525.Az

...Yalvarıram, Tanrım, mənə səni doyunca düşünməyə bir gün saxla... - Fərid Hüseynin şeirləri


 

...Yalvarıram, Tanrım, mənə səni doyunca düşünməyə bir gün saxla... -<b style="color:red"> Fərid Hüseynin şeirləri</b>

Təlaş aynası

Şeirin həyatda çox şeydən vacib olduğunu
hiss etdirən şairləri sevirəm.
Yaddaşı 
gözəl günlərin ziyarətgahı olan qadınları sevirəm.
Neynim, mənim də zövqüm budur.
Adam ən tez özünə qayıdacağı yolu unudur.

Bir uzun və soyuq gecədir yazdıqlarım,
çox gözəl bilirəm.
Qızınıram susduqlarımın oduna.
Qürbət məşuqədi -
ona görə xatırlayanda 
çox zaman gecələri düşür yadına.

Eh biz də qocalırıq,
oxuduğumuz məktəblər 
soyub apardılar gəncliyimizi.
İndi "çölə boşaldın, - deyirlər, - 
yorğunluqla dolu ciblərinizi".

Necə də qaçılmazdır ölüm -
sevdiyim çiçəklərə baxa-baxa soluram.
Xatirələrlə baş-başa qalım deyə
özgələr arasında özüm olmuram.

Tanrının qucağıdırmı sükut?
Hər kəs orda rahatlıq tapır.
Ömür istəklərini 
ağlamaqla bildirən uşaqdır,
Yəqin ondandır ki, 
çoxu arzularına göz yaşlarıyla çatır.

Qızıl ağaclarını 
haqq yeyən hörümçəklər pərdələdilər,
lənət bir ada kimi çıxıb su üzünə.
Həyat sahib olmadıqlarımızın 
vergisini istəyir,
kim nizam verəcək 
dağılmış vicdan səfinə?

Bezginəm, 
sanki hər şey bir-birinə qarşıdır,
hər kəs bir-birindən qeybət edir,
Yağış ələnir nagümanlığıma,
sular könlümdəki odu keyidir.

Yalvarıram, Tanrım,
mənə səni doyunca düşünməyə 
bir gün saxla, -
sübhdən ta axşamacan 
damarımdakı qana qarış,
beynimdəki damarlara dol,
qayğıların üstünə pərdə sal,
qoyma bu günün nəfsini
sabaha ümidin çarxında itiləyim.
Bir dəmir zindanı üstündə
sənin adını zikr edə-edə
könül yaralarımı ütüləyim.

 

Usandım lirik olmaqdan

Usandım lirik olmaqdan,
özümü başqası vasitəsilə tanımaqdan,
indi ancaq 
özüylə danışan adamlardır dərd ortağım.
Qağayının, yağışın, gülün, bülbülün,
islanan saçların üzünə bağlıdır şeir otağım.
Usandım lirik olmaqdan,
Daha hüzn yaraşmır mənim şeirimə,
darıxmaq kəsir gəlir şənimə.
Özümçün yaşadığım günləri saysam
hələ bələkdəki körpəyəm,
həyatla ölüm arasında 
altından zaman axan körpüyəm.
Usandım lirik olmaqdan,
çoxdandır ki, 
çevrilib qara günlərim kölgəmə,
ağ günlərim nəfəsimə,
narahat olmayın, 
ey bir-birinə bənzəyən bəndələr,
heç kəs daha heç kəsi xatırlatmır mənə.
Usandım lirik olmaqdan,
ömrüm bir daş lövhədir sadəcə,
adamların adı qalıb üstümdə.
Zəhərli günlər qanıma qarışıb,
yumruğum boyda deyil daha ürəyim,
qəzəbim yorğunluq sobasında kül olub.
Usandım lirik olmaqdan,
köhnə şeirlərimi belə, oxuya bilmirəm,
yadırğamışam keçmişin əlifbasını.
Rəhmim kimsəsizlər qəbiristanlığıdır 
tutmuram heç kəsin günah yasını.
Usandım lirik olmaqdan,
çatdığım arzular soyutmur qəlbimi,
naşükürlüyün girovuyam,
həyatda məna axtarırmışam əbəs yerə
əslindəsə, 
əyləncə üçün atılmış 
bir güllənin "ov"uyam.
Usandım lirik olmaqdan,
əsən əllərimə,
zəifləyən gözlərimə,
astaca ağaran saçlarıma 
yaraşır elə lirika.
Çoxdan zəncirləyib məni həyat
daim təzələnən qorxularıma.
Usandım lirik olmaqdan,
bacardığım qədər 
döyüşmüşəm qədərlə,
şeirlərimsə ağ yaylıqdı,
yellənir aqibətimin sərhədlərində,
bir lirik ölüb,
amma 
kübar olun bir az - vurmayın üzümə.
Usandım lirik olmaqdan,
daha qəlbim sağa bilmir göz yaşlarımı,
dövran göyərçini dənlədi 
hövsələsizləri ömrümdən
və mən ürək rahatlığıyla söykəmişəm
səbrin çiyninə başımı.

