525.Az

Azərbaycanın palçıq vulkanları: həm maraqlı, həm faydalı


 

Azərbaycanın palçıq vulkanları:<b style="color:red"> həm maraqlı, həm faydalı</b>

Azərbaycan ərazisi dünyanın palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik bölgəsidir. Bu təbiət abidələrinin sayına, çoxçeşidliliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisinə oxşar yer yoxdur. Ölkəmiz palçıq vulkanları vətəni sayılır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır. Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelağında 8 palçıq vulkanı mənşəli adalar mövcuddur.

Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.

Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin səbəbləri var. Vulkan fəaliyyətinin seysmikliklə genetik əlaqəsi vardır. Zəlzələlərin və vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına və püskürməsinə o vaxt təsir edir ki, vulkan uzun müddət fəaliyyətdə olmayıb, enerji toplayıb, püskürməyə hazırdır və zəlzələ ocağından 80-100 km məsafədə yerləşib. Zəlzələnin baş verməsi vulkanın püskürməsinə təkan verir.

Bununla yanaşı, palçıq vulkanının aktivləşməsi sahəsində müxtəlif mikroformlar vulkana yaxın olan ərazilərdə zəif zəlzələnin baş verməsi haqda qazhidrogeokimyəvi göstərici kimi məlumat verir. Vulkanın çıxardığı qazın və suyun tərkibində bəzi komponentlərin faizi anomal artır, məsələn, karbon qazı, helium, sularda - bor, xlor və sair.

Vulkanın yaxınlığında təsərrüfat, kommunikasiya işlərinin aparılması da onun püskürməsinə səbəb olur. Məsələn, 2000-ci ildə Keçəldağ, 2001-ci ildə Lökbatan vulkanlarının güclü püskürməsi bu səbəbdən baş verib. Son 200 ildə (1810-2018-ci illər) Azərbaycanda 93 vulkanda 427 püskürmə baş verib.

Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitə həm mənfi, həm müsbət təsir edir. Vulkan püskürən zaman yer səthinə karbohidrogen qazları çıxarır, 300-500 metr hündürlükdə alov sütunu yaranır, ətrafda yüksək temperatur yaranır, bəzən böyük həcmdə karbon qazı ifraz edilir və vulkan brekçiyası tullanır, müxtəlif istiqamətdə çatlar əmələ gəlir. Karbon qazı çoxluq təşkil edəndə ətraf mühitə neqativ təsir edir.

Vulkanların qrifon-salza mərhələsində qaz, minerallaşmış su, lilli palçıq, bəzi vulkanlarda (40-dan çox) bollu neft çıxır. Nəticədə, palçıq vulkanlarının yerləşdiyi ərazidə qeyri-adi duzlaşmış, neftlə hopdurulmuş torpaq və geokimyəvi nöqteyi-nəzərdən unikal vulkan landşaftı yaranır.
Vulkan püskürəndə yer səthinə metan qazı ilə zərərli karbon qazı da çıxır. Bəzi vulkanlar, məsələn, Binəqədi qəsəbəsinin yaxınlığında yerləşən Keyrəki vulkanı püskürəndə karbon qazının faizi yüksək olduğundan alov sütunu alınmır. Vulkanın sakit fəaliyyəti dövründə qaz, su, lilli palçıq, bəzən çoxlu neft çıxır və həmin sahələrdə qeyri-adi şoran torpaqlar və geokimyəvi cəhətdən nadir landşaftlar yaranır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyir ki, mühafizə olunan vulkanlar var: "Qoruq isə ciddi mühafizə altında olan bir ərazidir. Amma qoruq ərazisi olmayan palçıq vulkanları da var. Təhlükəsizlik qaydalarına əməl etməklə gedib həmin palçıq vulkanlarına baxmaq mümkündür".

A.Səmədova bildirib ki, hazırda palçıq vulkanlarına geopark statusunun verilməsi və həmin geoparkların UNESCO-nun İrs siyahısına daxil olması üçün işlər aparılır: "Geoparkların əsasnaməsi təsdiqlənib. Geopark statusu olduqdan sonra həmin vulkanlarda geoturizm inkişaf etdiriləcək. İnsanlar gedib həmin vulkanlara baxa və bələdçi vasitəsilə bu vulkanlar barədə məlumat ala biləcəklər".

