Oktyabrın 30-da Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu keçirildi. Seçkinin ilk turunda aralarında paytaxt Tiflis də olmaqla 20 şəhərin meri və 24 rayonda yerli məclisin (Sakrebulo) majoritar sistem üzrə seçilən üzvlərinin kimliyi məlum olmadığı üçün 30 oktyabrda keçirilən seçkilər böyük maraq doğururdu. Xüsusilə Tbilisi, Batumi, Kutaisi, Rustavi və Potidə seçkinin nəticəsi maraqla izlənirdi. Rəsmi məlumatlara görə, bütün böyük şəhərlərdə iqtidarda olan "Gürcü arzusu" partiyasının namizədləri qalib gəlib. Ümumiyyətlə, 20 şəhərin cəmi birində, cəmi 25 min əhalisi olan Tsalendcikdə müxalifətin təmsilçisi uğur qazanıb. Rəsmi nəticələr elan olunduqdan sonra müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını etiraz aksiyalarına çağırıb.
Müxalifətlə yanaşı, beynəlxalq təşkilatlar da seçkinin nəticəsi ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Avropa Birliyi bələdiyyə seçkilərinin ikinci turunu imkanların itirilməsi kimi dəyərləndirib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkini tənqid edən açıqlama yayıb. ABŞ-ın Gürcüstandakı səfirliyi də açıqlama yayaraq beynəlxalq təşkilatların rəyi ilə həmrəy olduğunu bəyan edib.
Gürcüstanın özündə isə əsas müxalifət partiyası "Vahid Milli Hərəkat"la yanaşı, əksər siyasi təşkilatlar da seçkinin nəticələrini tənqid ediblər. Müxalifət artıq noyabrın 6-sına Tbilisidə mitinq təyin edib. Tbilisinin ardınca Batumi və digər şəhərlərdə də etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
Müxalif "Lelo" partiyasının təmsilçisi Mamuka Xazaradze deputat mandatından imtina edib. Bələdiyyə seçkisinin ikinci turundan dərhal sonra Tbilisidə keçirilən etiraz aksiyasında çıxış edən Mamuka Xazaradze bəyan edib ki, parlamenti tərk edir ki, meydanlarda mübarizə aparanlara qoşulsun. Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvili depuatlara müraciət edərək parlamentin işində iştirakdan imtina etməyə çağırıb. Seçkinin nəticələrinin oğurlandığını bəyan edən Saakaşvili gürcüləri qürurlu xalq kimi davranmağa, saxtakarların əlindən almaq və qanun qarşısında cavab verməyə vadar etməyə çağırıb. Mamuka Xazaradze deputat mandatından imtina etməsini alqışlayan Saakaşvili ləyaqəti insanları eyni addımı atmağa səsləyib. Etirazçıların sırasına qoşulacağı günü səbirsizliklə gözlədiyini bəyan edən Saakaşvili gürcü cəmiyyətinə ünvanlanmış məktubunda yazır: "Heç bir həbsxana qapısı xalqın haqlı qəzəbini saxlaya bilməz".
Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına isə beynəlxalq aləmdə etirazlar güclənir. ABŞ Konqresinin üzvü Bred Şermanın yaydığı bəyanatda deyilir ki, Saakaşvilinin həbsdə saxlanılması Tbilisinin demokratikləşmə addımlarını sarsıda və ölkə daxilində siyasi parçalanmanı dərinləşdirə bilər.
Gürüstanda isə siyasi parçalanma artıq dərinləşib və müxalifət etirazların alternativinin olmadığını bəyan edərək mübarzəni küçə və meydanlara daşımaq qərarı verib. Bu, Gürcüstanda siyasi böhranın dərinləşməsinin göstəricisidir. Cənubi Qafqazın Avropaya açılan qapısı olan Gürcüstanda siyasi sabitliyin pozulması bütün regionda öz təsirini göstərəcək. Buna görə də Gürcüstanda siyasi böhranın sabitliyin pozulmasına səbəb olmadan öz həllini tapması bütün region ölkələrinin maraqlarına uyğundur. Gürüstanda siyasi sabitliyi qoruyub saxlamaq isə gürcü cəmiyyətindən, iqtidar və müxalifətin davranışlarından asılı olacaq.
çap et