525.Az

Rusiya və Çinin boykotu - Xaqani Cəfərlinin şərhi


 

Rusiya və Çinin boykotu -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Dünyanın ən böyük iqtisadiyyata malik 20 dövlətinin (G20) iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş Roma sammiti gözlənilən nəticəni vermədi. BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib ki, sammit gözləntiləri doğrultmadı. Bunun əsas səbəbi Rusiya və Çin dövlət başçılarının sammitdə iştirak etməməsi, faktiki olaraq Liderlər zirvəsini boykot etməsidir. Dünyanın iki böyük dövlətinin iştirak etməməsinin nəticəsidir ki, sammitin yekunlarına dair bəyannamədə ətraf mühitə atılan karbon qazının azaldılması ilə bağlı əldə edilən razılaşmanın həyata keçirilməsilə bağlı liderlər dəqiq tarix göstərməyiblər. Halbuki sammit ərəfəsində bu vəzifənin 2050-ci ilə kimi həyata keçirilməsi ilə bağlı dəqiq tarix göstəriləcəyi gözlənilirdi. Digər tərəfdən, Roma sammitinin yekun bəyannəməsi 2015-ci ildə imzalanmış Paris İqlim sazişində əksini tapan maddələrin təkrarıdır. Yəni liderlər 2015-ci ildə əldə olunmuş anlaşmadan irəli gedə bilməyiblər.

“Greenpeace International” Beynəlxalq ekologiya təşkilatının icraçı direktoru Cennifer Morqan isə Roma sammitinin nəticələrini tənqid edərək qəbul olunan bəyannəməni zəif sənəd adlandırıb.

ABŞ prezidenti Co Bayden Rusiya və Çin liderlərinin sammitdə iştirak etməməsindən məyus olub. Rusiya və Çini sammitdə bu ölkələrin xarici işlər nazirləri təmsil edib. ABŞ prezidentinin məyusluğunun əsas səbəbi isə Rusiya və Çinin iqlim dəyişikliyi ilə bağlı heç bir öhdəlik götürməməsidir. Co Bayden hesab edir ki, dünya ictimaiyyəti Çin, Rusiya və Səudiyyə Ərəbistanının üzərinə düşən vəzifələrin icrasına diqqət yönəltməlidir.

G20-yə üzv dövlətlərin Roma sammitinin nəticələri gözləntiləri doğrultmasa da, liderlər zirvəsi böyük dövlətlər aralarındakı anlaşılmazlıqları aradan qaldırmağa yardım edib. Bu mənada iki görüş xüsusilə diqqəti cəlb edir. Onlardan biri ABŞ prezidenti Co Bayden və Fransa dövlət başçısı Emmanuel Makron arasında keçirilən görüşdür. Məlum olduğu kimi, Fransa və Avstraliya arasında sualtı gəmilərlə bağlı razılaşmanın pozulmasından sonra Parislə Vaşinqton arasında münasibətlər gərginləşmişdi. Fransa xarici işlər naziri Jan-İv Le Drian Avstraliyanın Fransız Hərbi Dəniz Qüvvələri şirkətindən 12 sualtı gəminin satın alması ilə bağlı anlaşmanı ləğv etməsinə, ABŞ və İngiltərə ilə anlaşmasına kəskin reaksiya verərək belə demişdi: "Biz həqiqətən də arxadan vurulduq. Avstraliya ilə etibarlılıq əlaqəsi qurmuşduq və bu etimada xəyanət edildi".

Fransanın Vatikandakı səfirliyində ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makronun görüşü Parislə Vaşinqton arasındakı gərginliyin aradan qalxması yolunda önəmli addım hesab edilir. Yayılan məlumatdan belə aydın olur ki, gərginlik aradan qalxıb. Üstəlik, ABŞ və Fransa prezidentləri Rusiya və Çin ilə münasibətləri müzakirə ediblər. Məlumata görə, Co Bayden və Emmanuel Makron görüşün təxminən 60 faizini təkbətək söhbətə həsr ediblər. Sonra nümayəndə heyətlərinin tərkibində danışıqlar aparılıb. Rusiya və Çin ilə bağlı mövzularla yanaşı, İranın nüvə problemi də müzakirə olunub. Məlumatlardan o da bəlli olur ki, prezidentlər arasında Çinin sürətli inkişafının doğurduğu çağırışlar da müzakirə olunub.

Romada keçirilən G20-i sammiti çərçivəsində dövlət başçılarının keçirdiyi ikinci əhəmiyyətli görüş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasında keçirilib. Prezidentlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər. Yayılan məlumata görə, ABŞ prezidenti Co Bayden Türkiyənin NATO müttəfiqi kimi əhəmiyyətini, müdafiə sahəsində tərəfdaşlığı yüksək qiymətləndirib. Eyni zamanda, konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarını effektiv şəkildə həll etmək istəyi vurğulanıb.
Türkiyə və ABŞ prezidentləri arasında görüş öncədən 20 dəqiqlik nəzərdə tutulsa da, 65 dəqiqə çəkib. Danışıqların sonunda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub.

Ən böyük iqtisadiyyata malik 20 dövlətin  iqlim dəyişikliyilə mübarizəyə həsr olunmuş Roma sammiti gözlənilən nəticəni verməsə də, bir sıra problemlərin aradan qalxması ilə nəticələnib. Ancaq çox güman ki, Romada keçirilmiş G20 sammiti tarixə Liderlər zirvəsini Çin və Rusiyanın boykot etməsi ilə düşəcək. Bu, həm də, deməkdir ki, atmosferin karbon qazı ilə yüklənməsi davam edəcək. Çünki atmosferə ən çox karbon qazı atan ölkələrin siyahısının başında Çin gəlir. G20 sammitinə qatılmayan Vladimir Putinin başçılıq etdiyi Rusiya isə atmosferə ən çox karbon qazı atan ölkələrin siyahısında dördüncüdür. Bu iki dövlət atmosferə karbon qazının atılmasının azaldılması ilə bağlı öhdəlik götürmədiyi üçün ətraf mühitin çirklənməsi də davam edəcək. 

 





03.11.2021    çap et  çap et