Demokratik ölkələr vətəndaş cəmiyyətinin aparıcı qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi yer verir. Bunun nəticəsidir ki, demokratik cəmiyyətlərdə QHT-lər, eləcə də vətəndaş cəmiyyətinin digər institutları mühüm rol oynayır. Azərbaycan dövləti də öz növbəsində vətəndaş cəmiyyəti institutlarının möhkəmlənməsinə, təşkilatlanmasına, habelə onların dövlət siyasətinin icra olunmasında yaxından iştirak etməsinə maraqlıdır. Buna görə də dövlət bu sahədə atdığı hər bir addımla QHT-lərin inkişaf etdirilməsində maraqlı olduğunu əyani sübut edir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması və bu qurumun həyata keçirdiyi addımlar, istərsə də gerçəkləşdirilən digər tədbirlər bu sektorun inkişafına əsaslandıraraq, onların cəmiyyətin inkişafında yaxından iştirak etməsinə şərait yaradıb.
Qeyd edək ki, bu yazının hazırlanmasında “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin bu sahədə olan araşdırmalarından istifadə edilib.
Bu bir faktdır ki, QHT-dövlət əməkdaşlığı demokratik ölkələrin hökumətləri cəmiyyətin inkişafında əhəmiyyətli töhfələrinə görə qeyri-hökumət sektorunun inkişafını dəstəkləyir və stimullaşdırırlar. Belə hakimiyyətlər dərk edirlər ki, cəmiyyətdə müxtəlif maraq qruplarını təmsil edən QHT-lərin dəstəyi olmadan güclü ola bilməzlər. Bu onunla izah edilir ki, əksər QHT-lərin qarşısına qoyduğu məqsəd və vəzifələr son nəticədə hakimiyyət orqanlarının həyata keçirməli olduğu vəzifələrlə uyğunluq təşkil edir. Bunlar dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir çox sosial, iqtisadi, hüquqi, mədəni və digər məsələlərin həlli ilə bağlıdır. QHT-lər dövlət orqanlarına kömək edir, onların həyata keçirməli olduqları bəzi məsələlərin həllinə öz töhfələrini verirlər. Faktiki olaraq dövlət və vətəndaş cəmiyyəti vahid mexanizmin bir-birindən asılı olan tərkib hissələri kimi çıxış edir və onların əməkdaşlığı zəruri tələbata çevrilir. Müxtəlif sosial qrupların və ya fərdlərin cəmiyyətin inkişafına yönələn təşəbbüsləri dövlət tərəfindən də adekvat qəbul edilir və onun inkişafını təkmilləşdirir. Vətəndaş cəmiyyəti dövlətlə dialektik vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Demokratik rejimlərdə o, dövlətə çox yaxındır və onunla qarşılıqlı fəaliyyətdədir, avtoritar və totalitar rejimlərdə isə rejimə qarşı passiv və ya aktiv müxalifətdə olur. Dövlət vətəndaş cəmiyyətinin həyati fəaliyyətini xeyli məhdudlaşdıra bilər, lakin onu tamamilə dağıda, ləğv edə bilməz. Çünki o, dövlətə münasibətdə ilkindir, onun təməlini təşkil edir. Öz növbəsində vətəndaş cəmiyyəti də dövlətin funksiyalarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər, lakin onu əvəzləməyə və ya onu ləğv etməyə qabil deyil. Bir qayda olaraq zəif hakimiyyətlər dərin dəyişiklər aparmaqda və vətəndaş cəmiyyətini inkişaf etdirməkdə maraqlı olmurlar. Lakin cəmiyyətin inkişafı aspektindən dövlətlə vətəndaş cəmiyyətinin özəyini təşkil edən QHT-lərin əməkdaşlığı və birgə məqsəd naminə fəaliyyət göstərməsi həyati əhəmiyyətə malikdir. Sevindirici haldır ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ölkənin inkişafında yaxından iştirak edir.
