525.Az

Vətəninə layiq övlad...


 

 Vətəninə layiq övlad...<b style="color:red"></b>

Oktyabrın 31-i Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin  anım günüdür.

2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də Böyük Zəfərlə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının müasir tarixinin şərəf və qəhrəmanlıq  salnaməsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsini böyük qələbə ilə başa vurması Ermənistanın işğalçı siyasətinə son qoydu, ərazi bütövlüyümüzün bərpa ediməsi xalqımıza qürur hissi yaşatdı. Bu böyük tarixi Zəfərin qazanılmasında xalqımızın Kənan Rüstəmli kimi mərd, cəsur, vətənpərvər övladlarının əvəzsiz xidmətləri var.

Kənan Yalçın oğlu Rüstəmli 1999-cu il noyabrın 14-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Doğulub boya-başa çatdığı Əsgərabad kəndində Saleh Babayev adına tam orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinə qəbul olunub. BSU-da ali təhsil alarkən nizam-intizamlı, elmə, təhsilə ciddi maraq göstərən, universitetin sosial-mədəni həyatında fəal iştirak edən bir tələbə kimi tanınıb. İdmana xüsusi maraq göstərib, boks və güləşlə məşğul olub.

Vətən müharibəsi başlayarkən müddətli həqiqi hərbi xidmətdə olan Kənan Rüstəmli Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda başladığı hərbi əks-hücum əməliyyatları zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı igidliklə şəhid olan Kənan Rüstəmli Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn edilib.

Kənan Rüstəmli Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə Əsgərabad kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb. Vətəninə, xalqına layiqli övlad olan Kənan Rüstəmlinin mənalı və şərəfli həyat yolu yetişməkdə olan gənc nəsil üçün örnəkdir.

Allah rəhmət eləsin!

 





01.11.2021    çap et  çap et