525.Az

Qürur duyduğum dost - Eyruz Məmmədov


 

Qürur duyduğum dost -<b style="color:red"> Eyruz Məmmədov</b>

Eyruz Məmmədov haqqında yazı hazırlamaq üçün götürdüyüm qələm elə əlimdəcə qalıb, sanki vərəqə toxunmağa cəsarət etmir. Xatirələrimi çözələyirəm. Dostumun portretini yaratmaq üçün həyatının gözüm qarşısında ötən günlərində baş vermiş və ya mənə danışdığı qeyri-adi məqamları axtarıram. Yaddaşımın gözlərinə birdən-birə qaranlıq çökür. Üzərimə götürdüyüm məsuliyyətdənmi, Eyruzun jurnalist peşəkarlığı qarşısında keçirdiyim həyəcandanmı, beynimdə hər şey keyfiyyətsiz Sovet televizorlarının ekranı kimi bir-birinə qarışır. Sanki xatirələr mənimlə gizlənqaç oynayır. Ya da ağsaqqaldan həya edən gəlin obrazına girib yaşınıb gözə görünmək istəmir.

...Əsəbiləşirəm. Qocalığı lənətləyirəm. Heç olmasa Eyruzla ilk tanışlığımı yada salım. Axı ilk tanışlıq həmişə yaddaqalan olur. Bədbəxtçilikdən bu məqamda yaddaş dəftərimdən o da pozulur. Zaman qədim Misir ehramlarının bir çoxu kimi, o günün üstünü səhra qumları kimi örtüb.
Bəlkə heç "günah" nə qocalıqda, nə də yaddaşsızlıqda deyil. "Günah" bizim dostluğumuzda, bir-birimizi doğma insan kimi qəbul etməyimizdədir. Doğma insanların münasibətləri ərk üzərində qurulduğundan, heç vaxt bir-birinin əməllərini çək-çevir etmir, hərəkətlərini təhlil etmir, yaxşı, ya pis olduğu barədə fikirləşmir. Necə ki, şəhər əhli üçün doğulub boya-başa çatdığı şəhər adiləşdiyindən onun gözəlliyini və ya bərbad küçələrini, binalarını nə tərifləyir, nə də tənqid edir. Sadəcə doğma şəhərini sevir, onunla qürur duyur. Mən də Eyruzu dost bilmişəm. Zarafatlarından da, danışıq tərzindən də, ciddiliyindən də zövq almışam. Bütün çatan, çatışmayan xüsusiyyətləri ilə mənim üçün əvəzsiz dost olub. Bu dostluqdan qürurlanmışam və qürurlanıram.

Eyruzun qürur duyduğum xüsusiyyətlərindən biri onun güclü xarakterə malik olmasıdır. Onda xarakterin coğrafiyası olduqca genişdir. Bu coğrafiya bütöv Azərbaycanı, keçmişi, indisi, gələcəyi ilə Azərbaycan mədəniyyətini, mənəviyyatını, heysiyyatını əhatə edir. Təbiətən sakit, mehribandır. Abır-həyasını gözləyən, düzlüyü, xeyirxahlığı özünə məslək seçən insandır. Heç kimin xətrinə dəyən söz deməz, hərəkət etməz. Öz davranışı ilə heç kimə də şərait yaratmaz ki, onun xətrinə dəysin. Mən Eyruzu belə görmüşəm, belə tanımışam. Bəlkə elə onu ideal insan kimi tanıdığıma görədir ki, o dövrdə hər adamın edə bilmədiyi mərd, xeyirxah hərəkətləri mən Eyruz üçün adi hərəkət saydığımdan qiymətləndirib yaddaş daxılıma yığa bilməmişəm.

Bu sətirləri yazdıqca bəzi məqamlar yaddaşımda boy verməyə başlayır. Cavanlıq illərində Eyruz bir mötəbər idarədə çalışırdı. Yenicə həmin idarədə rəhbər işə təyin olunmuş bir yaşlı yoldaş onu kabinetinə çağırıb demişdi:

- Araşdırdım, burada mənə səndən yaxın işçi yoxdur. Atanı da yaxşı tanıyıram. Aramızda səmimi münasibət var. İşçilərlə ünsiyyətdə olursan. Görürəm, sənə hörmət edirlər, inanırlar. Sən belə elə, şöbələrdə nə baş verir, kim özünü necə aparır, haqqımda nələr danışır, gəl mənə de. Mən də səni himayəmdə saxlayacağam.

Eyruz soruşur:

- Siz doğrudan mənim atamı yaxşı tanıyırsız?

- Əlbəttə.

- Atamda satqınlıq görmüsünüz?

- Yox, O, kişi adamdır, sözü üzə deyəndir.

- Axı mən də o kişinin oğluyam. Bəs Siz bu xahişi məndən niyə edirsiniz?