Habelə vətəndaş cəmiyyəti təşkilatları bu gün sosial-iqtisadi inkişaf və yoxsulluğun aradan qaldırılması məsələlərində dövlətlə çiyin-çiyinə hərəkət edir, onun əsas tərəfdaşı və bəzən də alternativi kimi çıxış edirlər. Bu məsələlərin həllində QHT-lərin iştirakının zəruriliyi bir neçə obyektiv faktorlarla izah edilə bilər: QHT-lərin böyük əksəriyyəti o məsələləri həll edirlər ki, dövlət orqanları müxtəlif səbəblərdən həmin məsələlərə lazımi qədər diqqət ayırmırlar. Bürokratiya və korrupsiya, ictimai siyasətlərin instusional, siyasi və hətta bəzən də şəxsi maraqlar zəminində hazırlanması ictimai vəsaitlərin həqiqi ehtiyaclara yönəlməsinə mane olur. Bu məsələlər aztəminatlı ailələrə, xəstələrə qayğı, azyaşlı uşaqların və yeniyetmələrin tərbiyəsi, mədəniyyət abidələrinin qorunması və saxlanması, sosial, iqtisadi, ekoloji və s. xarakterli məsələlər ola bilər. Bir sıra hallarda
QHT-lər dövlət müəssisələri ilə müqayisədə
daha çevik olduqlarından və problemlərin həllinə daha qabaqcıl yanaşma tətbiq etdiklərindən iqtisadi cəhətdən daha səmərəli fəaliyyət göstərirlər; QHT-lər inkişaf problemlərinin müəyyənləşdirilməsinə və həllinə yerli icmaları və könüllüləri də cəlb etmək imkanlarına malikdir ki, bu da daha az maliyyə məsrəflərinə, resurslara qənaət olunmasına və nailiyyətlərin davamlılığına və qorunmasına şərait yaradır. QHT-lər inkişaf prosesində dövlət orqanlarına alternativ kimi çıxış edirlər. Onlar kasıb və marginallaşmış icmaların mobilizə edilməsinə, aztəminatlı adamlara həyatlarının yaxşılaşdırılmasına, hakimiyyət və bələdiyyə orqanları ilə əməkdaşlıq etməklə onların gücləndirilməsinə dəstək verir, daha az vəsaitlə səmərəli nəticələr əldə edir, müxtəlif proqram və strategiyalar həyata keçirməklə cəmiyyətin davamlı inkişafına dəstək verirlər.
QHT-lər yoxsulluğun aradan
qaldırılmasına
və inkişafa töhfə verən təşəbbüskar insanların cəmləndiyi təşkilatlardır. Onlar layihələri maliyyələşdirmək, xidmətlər göstərmək və bacarıqların artırılması ilə məşğul olmaq, məlumatlılığın artırılmasına töhfə vermək və müxtəlif qrupların təşkilatlanmasına dəstək vermək kimi müxtəlif yollarla sosial inkişafa töhfə verirlər. Bu xidmətlər insanlara öz qabiliyyətlərini, bilik və bacarıqlarını üzə çıxarmağa və ifadə etməyə, həyatlarına nəzarət etməyə və səlahiyyətli olmağa kömək edir. Yerli iqtisadi inkişaf və yoxsulluğun azaldılması ilə bağlı QHT-lər əsasən aşağıdakı fəaliyyətləri həyata keçirirlər: Yerli biznes və sərmayə mühitinin yaxşılaşdırılması. Yerli biznes mühitinin inkişafı üçün QHT-lər iqtisadi və sosial infrastrukturun yaradılması və saxlanması ilə məşğul olur, bu sahədə idarəetmənin və siyasətlərin yaxşılaşdırılması üçün ictimai vəkillik kampaniyaları həyata keçirir. Sərmayənin həvəsləndirilməsi və marketinq xidmətləri, habelə imkanların artırılması üçün informasiya axınını təmin edirlər.
Kiçik sahibkarlığın inkişafına yardım üçün
QHT-lər kənd təsərrüfatı, sənaye və ticarət sahəsində öz bizneslərini yaratmaq istəyən şəxslərə məsləhət və texniki yardım xidmətləri göstərir, onları informasiya və resurslarla təmin edirlər. QHT-lər mikro-maliyyələşdirmə ilə ənənəvi maliyyə resurslarına çıxışları olmayan icma üzvlərinə kiçik müəssisələr qurmaq imkanı yaradır. Son illərdə QHT-lərin gəlir yerlərinin yaradılması və mikrokreditləşdirmə fəaliyyətlərinə marağı xeyli artıb. Ölkədəki sosial-iqtisadi şərtlər uyğun olduqda, belə proqramlar bəzən uğurlu nəticələrə gətirib çıxarır və iqtisadi vəziyyəti yüksəldir. Bundan başqa öz biznesini quran şəxslərin məhsul istehsalı və satışı, maliyyə idarəçiliyi, biznes planların hazırlanmasına dair bilik və bacarıqlara, işəgötürmə, vergi və ətraf mühitin təhlükəsizliyi ilə bağlı normalar haqqında məlumatlara ehtiyacları yaranır ki, QHT-lər bu ehtiyacları qarşılaya bilirlər.
Sosial xidmətlərin göstərilməsi
Yerli iqtisadi inkişaf və yoxsulluğun azaldılması insan kapitalına, xüsusilə sosial infrastruktura çıxış imkanları məhdud olan yoxsul kəsimə sərmayə qoyulmasını zəruri edir. Təhsil, səhiyyə, qidalanma ehtiyaclarının təminatı təkcə yoxsulluğun azaldılması məqsədlərinə xidmət etmir, eyni zamanda iqtisadi inkişafın əsasını təşkil edən məhsuldar işçi qüvvəsinin yaradılması baxımından da əhəmiyyətlidir. Təhsil və məhsuldarlıq arasında mütənasiblik artıq sübut olunmuş reallıqdır. Yoxsul əhalinin əsas mülkiyyəti onun əməyi və vaxtıdır. Təhsil və təlim fərdi qaydada daha yüksək gəlirə, makro səviyyədə iqtisadi artıma rəvac verir.
(Ardı var)
AQİL
çap et