 

Tarixin qumar masası

Vaxt ötür,
aram-aram anlayırsan ki,
yaşadığın bu ömürdə
nəyə cəsarətin çatmayıbsa,
haqqını itirmisən onların önündə.

Və sözlər,
əməllər duman kimi çəkilib,
lal və hərəkətsiz dayanmısan
taleyinin saatları yatıb.
Dəlicəsinə sevdiklərinin 
hərəsi bir tərəfdə
öz cəlladını tapıb.

Tarixin gözləri qumar masasıdır,
o, ancaq qaliblərə və məğlublara baxır,
bizsə tarixdən uzağıq,
bir neçə dostu kimi
eyni xatirənin başına yığışmış.

Bəzən 
bir günah gözlərində batırırsan
axirətin sərmayəsini,
bəzən 
bir gözləmə otağının önündə yaşayırsan
sonuncu ləyaqətli dəqiqəni.

 

Yuxu kimi

Bizdən elə gözəl günlər qalıb ki geriyə,
o anların xatirinə həmişə
keçmişdən danışmağa çatır haqqımız.
Qiyamət qiyamında
kölgəli bir ağaca möhürlənib adımız.
Dünənə qarşı qəzəbimiz yoxdur,
xoşdur tarixçəmizin niyyəti
bircə 
səninlə eyni söhbətləri etmək 
sayılmır qocalıq əlaməti.

Günahdan gözlərimiz qamaşır
baxa bilmirik bəhanə günəşimizə,
amma ayrılıq soğan doğraya bilməz
ömürlük doğmalıq nəşəmizə.

Dünya bir pəncərə imiş,
Baxdım - səni gördüm,
Hansı evə köçdümsə,
sənə baxan pəncərəni də
özümlə götürdüm.

 

Sima xəritəsi

Üzümün xəritəsində
sevgim gözlərin rəngdədir,
incimə, 
demə ki, heç soruşmursan,
"ölmüsən, ya qalmısan?"
Sənin yerini ən yaxşı mən bilirəm:
sətirlərim arasındasan.

Qanımı soyunub yatıram ki,
barı gecələr 
axmayasan damarlarımdan,
sənsə boşluğun araladığı qapıdan
sızırsan qəlbimə.
Şükür, şükür,
bizə səhvlərimizi sevdirən günlərə.

Nə demişdimsə, hamısı
bir-bir gəldi başımıza,
amma yenə də biz,
fil qulağında yatdıq.
Bu da az şey deyil  -
arzularımıza olmasa da,
ehtimallarımıza çatdıq.

 

Təzə sətir həsrəti

Sən gəncsən, gözəlsən,
və xəbərsizsən bunlardan
Gözlərində 
o qədər böyük gələcək var ki,
səndən əvvəl öləcəyimi
rahatca oxuyuram ordan.

Sevdiyim qadınlar
evinə çatmayan
mühacir məktublarıdı ömrümdə.
Sən məndə yubanma,
yetiş yaşayacağın evin sahibinə.

Gücünü arsızlıqdan alan zəmanəmizdə
mənimlə yorma özünü, 
hiyləli əlifbalarla yazılmış kitablardan
köçürmə həyatın üzünü.

Kim nə yaşayıbsa yaşayıb,
kim kimə qurşanıbsa qurşanıb.
Mənim ömrümdə
dəliliyə təzə sətirdən başlama.
Beş günlük həyatımızı
bir ömürlük təəssüfə bağışlama.
Əbədiyyət savaşı gedən
bu fani dünyada
Mənim əllərimlə
sabahkı yalnızlığına odun tullama.

Keçdi ayağının altına daş qoyub
böyüdüyümüz günlər.
Dözmək susuzluğundan quruyur
istək torpağına əkdiyin güllər.

Onsuz da ovcunda 
gizlətdiyin səadətin yerini
qorxuların söylədi hamıya.
Xiffətin mənə yadigar olsun,
qismətin Tanrıya.

 





01.11.2021    çap et  çap et