525.Az

Nöqtələnmiş gələcək... - Maya İmran yazır


 

Nöqtələnmiş gələcək... -<b style="color:red"> Maya İmran yazır</b>

İçimdə vulkan püskürür, amma öfkəmi ifadə edəcək söz tapa bilmirəm. Gözümün qabağına hamilə bir qadın gəlir - əzizlənən, gündə 50 dəfə “Ürəyin nə istəyir?”, “Dincəl, ayaqda çox qalma” sözləri ilə qayğısına qalınan, gözlərini yumanda doğuracaq körpəsini düşünüb, onunla rəngli xəyallarını quran, hamiləliyini həftəbəhəftə, günbəgün izləyən, həkimin nəzarətində, qohumların diqqətində və həyat yoldaşının sevgisi içində 9 ayı tamamlamaq üçün səbirsizlənən gənc, gözəl bir qadın... Lap bu 11 yaşlı uşağın gəlməyəcək gələcəyi kimi!.. 

Bir də başımı çevirib baxanda görürəm, 11 yaşlı bir qızcığaz yediyini səbəbsiz qaytarır, ürəyi bulanır tez-tez, daha əvvəlki çevikliyi yoxdur, tez halsızlaşır, anasını axtarır naxoşladığını söyləmək üçün, amma onu da evdə az-az görür. Tez-tez qarnını qucaqlayıb uzanır üzüaşağı. Bir uşaq dünyasında şimşək çaxır hər gün. Amma bu səsdən qorxan qızcığaz qaçıb gizlənməyə sığınacaq tapmır. Bəzən də elə bilir ki, div nağıldan çıxıb gəlir. Arabir bərk ayaq səsləri eşidir, yekədiş, əcaib bir məxluq yaxınlaşır ona. İyrənc əlləri ilə ağzını tutur qızcığazın...

İtirdiyi topunu bətnində zənn edir zavallı. Uşaqlığını, məsumluğunu da itirir topu ilə birlikdə. Sevgisizlikdən doğulan qızcığaz sevgi axtarışında idi 11 ildir. Yeddi aydır ki, onun göyqurşağı şimşəklə toqquşub. Yeddi aydır ki, qorxulu nağıl yaşayır.

Yeddi aydır, dünya qoynunda insanlığın üz qarasına da pay verir günəşindən, havasından. Atalığın ən mundar cildinə kimlərsə bilmədən “salam”ından pay verib. Kimlərsə təbəssümündən onun üçün də ayırıb. Yeddi aydır, uşağının uşaqlığını edam etmiş “ana” əlini-qolunu sallayaraq, azaddır bu dünyanın içində. Övlad üçün göz yaşı töküb həsrət çəkənlərlə eyni dünyada yaşanır bunlar. Bu əsrin daha hansı dəhşətini həzm etmək məcburiyyətində qalacağıq?! 

11 yaşlı uşaq doğuş masasına uzanır...

Qızcığaz gözlərini açanda həkim gələcək yanına və deyəcək:

- Topunu götürdük bətnindən, amma sənə daha yenisini alarıq, o partladı... 
 

 





02.11.2021    çap et  çap et