525.Az

ADMİU-nun kollektivi şəhid məzunların məzarını ziyarət edib


 

ADMİU-nun kollektivi şəhid məzunların məzarını ziyarət edib<b style="color:red"></b>

Oktyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi və bir sıra əməkdaşı şəhid məzun Süleyman Bağırovun Şirvan şəhər Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.

Şəhid məzunun ailəsiylə görüşən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Vətən müharibəsində universitetin üç məzununun şəhid oluğunu və 50-dən çoxunun müharibə iştirakçısı olduğunu bildirib. Qeyd edib ki, onların hər biri hər zaman universitetin diqqətindədir və həm universitet rəhbərliyi, həm əməkdaşlar, həm də tələbələr onlarla fəxr edir. ADMİU-da universitetin Vətən müharibəsi iştirakçılarına həsr olunmuş "Zəfər" lövhəsi açıldığını qeyd edən rektor, orda şəhid məzunların da hər birinin adlarının, şəkillərinin olduğunu deyib və bunun tələbələr üçün bir vətənpərvərlik örnəyi olduğunu vurğulayıb. Həmçinin, C.Mahmudova şəhidlərin və qazilərin ailələrinin də həm dövlətimizin, həm də universitet rəhbərliyinin hər zaman diqqətində olduğunu bildirərək onları ziyarətin mənəvi borc olduğunu deyib.

Qeyd edək ki, 1992-ci il fevralın 1-də Sabirabadın Sarxanbəyli kəndində anadan olan Süleyman Loğman oğlu Bağırov 2010-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsi, Sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə təhsil alıb. O, tələbəlik illərində universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də ictimai əsaslarla bir neçə televiziya kanalları ilə əməkdaşlıq edib.

2015-ci ildə universiteti bitirdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsində həqiqi xidmətə başlayıb. O, xidməti dövründə hərbi təhsilə cəlb edilib, C.Naxçıvanski adına Hərbi Liseydə oxuyaraq leytenant rütbəsini qazanıb.

2016-cı ildə Azərbaycan tarixinə 4 günlük müharibə kimi daxil olan Aprel döyüşlərində iştirak edib. Şəhid general-mayor Polad Həşimov Süleymanın komandiri olub.

Leytenant Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə 29 sentyabr tarixində könüllü qoşulub. O, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 13-də Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

2019-cu ilin 15 dekabr tarixində ailə quran şəhidimizin şəhadətindən sonra dünyaya gələn qız övladı vətənə əmanət qalıb.

Leytenant Süleyman Bağırov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Oktyabrın 31-də ADMİU-nun bir neçə əməkdaşı şəhid məzun Samir Qəfərlinin anım mərasimində iştirak ediblər. Ucar rayonu Bərgüşad kənd qəbiristanlığında şəhidin məzarı önündə keçirilən anım mərasiminə ADMİU-nun prorektoru Sədaqət Əliyeva, Elm və yaradıcılıq ifa işləri şöbəsinin müdiri Gülşən Qafarova, Muzeyşünaslıq kafedrasının müdiri Yeganə Eyvazova qatılıblar. 

Anım mərasimində çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva Samir Qəfərli də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman oğulların bu xalqın qəlbində daim yaşayacağını vurğulayıb. 

ADMİU-nun prorektoru S.Əliyeva çıxışında S.Qəfərlinin universitet illərində nümunəvi tələbə, məzun olduqdan sonra isə uğurlu karyerasının başında olduğunu vurğulayıb. Universitet olaraq hər zaman şəhid məzunlarını, qazi və müharibə iştirakçılarını yad etdiklərini, onların xatirəsinə universitetdə "Zəfər" lövhəsi açıldığını deyib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. 

Samir Möhlət oğlu Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 

2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olub. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirib. 

Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirib və 2019-cu ildə həmin universiteti bitirib. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan "Ata ocağı" serialına çəkilib.

2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlayıb və hər şeyin yaxşı olduğunu deyib, nigaran qalmamağı tapşırıb. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. O, 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 31 oktyabr 2020-ci ildə Ucar rayonunun Bərgüşad kəndində 18 yaşındaykən itirdiyi mərhum anasının yanında torpağa tapşırılıb.

Samir Qəfərli şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 





02.11.2021    çap et  çap et