525.Az

Qarabağ savaşı və böyük qələbəmizin tarixi Azərbaycan mətbuatında


 

Qarabağ savaşı və böyük qələbəmizin tarixi Azərbaycan mətbuatında <b style="color:red"></b>

(I yazı)

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 gün uğurla davam etdi. Bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, ordumuzun qüdrətinin şahidi oldu. Eyni zamanda Azərbaycan mediasının Vətən müharibəsi günlərində fəaliyyəti ordumuzun bu hünərini informasiya cəbhəsində layiqincə tamamladı. Media tədqiqatçısı Akif Rüstəmovun yazdığı kimi,  "Bu da onu göstərir ki, informasiya heç də silahdan az təsir etmir insanlara. Faşist Almaniyasının təbliğat naziri Gebbels deyirdi ki, "mənə kütləvi informasiya vasitələri verin, istənilən xalqı bir sürü donuza çevirim". 

Böyük qələbədə mətbuatın danılmaz rolunu dəyərləndirən professor Cahangir Məmmədli qeyd edir ki, "Mən həmin dövrdə qəzetlərin bu məsələyə necə yanaşmasını xüsusi diqqətlə nəzərdən keçirirdim. Mənim üçün doğma olan bir sıra qəzetlər var ki, bunlara rəsmi "Xalq qəzeti", müstəqil "525-ci qəzet", "Şərq" və s. nəşrlər daxildir. Bu qəzetlərin səhifələri 44 günlük savaş günlərində başdan-ayağa müharibə mövzusu ilə bağlı idi. Bu vətənpərvərliyə, peşəkarlığa və döyüşkənliyə görə mən jurnalistlərimizin fəaliyyətindən çox razıyam. Azərbaycan mediası Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və vətənpərvərlik sərgilədi". 

Təbii ki, professorun "və s." deyərək qeyd etdiyi sıraya "Azərbaycan", "Respublika", "Yeni Müsavat" kimi onlarca nəşrlərin və informasiya portallarının adlarını da əlavə etmək olar. Amma bu material bolluğunda, həm də informasiya zənginliyi baxımından daha çox diqqəti cəlb etdiyi üçün "Xalq qəzeti"nin (Baş redaktor Əməkdar jurnalist Həsən Həsənov) üzərində dayanmağı məqsədəuyğun hesab etdik.  

Münaqişə tarixi və müharibə öncəsi siyasi vəziyyətin mətbuatda təqdimatı

Birinci Qarabağ müharibəsi və ya ermənilər tərəfindən "Artsax Azadlıq müharibəsi"  kimi təqdim olunan, 1980-ci illərin sonlarından başlayan işğalçı müharibə 1994-cü ilin mayına kimi davam etdi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat tərəflər arasındakı münaqişənin həllinə çalışsalar da, cəhdlər uğursuz olmuşdur. Münaqişə nəticəsində Azərbaycandan 230 min erməni, Ermənistan və Qarabağdan isə 800 min azərbaycanlı məcburi köçkün olmuşdur. 1994-cü il mayın 12-si "Bişkek protokolu"nun  imzalanması ilə atəşkəs rejimi elan olunmuş və münaqişə dondurulmuşdur. 

 Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycana müəyyən əraziləri qaytarmaqla Qarabağ münaqişəsini 1997-ci ildə həll edə bilərdi. Ter-Petrosyan qeyd edir ki, Qarabağ rəhbərliyi yanaşmasında maksimalistdir və "onlar daha da çox şeyin əldə etməsini düşünürdülər". Ona görə də muxtariyyət təklifləri ermənilər tərəfindən rədd edilmişdir. Hətta 1998-ci il martın 30-da prezident seçilən Robert Koçaryan münaqişənin həlli üçün bütün təkliflərini  rədd etmiş, bu tendensiya İkinci Qarabağ müharibəsinə qədər davam etdirilmişdir. Nikol Paşinyanın hökumətə rəhbərliyi dövründə isə bu iddialar pik həddinə çatmışdır. Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşündə "yeni ərazilər uğrunda yeni müharibə"dən danışmaqla yeni işğalın xəritəsini göstərmişdir. Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Hətta həmin ilin avqustunda işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı "Qarabağ - Ermənistandır və nöqtə" tipli populist bəyanatı ilə beynəlxalq təşkilatların, əsasən də, ATƏT-in Minsk Qrupunun təşəbbüslərinə ciddi zərbə endirmişdir.

Ermənistan Silahlı Qüvvələri  27 sentyabr 2020-ci il səhər saatlarında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Qarşıdurma nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurma İkinci Qarabağ müharibəsinə çevrilmişdir.  

Öncədən söyləmək yerinə düşər ki, gündəlik nəşr olunan "Xalq qəzeti" əks hücumların başlandığı gündən nəşr edilən hər sayında baş verənlərə və işğal cəhdinin anatomiyasına kifayət qədər əhatəli yer ayırmışdır. 44 gün ərzində də cəbhədən məlumatlar, işğalçıya qarşı mübarizə, hakimiyyət və xalq birliyi ən aktiv mövzu olmuşdur.