Eyruz bu mükaliməni mənə danışdı. Onun cavabını çox adi qarşıladım. Əgər o nadana razılıq versəydi, bu, mənə qeyri-adi gələrdi. Hər ikimiz yəqin bildik ki, etirazdan sonra həmin idarədə Eyruzun vəziyyəti yaxşı olmayacaq. Karyerası da ki, o məsələ. Amma bunları dilə gətirmədik. Çünki karyeradan da vacib kişilik idi. Pulu, vəzifəni itirib sonra qazanmaq da olar. Kişiliyi isə bir dəfə itirdin, qurtardı, bir də qazana bilməzsən.
Kədərlənmək əvəzinə, o "böyük adamın" ünvanına bir-iki "prikol" da deyib gülüşdük. Bununla da həmin hadisə unuduldu.

Eyruzla mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə qəbul imtahanları verirdik. İmtahana gələnlərin əksəriyyəti istər-istəməz həmsöhbət olurlar. Həmsöhbətlərimizdən biri Sabirabad əhli idi. 6-7 il idi ki, jurnalistikaya imtahan verirdi. Məlum oldu ki, o, kasıb oğlandır. Atası atıb gedib, indi də qoca anasının himayəsindədir. Dediyinə görə, atası rayonda, ya da kənddə (indi xatırlaya bilmirəm) baytar həkimidir. Onlara əl tutmur.

Eyruz qəbul imtahanlarının birində mənə dedi ki, gəl günorta çörək yeməyə onu da özümüzlə aparaq. Hiss etdik ki, o, bu dəvəti gözləyirmiş, bəlkə də bizi buna hazırlayırmış. Görünür, onlarla abituriyentin arasında məhz bizim üzüyola olduğumuzu yəqinləşdirmişdi.
Allahın köməkliyi ilə biz də, o qardaş da universitetə qəbul olunduq. Yenə də himayəmizdə idi. Arada bir bizə çaxır da aldırırdı. İçirdi, keflənirdi və başlayırdı onları atıb gedən atasını söyməyə.

Bir gün necə oldusa bizimlə arası dəydi. Səhərisi gün gördük ki, bütün patok bizdən danışır. Tələbə yoldaşlarımız arasında şayiə yayıb ki, Eyruzla Bəyalı qəbul imtahanları vaxtı mənim aldığım kolbasa ilə qarınlarını doydurublar, gözlərindən gəlsin. Əlbəttə, heç kim inanmadı. Əksinə, o adamı məzə, gülüş hədəfinə çevirdilər. Çünki tələbə yoldaşlarımız bilirdilər ki, Eyruz da, mən də Sumqayıtda sayılıb-seçilən, imkanlı kişilərin övladlarıyıq. Eyruz nəinki incidi, əksinə, həmin dostumuza qayğısını bir az da artırdı. Pulunu əskik etmədi. Yenə də naharını aldı. Səbəbini də belə izah etdi: hər adam bir xasiyyətdə olur. Biz onunla çörək və salam kəsmişik. Bu iki müqəddəs şeyə hörmət hər kəsin borcudur.
E.Məmmədovla tələbəlik illərimiz çox uzun çəkmədi, deyəsən, ikinci kursdan filologiya fakültəsinin qiyabi şöbəsinə keçdi. Sumqayıtda özünə yaxşı karyera qurdu. Şəhər Partiya Komitəsində təlimatçı, Sumqayıt superfosvat zavodunda həmkarlar ittifaqı komitəsinin sədri, "Kommunist Sumqaita" qəzetinin baş redaktoru vəzifələrində işlədi.

Ölkəmizdə Sovet imperiyasına qarşı etirazlar başlayanda fəal azadlıq mücahidləri sırasında oldu. Təbii ki, qələmi ilə. O zaman bilinmirdi ki, hadisələr nə ilə nəticələnəcək. Hələ də ordusu, topu, tüfəngi olan imperiya etirazları yatırıb kütləvi həbslərə, repressiyalara da başlaya bilərdi. Amma Eyruzu bu təhlükələr qorxutmurdu.

1988-ci il Sumqayıtda Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi ixtişaş, bu ixtişaşda erməni izləri uzun illərdir ki, E.Məmmədovun tədqiqat mövzusudur. Bu mövzunu araşdırmaq məqsədilə Bakıda, Moskvada arxivlərdə olub, keçmiş SSRİ-nin rəhbər işçiləri ilə müsahibələr edib. Hadisə şahidlərinin dediklərini qələmə alıb. Hadisələrin mahiyyətini, məqsədini əsaslı şəkildə ortaya qoyub. Erməni yalanlarını, iftiralarını, böhtanlarını ifşa edib.

Böyük ürək sahibi, ruhu qocalmaq bilməyən Eyruz Məmmədov 70 yaşın bir-iki addımlığında olsa da, qələmi ilə hələ də müzəffər əsgər kimi Vətənin, ədalətin keşiyindədir.

Bəyalı RZAYEV
"Ülfət" qəzetinin baş redaktorunun müavini, Əməkdar mədəniyyət işçisi

 





04.11.2021    çap et  çap et