Palçıq vulkanlarının müalicəvi əhəmiyyəti tibbə çoxdan məlumdur. Əsasən lilli, torflu və sapropelli palçıqlardan alınan preparatlardan müalicə məqsədi ilə dünyada ineksiya, vanna, yuyb dezinfeksiya etmə formasında geniş istifadə olunur.

Vulkan palçığının çox yaxşı müalicəvi əhəmiyyəti var və bir çox xəstəliklərin - dəri, hərəkət aparatı, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet, boyun osteoxondrozunun müalicəsi zamanı, ginekologiyada, urologiyada, kosmetologiyada və sair sahələrdə istifadə olunur.

Mineral duzlar, üzvi maddələr və mikroelementlərlə zəngin olan vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir. Son dərəcə yüksək balneoloji xassələrinə görə vulkan palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteohondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada uğurla istifadə edilir.

Vulkan palçığı kimyəvi tərkibinə görə, əsasən, silisium oksidindən ibarətdir. Bununla yanaşı, onda müalicəvi baxımdan yod, bor, brom, kalsium, maqnezium, natrium, xlor, litium, dəmir, selen, manqan, sink və s. aşkarlanıb. Azərbaycanda, xüsusən DTQ-da bu qiymətli palçığın ehtiyatı olduqca böyükdür. Onun geniş miqyasda istifadə edilməsinə, iri vulkanların yerləşdiyi hətta Xəzərin sahilində mərkəzləşdirilmiş palçıq müalicəxanasının təşkilinə şərait vardır. Palçıq müalicəxanası "təbii şəraitdə sanatoriya"ya da çevrilə bilər.

Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların ərazilərinin dağıdılması, orada intensiv inşaat işlərinin aparılması, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binalarının inşası ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmağın vacibliyini ortaya çıxardı. Vulkanik ərazilərin turizm kompleksinə çevrilməsi isə ölkə iqtisadiyyatının dirçəldilməsi istiqamətində düşünülən addım oldu.

Bu ilin aprel ayında Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməlinin qoyulmasını da bu istiqmətdə görülən işlərin davamı adlandırmaq olar. Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi təməlqoyma mərasimi "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsinin icrası kimi tarixləşdi.

Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə, dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Ərazinin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Turizm kompleksinin ən qısa zamanda istifadəyə verilməsi və turistlərin cəlbi nəzərdə tutulub.

Turizm sektorunun intensiv inkişaf etməsi və əhatə dairəsinin genişlənməsi bu sektoru iqtisadi tərəqqinin əsas sahələrindən birinə çevirib. Turizm sahəsinin inkişaf etdirilməsi həm də yeni iş yerlərinin, o cümlədən, turizm müəssisələrinin yaradılması deməkdir. Yeni təməli qoyulan Palçıq Vulkanları Turizm Kompleksi ölkəmizdə turizm sektorunun inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyinin göstəricisidir. Bu kompleksin ərazisində kvadrotsikl meydanı, piyada yürüş zolaqları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanları, eləcə də müalicəvi vannaların yaradılması nəzərdə tutulur. Ərazidədə kompleks işlərin görülməsi nəzərdə tutulub. Burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün ustad dərsləri keçiriləcək. İnanırıq ki, kompleks turistlərin böyük marağına səbəb olacaq. Yeni kompleksin yaradılması bir daha ölkəmizin turizm potensialının yüksək olduğunu göstərir. Burada mövcud olan imkanlar həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün geniş perspektivlər açır. Dövlət təbiətin bəxş etdiyi bu imkanlardan səmərəli şəkildə bəhrələnərək turizmin davamlı inkişafı üçün geniş tədbirlər həyata keçirir.

Turizm kompleksinin təməlinin qoyulması ilə birlikdə, əraziyə gələn yolların yenilənməsi prosesi də start götürüb. Bu mənada yol infrastrukturunun inkişafı çərçivəsində Qobustan qoruğundan "Qılınc" vulkanı və ətraf ərazilərdəki vulkanlara gediş-gəlişi asanlaşdıracaq, eləcə də Bakı-Qobustan-Palçıq vulkanları turizm deltasının yaranması ilə nəticələnəcək 20 kilometrlik yolun çəkilişi planlaşdırılır.

Sevinc QARAYEVA

 





04.11.2021    çap et  çap et