525.Az

Zəfər yolunun qəhrəmanı - Foto


 

XƏTAİ RAYONUNDA VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, BAŞ LEYTENANT HƏSƏN RZAZADƏNİN ABİDƏ KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

Zəfər yolunun qəhrəmanı -<b style="color:red"> Foto</b>

Oktyabrın 31-də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, qazilər və rayon ictimaiyyətinin  nümayəndələri İkinci Fəxri xiyabanda Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidi, baş leytenant Həsən Vüqar oğlu Rzazadənin məzarını ziyarət etdilər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, savaşın başladığı ilk gündən Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi: “Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycan Ordusu döyüş meydanında erməni işğalçılarına  layiqincə cavab verərək, onları torpaqlarımızdan qovdu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qısa zaman kəsiyində - 44 gün ərzində möhtəşəm Zəfər qazandıq. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad olunmasını  30 il gözlədik. Ermənistan  əzəli ata-baba torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Amma bunun boş xəyallar olduğunun fərqində idi. Çünki torpaqlarımızın işğalı ilə heç zaman barışmayacağımızı, istənilən yolla bu ərazilərimizi azad edəcəyimizi ən yüksək tribunalardan bəyan edirdik. 27 sentyabr 2020-ci il tarixində Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək əhval-ruhiyyə ilə dəyərləndirən Vətən oğulları savaşın davam etdiyi 44 gündə tariximizin Zəfər səhifəsini yazdılar. Torpaqlarımızı  qəhrəman zabitlərimizin, əsgərlərimizin qanları, canları bahasına azad etdik.”

Mərasimdə Xalq artisti Əli Nur, Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, xalqımızın birliyindən danışdılar. Onlar Vətənə həsr olunan şeirlər səsləndirdilər.  

Mərasimdə Həsən Rzazadənin döyüş yoldaşı, baş leytenant Ramaldan Ramaldanov, ehtiyatda olan polkovnik-leytenant Novruz İsmiyev çıxış edərək bildirdilər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Onlar şəhid Həsən Rzazadənin qəhrəmanlığından söz açaraq bildirdilər ki, belə igidlərin həyat yolu dərindən öyrənilməli və hər bir gəncə örnək olmalıdır. Şəhidin atası Vüqar Rzazadə mərasimdə çıxış edərək Həsənin qəhrəmanlığından, vətənpərvərliyindən söz açdı, oğlu ilə bağlı xatirələrini bölüşdü.

Mərasimdə məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər, şəhidin ruhuna dualar oxundu, məzarı önünə əklillər, tər gül dəstələri düzüldü.

Sonra mərasim iştirakçıları Xətai rayonundakı İlqar Zülfüqarov küçəsi 2942 a ünvanında şəhid Həsən Rzazadənin memorial abidə kompleksinin açılışında iştirak etdilər.

Mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək şəhid Həsən Rzazadənin qəhrəmanlığından söz açdı, belə igid övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür etdi. R.Quluyev Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı haqqında danışdı. O, Allahdan bütün şəhidlərə rəhmət dilədi, qazilərə cansağlığı arzuladı.

R.Quluyev qeyd etdi ki, bu günlərdə bütün Azərbaycan xalqı üçün and yerinə çevrilmiş məkanları ziyarət edirik: “Şəhidlərimiz haqqında hər birimiz ürəkdolusu danışa bilərik. Onlar Azərbaycanın məğlubiyyət tarixini qələbələr, qəhrəmanlıq tarixi ilə əvəz etdilər. Biz ərazilərimizin işğaldan azad edildikləri tarixləri böyük təntənə ilə qeyd edirik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər bütün dünyaya səs saldı. Həsən qardaşımız Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan oğullarddan biridir.  Hər birimiz onun həyat yolunu bir vətənpərvərlik məktəbi kimi təbliğ etməli, gələcək nəsillərin bu qəhrəmanımızı tanıması, Vətən müharibəsində yazdığı şanlı səhifələri dərindən öyrənməsi üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaqlar.”

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək vurğuladı ki, Azərbaycana qarşı bir çox təzyiqlər olmasına baxmayaraq Prezident İlham Əliyev müstəqil siyasət yürüdərək ölkəmizin inkişafı namiyə yorulmadan çalışır: “Bu gün Azərbaycanın düşmən işğalından azad edilmiş ərazilərində böyük abadlıq-quruculuq işləri sürətlə həyata keçirilir. Eləcə də Zəngilan rayonunda abadlıq-yenidənqurma işləri müvəffəqiyyətlə davam etdirilir. Bu rayonda, həmçinin ən müasir dünya standartlarına uyğun olaraq Zəngilan Beynəlxalq Hava Limanı inşa olunur. Bir neçə gün əvvəl Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi oldu. Bu hava limanı ən müasir standartlara uyğun şəkildə və qısa zaman ərzində inşa olunub. Yaxın zamanlarda qaçqınlarımız və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıdacaqlar.”

R.Həsənov söylədi ki, Həsən kimi qəhrəman Vətən övladlarının şücaəti, igidliyi sayəsində 44 günlük müharibədə layiqli Qələbə qazandıq: “Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, onların ruhu qarşısında baş əyirəm. Cəsarətli, vətənpərvər övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə minnətdarlığımı bildirirəm.” 

