525.Az

Metakainat: Virtual dövlətə doğru ilk addım


 

Metakainat: <b style="color:red"> Virtual dövlətə doğru ilk addım</b>

Dörd il öncə teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov “Apple” və “Google”a müraciət edərək onları özlərinin virtual dövlətlərini yaratmağa çağırmışdı. Bir müddət sonra Durov oxşar çağırışla feysbukun qurucusu Mark Elliot Zukerberqə də çıxış etdi. O zaman böyük çoxluq Pavel Durovun bu çağırışını qeyri-ciddi qarşıladı. Ancaq İnformasiya Texnologiyaları nəhənglərinin özlərinin rəqəmsal valyutalarını dövriyyə buraxmaq niyyəti gündəmə çıxdıqdan sonra virtual dövlətin artıq xəyaldan gerçəkliyə çevrilməyə başladığı qənaəti yarandı. Ancaq böyük çoxluq yenə də bu ideyanı mümkünsüz hesab edir.

Mark Zukerberqin feysbuk-un adını "Meta" olaraq dəyişməsi virtual dövlətin quruluşunun elan edilməsi kimi dəyərləndirilməlidir. Bu, sadəcə ad dəyişikliyi deyil. Zukerberqin sözləri bu qənaəti yaradır:  "İndi brendimiz bir məhsulla (feysbuka) o qədər sıx bağlıdır ki, o, gələcək bir yana, bu gün görülən işləri tam əks etdirmir". Feysbuk qurucusu hesab edir ki, "metakainat" (metaverse) zaman keçdikcə kimliyin ifadəçisinə çevriləcək.

Zukerberqə görə, metakainat onun şirkətinin və bütün internetin inkişafında növbəti fəsil olacaq: "Metakainatda özünüzü başqa bir insanın yanında və ya başqa bir yerdə hiss edəcəksiniz". Qeyd edək ki, özünü başqa bir yerdə, başqa bir insanın yanında hiss etmək sosial texnologiyanın ən yüksək hədəfidir. Zukerberq buna görə də bütün diqqəti bu məsələyə yönəltmək qərarına gəldiklərini bəyan edib. Belə anlaşılır ki, metakainat üçölçülü virtual aləm olacaq.

Zukerberqin sözlərinə görə, o, qarşıdakı 10 ildə metakainatın bir milyard iştirakçının olacağını gözləyir. O, bunun məzmun yaradıcıları üçün milyonlarla iş yeri yaradacaq yeni bir ekosistemə çevriləcəyinə ümid edir.

Belə görünür ki, Zukerberqin təsvir etdiyi ekosistem virtual dövlətin özüdür və feysbuk, instaqram, messencer, votsap proqramlarına toxunmayacaq. Metakainatla bağlı açıqlamadan da görünür ki, bu proqramlar ad və formatlarını dəyişməyəcək.

Zukerberqin komandası isə sözdən fəaliyyətə keçib və Metakainat virtuallığı reallıqla birləşdirəcək rəqəmsal kainatı yaradacaq komandanın formalaşdırılmasına başlanılıb. Əgər bu açıqlamalar gerçəkləşsə, insana fiziki məhdudiyyətlərdən azad olmaq imkanı verəcək. Bu zaman insan bir otaqdan otağa keçdiyi kimi asanlıqla bir məkandan digərinə keçməyə imkan qazanacaq. Yəni ki, virtual və rəqəmsal mühitlə bağlı yeni mənzərənin cizgiləri görünür.

 





31.10.2021    çap et  çap et