525.Az

Vətən ona oğul deyir... - Xaliq Səhliyevin döyüş yolu


 

BÖYÜK ZƏFƏRDƏ CƏSUR DÖYÜŞÇÜMÜZ XALİQ SƏHLİYEVİN DƏ HÜNƏR VƏ RƏŞADƏT PAYI VAR

Vətən ona oğul deyir... -<b style="color:red"> Xaliq Səhliyevin döyüş yolu</b>

Deyirlər, torpaq qanla qarışanda Vətən olur. Bu deyimin mahiyyəti heç də həmişə insan ölümü, müharibə, qan-qada deyil. Söhbət torpağı qorumaq və onun uğrunda mübarizədən gedir; bura mənim evimdir, ocağımdır, mən ocağımın keşikçisiyəm. Bu mühafizəkarlıq bizim genimizdə, ruhumuzda var. 

30 il düşmən tapdağı altında qalan Qarabağ neçə-neçə ərənlərin qanı bahasına, döyüşçülərin sarsılmaz əzmi nəticəsində azad edildi. Uzun zaman torpaq itkisinin, müvəqqəti məğlubiyyətin ağrı-acısını yaşayan xalqımıza, nəhayət, parlaq qalibiyyət nəsib oldu. Bu qalibiyyətdə, bu Böyük Zəfərdə əziz şəhidlərimizin rolu danılmazdır və ömür boyu onlara borclu olacağıq. 

ÖLÜMÜN GÖZÜNƏ DİK BAXMAQ... 

Bu, böyük ürək, hədsiz cəsarət  tələb edir. Amma yaddan çıxarmayaq ki, qazilər, sağ-salamat geri dönən döyüşçülər də Böyük Zəfər naminə böyük fədakarlıqlar göstəriblər, ölüm-qalım dilemması qarşısında mücadilə aparıblar. Şəhidlərin yarımçıq qalan arzularını məhz onlar həyata keçiriblər, döyüşçü yoldaşlarının qanını yerdə qoymayıblar. Elə bu yazım da onlardan, yəni haqq savaşımızda şücaət göstərib geri qayıdan qəhrəmanlardan biri haqqındadır... 

Avtobusdan enib köhnə məhləmizə sarı boylandım. Olub-keçənlər yadıma düşdü. Azərbaycanın Milli qəhrəmanı Famil İsgəndərovun adını daşıyan, dayanacaqdan çox da aralı olmayan, yazmağı-oxumağı öyrəndiyim 157 saylı məktəbi xatırladım. Biz ilk dəfə vətən, qəhrəmanlıq, mübarizə, şəhidlik anlayışlarını Famil İsgəndərovun adına istinadən öyrənmişik. 

İndi haqqında söz açacağım igidimiz də məhz Milli Qəhrəmanımızın qurban getdiyi torpaqlar uğrunda mübarizəyə qoşulmuşdu 44 günlük Vətən müharibəmizdə... Xaliq İlham oğlu Səhliyev 2002-ci il aprelin 18-də Beyləqan rayonunda anadan olsa da, ailəsi əslən Ağdamın Mərzili kəndindəndir. Qarabağ işğal olunanda məcburi köçkün kimi Beyləqanda məskunlaşıblar. Sonra tale elə gətirib ki, Xaliq Bakıda boya-başa çatıb, məktəbə burada qədəm qoyub. Elə uşaq yaşlarından onun özünə məxsus xarakteri olub, əsl azərbaycanlı oğul kimi böyüyüb. Sözsüz ki, ailədən gələn tərbiyə də onun formalaşmasında böyük rol oynayıb. Xaliqin anası danışır ki, o, uşaq vaxtından çöldəki söz-söhbəti evdə danışmayıb, evin-ailənin sirrini də bayırda açmayıb, özünə aid olmayan məsələlərlə maraqlanmayıb. Ən əsası, 

ÜRƏYİNDƏ HƏMİŞƏ YURD NİSGİLİ OLUB...

Görmədiyi Ağdamın, dədə-baba yurdu Mərzilinin həsrətini çəkib uzaqdan-uzağa. O yerlər barədə xoş hissləri, dadlı duyğuları ən çox atası aşılayıb ona: şəhid qardaşı olan İlham kişi. Beləcə, Xaliq söhbətlərlə, xatirələrlə, fotoşəkillərlə qiyabi tanıyıb, sevib o doğma yurd yerlərini. Onun taleyini müharibəyə bağlayan Vətən sevgisi, el-oba həsrəti olub. Həyat yolunun müharibə ilə kəsişməsi onu daxilindəki savaşdan, vicdani əzabdan xilas edib. Xaliq daim özünü Vətənə borclu sayıb. Müharibə Vətənin borcundan çıxmaq üçün ona şans vermişdi...

2020-ci ildə orta məktbi bitirən Xaliq may ayında Gəncəyə hərbi xidmətə gedir. Karantin bitdikdən sonra onu Göygölə yollayırlar. Əks-hücum tədbirlərinin başlanmağına az qalmış, ermənilərin təxribatları geniş vüsət aldıqca müqavimət üçün ordumuzda lazımi hazırlıqlar görülürdü. Xaliq də Murov istiqamətinə yollanan əsgərlər arasında idi. Hələ 3-4 ayın əsgəri olan Xaliq böyük ruh yüksəkliyi ilə o torpaqlara yollanırdı. Valideynləri həmin günlərdə Xaliqlə əlaqə yarada bilmirmişlər. Axır ki, atası onun yerini birtəhər öyrənir və böyük əks-hücumun başlanmağına 2 gün qalmış, Murova yollanır İlham kişi. Aşağı postların birində komandir onların görüşünə şərait yaradır. İlham kişi deyir ki, hələ heç nədən xəbərimiz yox idi, amma ürəyimə nəsə dammışdı. Elə buna görə də oğlunu görmək üçün israrlı imiş.