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mərasimdə çıxış edərək söylədi ki, bu gün qəhrəmanlıq tariximizi yaşadan şəhidimiz Həsənin əziz xatirəsinə ucaldılan abidə kompleksinin açılış mərasiminə toplaşmışıq: “Onun kimi qəhrəman Vətən oğullarının sayəsində Azərbaycanın ərazi bütövlüyü bərqərar oldu. Ölkəmiz 44 günlük Vətən savaşında böyük Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Bütün şəhidlərimizin, qazilərimizin valideynləri və bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız çağdaş Azərbaycan tarixinə şanlı Zəfər səhifəsi yazıblar. Zaman keçdikcə bu qəhrəmanlarımız haqqında filmlər çəkiləcək, oçerklər, poemalar, romanlar yazılacaq. Onlar gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsində özlərinin əvəzolunmaz  rollarını  bir daha təsdiq edərək şəxsi nümunələr göstərmiş tarixi şəxsiyyətlər cərgəsinə qoşulmuşlar. Bu baxımdan əminliklə demək olar  ki, hər bir şəhidimiz qanı və canı ilə Azərbaycan torpaqlarını yağı düşməndən  təmizləyib. Məhz belə şəhidlərimiz haqqında çox gözəl və yerində deyiblər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”

V.Rəhimzadə qeyd etdi ki, bu insanlar ərazi bütövlüyümüzün bərpası naminə canlarını fəda etdilər, bir xalq olaraq bizim milli qürurumuzu, qeyrətimizi, Vətənə, dövlətə bağlılığımızı sübut etdilər: “Ona görə də bu insanlar hər bir azərbaycanlının, Azərbaycanı sevən insanların qəlbində əbədi yaşayacaqlar. Bu insanlar bizim hər birimizin həyatında müstəsna rol oynayan igidlərimizdirlər. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Belə igidləri böyütdüklərinə görə onların valideynlərinə təşəkkür edirəm. Onlar da övladları kimi qəhrəman insanlardır. Belə qəhrəman insanların - şəhidlərin valideynlərinin qarşısında baş əyirəm. Bizim hər birimiz qürur hissi keçiririk ki, tarixən belə qəhrəman oğullarımız olub və bu gün də var. Qəhrəman şəhidlərimiz, qazilərimiz Azərbaycan tarixində müstəsna, misilsiz xidmətlər göstəriblər. Ordun varsa, yurdun var, deyiblər. Həqiqətən də bu yurdun qorunmasında müstəsna xidmətlər göstərən rəşadətli ordumuzun igid  əsgər və zabitləri Ali Baş Komandanın ətrafında xalqla birlikdə dəmir yumruq kimi birləşərək  mənfur düşməni məhv etdilər. Möhtərəm Prezidentimiz,  Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu böyük şücaət göstərərək qəhrəmanlıq tarixi yazdı.”

V.Rəhimzadə bildirib ki, bu gün bizim qarşımızda duran ən müqəddəs vəzifələrdən biri odur ki, bundan sonra da Ali Baş Komandanın ətrafında  sıx birləşərək Azərbaycanı daha qüdrətli, daha güclü dövlətə çevirək: “Bu hədəfimizə nail olsaq, təbii ki, şəhidlərimizin də ruhu şad olacaq. Həmçinin bu məqam hər birimizin öz  vətəndaşlıq missiyamızı ləyaqətlə yerinə yetirməyimizin sübutu olacaq. Bu, dövlətimizin dünya birliyində daha da layiqli yer tutmasına öz töhfələrimizi verməkdən ibarət olmalıdır. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar əsrlər boyu Azərbaycan tarixində yaşayacaq insanlardırlar. Bir daha xüsusi vurğulayıram ki, şəhidlərimiz böyük qəhrəmanlıq nümayiş etdirdilər, Azərbaycan Ordusunun gücünü, qüdrətini, Ali Baş Komandanın ətrafında sıx birləşdiyini sübut etdilər. Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşı bu birliyə dəstək olmaqla öz mövqeyini ortaya qoydu. Düşünürəm ki, şəhidlərin qəhrəmanlıqlarla zəngin  həyat yolları hər kəs üçün nümunə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Həsənin döyüş yoldaşı, mayor Anar Kazımov çıxışında vurğuladı ki, şəhidlərimizin qanı yerdə qalmadı: “Digər döyüşçü yoldaşlarımız onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Həsən qardaşımız da ilk gündən bizimlə bir yerdə çiyin-çiyinə döyüşüb. Onun göstərdiyi şücaət, igidlik, Vətənə, millətə olan sevgisi bizi Qələbəyə daha da yaxınlaşdırdı. Bütün şəhidlərimizin ruhu, eləcə də onların övladlarının, valideynlərinin qarşısında baş əyirəm.”

Mərasimdə Xalq artisti Əli Nur Prezident, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə, qazilərə diqqət və qayğısından, şəhidlərin qəhrəmanlığından danışdı.

Şəhidin atası Vüqar Rzazadə çıxış edərək oğlunun Vətən müharibəsi döyüşçüsü olduğu üçün fəxr etdiyini,  göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlığını bildirdi.

Mərasimdə, həmçinin məktəblilər Vətənə həsr olunan şeirlər səsləndirdilər.

Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxundu, abidə kompleksinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzüldü.
 

 





01.11.2021    çap et  çap et