkcə onlara ziyan vurmadı. Çünki bizdə toy etmək maddiyyatdan ziyadə, mənəvi bir ehtiyac halına gəlib. Alqışlar belə ancaq toy nəzərdə tutularaq edilir: "O gün olsun, xoş gününə gələk", "toyunda oynayım", "şad gününü görək" və sair.

Sanki evlənib yoldaşı ilə ömrünü bir gün şirin, çox gün acı keçirməyən insan xoşbəxt ola bilməz. Bu məsələnin həlli üçün bizə ölkə olaraq şənlik (party) güncəllənməsi gəlməlidir. Özü də hər proqrama daxil olanda xahiş kimi gələn yox, etməsən onun fəaliyyətini dayandıracaq güncəllənmə. Gəlin və bəy olmadan da şənlik təşkil etmək və layiqincə əylənmək olar, lakin "balalarını yerbəyer etmək" valideynlərdə instinkt halına gəlib. Qızlardan 20-21 (əfsuslar olsun ki, bəzi ailələrdə yaş həddi çox aşağıdır), oğlanlardan isə 25-26 yaşından etibarən "nə vaxt tərpənəcəkləri" soruşulur. Əksərən analar övladlarının ailə qurmamasını özlərinə dərd edirlər. Problemin kökünə getdikdə hər şeyin işsizlikdən irəli gəldiyi açıq-aydındır. Anaların böyük bir hissəsi evdarlıqla məşğuldur və hər gün gedib gəlməli olduqları iş yerləri yoxdur. Ev təmizliyini bitirib sarı dəsmalı mətbəx şkafının qarşısına sərdikdən, bir paket salfeti göz yaşlarını silməyə sərf edərək türk serialına baxdıqdan, yaxın qonşularla qohumların, qohumlarla qonşuların həyatını müzakirə etdikdən sonra onların etməyə heç nəyi qalmır. Bu zaman da bir toy edib başını qatmaq, uzun müddət həngamə ilə vaxt keçirməkdən başqa bir seçim qalmır. Xüsusilə, oğul anaları uzun müddət yeniyetmələr kimi qız şəkilləri toplayaraq özlərinə layiqli gəlini axtarırlar. İllərlə əziyyətini çəkib böyütdükləri övladlarını evləndirib nəvələrini oynatmaq onlar üçün mənəvi bir ehtiyacdır. Bəlkə də, əksər oğullar da analarının seçdiyi gəlin ilə evlənməyi qəbul edir, uzaq-yaxın, tanıdığı-tanımadığı qohumları əhatə edən o qarışıqlığın içində evlənəcəkləri qızın necə insan olduğunu bilmədən dünya evinə girirlər. Xoş arzuların, alqışların əhatəsində üzük taxırlar, kənardan bəyin boşboğaz dostlarından biri heç də gülməli olmayan, mənasız bir zarafat edir və hər kəs bunu gözləyirmiş kimi qəhqəhə çəkib xoşbəxt görünməyə çalışır. Toy gününə qədər hər bayram hədiyyə qutuları bir evdən digərinə daşınır. Dəst-dəst geyimlər, bəzək əşyaları, meyvə, şirniyyat xonçaları, çoxundan yaxşı geyinmiş qoyun qız evinə aparılır.  Həmin gün çatanda onlar qırmızı lentli bıçaqla kəsdikdən sonra bir-birinə tort yedirir, şərbət adı altında armud düşesi içir, romantik bir musiqinin müşayiəti ilə heç bacarmadıqları rəqsi edirlər.  Bütün bu anları fotoqraf ustalıqla lentə alır: dəbdəbəli saraylarda parlaq işıqların içində bəylə gəlinin bir-birinə baxıb gülümsədiyi, gəlinin yerə baxarkən bəyin gözlərini ondan çəkmədiyi, hər kəs rəqs edərkən arxa fonun dumanlanıb bəylə gəlinin mərkəzdə qaldığı şəkillər. Toyda gözəl vaxt keçirmək üçün hər şey olur, lakin səmimiyyət olmur. Burada bir şey yemək də xüsusi forma alır, sanki yeməklər hazırlanma məqsədinə xidmət etmir, göstəriş və gücünü sübut etmə aləti olur. Masanın ortasındakı çiçəyin ətrafında dairə boyunca yanbayan düzülən  meyvə şirələri "yallı getməsə", orada yeməkdən qol qoymağa yer olmasa, məclis layiqincə keçirilmiş sayılmır. Başqalarının toylarına saldıqları pulu yığmaq istəyən valideynlər küçədə görsələr, tanımayacaqları adamları bura dəvət edirlər. Bununla da bir-birini tanımayan 700 nəfər "tanış"dan ibarət evlilik mərasimi təşkil olunur.

Toydan bir il sonra nüfuzlu xəstəxanalardan birinin qarşısında bəzəkli bir avtomobil ana, ata və körpəni evə aparır. Uşaq otağı yeni doğulanın cinsiyyətindən asılı olaraq mavi və ya çəhrayı şarlarla bəzənir, küncdə qurulan dekorda qızılı hərflərlə ad yazılır, qarşıdakı masada oyuncağa bənzəyən şirniyyatlar düzülür. Hələ başını üstündə saxlaya bilməyən körpə daş-qaşlı paltar geyinmiş anası ilə birlikdə onu düzgün tutmağı belə bacarmayan atasının qucağında kamera qarşısına keçir. Bütün bu özünü sübut etmə cəhdləri uşaqları və onların uşaqlarını evləndirənədək, yəni ömürləri hara qədər kifayət edirsə, davam edir. Bu yaşantıların əks olunduğu şəkillərin toplandığı alboma baxarkən insanlar necə bu qədər xoşbəxtdirlər deyə sual yaranır. Evləndikləri gündən etibarən çəkilən bütün fotolarda sevinc nəzərə çarpır, üzlərdə gülüş var. Amma bu gülüşlərin nə qədəri təbiidir? Bir-birini həqiqətən tanımadan "ailə quran" insanlar həyatda xoşbəxtliyi tapa bilərmi? Bunu demək nə qədər təəssüfləndirici də olsa, cəmiyyətdə "vaxtı gələndə" evlənmək stereotipi yaranıb və həmin yaşda evlənməyənləri həyatda uğursuz hesab edirlər. Halbuki evlənmək, o imzanı atmaq hər kəsin bacara biləcəyi sadə bir şeydir. Çətin olan bir-birini tanımaq, anlaya bilmək, pis yanlarını qəbul edib onunla həyatını birləşdirə bilməkdir. Nə qədər ki, evlənmək yaşla və maddi gücünü göstərməklə əlaqədar bir məsələ olaraq qalacaq, bu uğursuzluq da artaraq davam edəcək. 
 

 





31.10.2021    çap et  çap et