Xaliqgil sadədən də sadə, darısqal bir evdə yaşayırlar. Evi nəzərdən keçirdikcə görürsən ki, burada heç nə asanlıqla əldə olunmayıb. Hər küncdə, hər əşyada böyük zəhmətin, halal ruzi üçün ocaqdan od götürməyə hazır əllərin izləri görünür. 

XALİQ KİMİ BİR CƏNGAVƏR BU DARISQAL EVDƏ BÖYÜYÜB 

Geniş, sonsuz Vətən anlayışı onun üçün bu balaca evdən başlayıb. İlham kişi, həyat yoldaşı bu evdə Vətənə dörd oğul yetişdirib. Xaliq bu gün o balaca evi böyük qalaya çevirib. Bu gün bu evin ən gözəl bər-bəzəyi igid oğuldur. Onun evə sağ-salamat qayıtmağı bütün maddi-mənəvi nemətlərdən daha qiymətlidir ailə üçün.

Xaliqin döyüş yolu barədə danışılanları eşitdikcə belə bir qəhrəmanla həmsöhbət olduğum üçün fəxarət hissi keçirirdim. Hər şeyi xırda detalına qədər qələmə alıram ki, siz də onun şərəfli döyüş yolundan xəbərdar olasınız.

Sentyabrın 27-də böyük əks-hücum başlanan ilk andan etibarən Xaliq döyüş meydanında olub. O və qəhrəman döyüş dostları bir neçə düşmən postunu azad etdikdən sonra daha da irəliləyiblər, əhəmiyyətli nöqtələri ələ keçiriblər. Murovun düşmən tapdağından azad olunması həm də Xaliqin və digər cəsur vətən oğullarının rəşadətinin bəhrəsidir. 

Xaliq danışdıqca hiss edirəm ki, ağrıları təzələnir, qaysaq bağlamayan yaraları göynəyir. Taqım komandirinin onun lap yaxınında şəhid olmasını böyük həyəcanla, kədərlə nəql edir. Həmin vaxt özü də yaralanıb, diz qapağı ağır zədə alıb və onu hospitala aparıblar. Həkimlərin təkidinə baxmayaraq, ağrıları bir az kəsən kimi geri - cəbhəyə qayıdıb. Deyir ki, mən döyüş yoldaşlarımı orada tək qoya bilməzdim. 

Döyüşlər gedən zaman, Xaliq də daxil olmaqla, 6 nəfər igidimiz 6 saat boyunca ağır şəraitdə bir mövqeyi qoruyub. Bu, onlar üçün həyatda və savaşda ən ağır sınaqlardan olub.

Xaliq və yoldaşları Murov azad olunandan sonra Zəfər gününə qədər həmin postlarda möhkəm dayanıb, oraların keşiyini çəkiblər. 

Xaliqlə söhbətimin ən həssas məqamı əmisi ilə bağlı düşüncələri idi: "Əmim Mobil Səhliyev 1994-cü ildə Kəlbəcər ərazisində, Murovdağda gedən döyüşlərdə şəhid olub. Mən onun üzünü görməmişəm. Amma həmişə arzulayırdım ki, əmimin qanı yerdə qalmasın. Mən qürur duyuram ki, əmim şəhid olan əraziləri azad edən döyüşçülərimizin sırasında mən də var idim. Oraları dolanarkən içimdə qəribə hisslər baş qaldırırdı. Əmimin fotoşəkilləri gözümün önünə gəlirdi..."

ŞƏHİD ƏMİNİN QAZİ DAVAMÇISI

Xaliqi böyüdüb Vətən üçün müsəlləh əsgər kimi formalaşdıran amillərdən biri də əmisinin şəhidlik məqamına ucalmağı olub. Damarlarında axan qanın təsirindən belə məğrur, cəsur, iradəli yetişib. 

Vaxtilə əmisinin uğrunda şəhid olduğu Kəlbəcərin adını Xaliq Səhliyev bu gün öz adı ilə qoşa gəzdirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Xaliq İlham oğlu Səhliyev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

Xaliqlə görüş zamanı bu təltiflə bağlı bir söz demədi. Medal məsələsindən söhbət düşəndə də bu nüansı nəzərimə çatdırmadı. Bu yazını redaktora yollamamış, internetdə Xaliqin adını, soyadını yazanda medal alanlar siyahısında ismini gördüm. Tez özünə zəng elədim:

- Xaliq, niyə bu barədə mənə nəsə deməmişdin?

- Yəqin unutmuşam. Əsas mükafat Qarabağın azadlığıdı. Medal-mükafat sonrakı məsələdi, olmasa da, deyilməsə də olar...

Əsl mərdanəlik bir az da bu məsələyə sığınır - təmənnasız Vətən sevgisi, mənafe güdmədən sinəni sipər eləmək...

Xaliq sevinclidir. Əmisinin və şəhid olan döyüş yoldaşlarının qanını aldığına, Qarabağın, doğma Ağdam, Mərzili kəndi düşməndən azad edildiyinə, bu parlaq Zəfərdə şəxsən payı olduğuna görə xoşbəxtdir. 

Elə Xaliq kimi igidlərin bu haqlı xoşbəxtliyindən, qəhrəmanlığından güc alıb ayaqda durur xalqımız. Bizim də borcumuz odur ki, onların sevincinə sevinc qataq, bundan sonrakı həyatlarının rəvan keçməsi üçün hamılıqla əlimizdən gələni əsirgəməyək.

 





05.11.2021    çap et  çap et