Qəzetin dərc etdiyi materiallar sırasında qardaş Türkiyənin  verdiyi dəstək və Prezident R.T.Ərdoğanın "Haqq işində Azərbaycanın yanındayıq" kimi açıq bəyanat, Pakistan, Ukrayna kimi ölkələrin Azərbaycan hakimiyyətinin yanında yer alması və işğalçıya qarşı müharibədə Azərbaycana dəstəklərini ifadə etməsi də diqqətçəkən idi. Region ölkələrindən Rusiya, İran, Gürcüstan və eyni zamanda, bəzi Avropa ölkələrinin də münaqişədən narahatlıqları mühüm amildir. Heç şübhəsiz ki, Türkiyə kimi  ölkənin zərrə qədər təmənna güdmədən Azərbaycanın hakimiyyətinin yanında yer alması daha ciddi dəyərdir. 

Baş verənlərə Türkiyənin  münasibəti təkcə strateji tərəfdaşlığın yox, həm də qardaş olan dövlətin və onun dəstəkçisi olan xalqın siyasi iradəsinin bariz ifadəsi idi. "Türkiyə ədalətli davasında hər zaman qardaş Azərbaycanın yanındadır" kimi fikirlər təkcə Türkiyə xarici işlər naziri M.Çavuşoğlunun, müdafiə naziri Hulusi Akarın, Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunun yox, həm də bütün Türkiyənin mövqeyi olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğan Böyük Qələbədən sonra çox rahat bir tərzdə deyirdi: "Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik acıları sona çatdıran zəfərin sevincini yaşadıq". 

Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev AzTV ilə yayımlanan  müraciətində Ermənistanın hərbi təxribatlarının müntəzəm xarakter almasını Ermənistanın hərbi-siyasi rəhbərliyinin yeni ərazilər uğrunda işğal siyasəti adlandırdı və qeyd etdi ki,  "Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün (27 sentyabr 2020-ci il) Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar". Dünyanın  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, o cümlədən, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə əsaslanan Prezident deyirdi:

"Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" 

Azərbaycan Ordusunun cəbhə boyu əks-hücum əməliyyatına başlaması xalq tərəfindən də yekdilliklə və çoşqu ilə qarşılandı.  Az zaman kəsiyində baş verənlər mətbuatın baş mövzusu oldu. Geniş ictimaiyyətin fikir və mülahizələrinə böyük əhəmiyyət verən mətbuat bu məsələdə heç bir tərəddüdsüz müharibəni işğaldan qurtarmağın yeganə yolu kimi təqdim etdi. Cəmiyyətdə fəallığı ilə fərqlənən millət vəkili Qənirə Paşayevə sanki müharibə üçün yenidən "doğuldu". Müharibə dövründə "Xalq qəzeti" onun onlarca məqalə və müsahibələrini dərc etdi. Siyasi fəallığı və vətənpərvər çağırışları ilə seçilən xanım deputat müharibənin ilk günlərindən işğalçıya qarşı mübarizəni Vətən müharibəsi adlandırırdı. Ali Baş Komandana, xilaskar orduya, vətənpərvər əsgərə dərin inamdan danışdı: "Xalqımız yüksək ovqata, coşğun milli qürur hissinə sahibdir. Dövlətimiz, şəxsən dövlət başçımız xalqın istəklərinin ən parlaq ifadəçisidir". 

Akademik Rafael Hüseynova görə isə "Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, televiziya ekranlarından, ya kütlə qarşısına çıxaraq insanlarımıza çox müraciətlər edib. Lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı ölkədə hərbi vəziyyət elan edilməsi haqqında fərman da, elə həmin gün xalqa müraciəti də əvvəlkilərin hamısından ciddi şəkildə fərqlənir, ...vaxt ötdükcə bəlli olacaq ki, bütöv tariximizin də ən həlledici məqamları kimi qavranılmağa layiqdir". 

Ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın əllisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair birgə bəyanat yayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduqlarını bildiriblər. Qəzetə bu barədə danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edir ki, "cəbhədə baş verən hadisələr cəmiyyətdə milli birliyi daha da gücləndirib". 

Qəzetin əməkdaşları Tahir Aydınoğlu, Vaqif Bayramov, İttifaq Mirzəbəyli, Əliqismət Bədəlov, Paşa Əmircanov, Məsaim Abdullayev, Anar Turan, Zərifə Bəşirqızı və başqalarının imzası ilə təqdim edilən yazılarda bu tarixi gerçəkliyin təntənəsini görməkdəyik. Onu da qeyd etmək yerinə düşər ki, bu tendensiya qəzetin tərtibatında da özünü göstərmiş, hətta qəzeti vərəqləyən, yaxud onu internetdə izləyən oxucu da tərtibatın təqdim etdiyi qələbə sevincini yaşamışdır (məsul katib İlqar Rüstəmov). Bir az da dəqiqləşdirsək, tərtibat və məzmun vəhdətinin ortaya qoyduğu  təqdimat qəzetin siyasi xəttinin, informasiya cəbhəsindəki uğurunun təsdiqi idi. Bu faktı ortaya qoyan yazılar onlarcadır desək belə, qəzetin informasiya cəbhəsindəki uğurlu fəaliyyətini tam dəyərləndirmiş olmuruq. Əslində, qəzetin dərc etdiyi analitik təhlillər bir yana, həcmcə ən kiçik xəbərlər belə cəbhədə uğurun və Azərbaycan əsgərinin tarixi qələbəyə gedən yolunun aynası kimi görünür. Qeyd etmək yerinə düşər ki, bu tendensiya qəzetin baş xətti olduğundan təkcə əməkdaşların yox, politoloqların, eləcə də bütün kənar müəlliflərin imzası ilə təqdim edilmiş məqalə və müsahibələrdə də görünməkdədir.   

 





02.11.2021    çap et  çap et