Mən onu tanımırdım, üzünü də görməmişdim. İgidliyini eşidib, nağılını duyub sevdim onu. Bir qardaş kimi, bir oğul kimi, bir azərbaycanlı kimi.
Biri varmış, biri yoxmuş...
Bütün nağıllar, əfsanələr belə başlayır. Babalarımızın, nənələrimizin, böyüklərimizin bizə danışdıqları nağıllar, əfsanələr. Uşaq hafizəmizdə tutub, özümüzlə bərabər böyütdüyümüz qəhramanlarımızı, igidlərimizi unutmadıq. Yaradanın içimizə qoyduğu gözəllik, yaxşılıq, mərhəmət, vətənpərvərlik toxumlarını o qəhramanlar üstə, xislətdə cücərdik, böyütdük. Uca Allahın bizlərə bəxş elədiyi gözəllikləri, təmiz və əvəzolunmaz hissləri qəlbində özüylə böyüdənlərdən biri də Elbrus qədər vüqarlı, qeyrətli, əzəmətli olan Elbrus oldu. Özünə bu dünyada bir nağıl yazdı. Heç kimin düşünə bilmədiyi, uydura bilmədiyi, gecə -gündüz başını sındıraraq yaza bilmədiyi bir əfsanə, bir nağıl qoydu getdi.
Biri dekabr 1986-cı ildə Beyləqan rayonunun Milabad kəndində doğuldu. Orta məktəbi bitirdikdən sonra hərbçi olmağı qarşısına məqsəd qoydu. Və dediyini elədi. Azərbaycan respublikasının Quru qoşunlarında hərbi fəaliyyətə başladı. Bütün igidlər kimi onu da ən çox düşündürən Cənnət Qarabağın yağı düşmənlərdən təmizlənməsiydi. Harda olursa-olsun, fikrində götür-qoy edirdi. Xəyallarında erməni vəhşilərini torpaqlarımızdan təmizləyirdi. Planlar qururdu. Aprel döyüşlərində iştirak edəndə özünü göyün yeddinci qatında hiss edirdi. Orda döyüş yoldaşlarıyla göstərdiyi igidlikərdən zabit yoldaşları fərəhlə danışırlar.
Həmişə irəlidə olmağı sevən, düşmənə göz açdırmayan Elbrus Bayramovun çoxdankı arzusuydu İkinci Qarabağ müharibəsində iştirak etmək. Oğlu Ömərlə, Xəyyamla son dəfə vidalaşanda da fikirləşirdi ki, bəlkə də qayıtmadı. Bu vətən sevdasıdı dedi öz-özünə. Kim bilir, yeri gəlsə, baş qoyaram yolunda. İgidlər heç zaman belə düşünməkdən belə qorxmurlar. Bilirlər ki söhbət yağının pəncəsində olan yerdən-yurddan gedir.
Torpağı, vətəni varvarlardan qurtarmaq söhbəti başqalarına bənzəməz. Burda sən-mən yoxdu. Burda Vətən yolunda baş qoymaqdı əsas məsələ. Düşünmək, başqa xəyallara düşmək olmaz. Uf demədən yeri gəlsə, yolunda canından keçəcəksən. Öz bölüyüylə döyüşə Füzuli rayonundan başladı. Həmən də birbaşa irəli atıldı Elburus. Əsgərlərinə əmr verməzdi mayor. Özü irəlidə olardı, düşünmədən.
Elə buna görə də Qaraxanbəyli kəndinin alınmasında öz əsgərləriylə düşmənin mövqeyini yarıb keçdilər elə həmin gün. 27 sentyabrda qazandıqları ilk qələbə düşmənin gözünün odunu aldı. Ermənilərin zirehli texnika kalonunu və canlı qüvvəsini məhv etdilər. Yağı düşmən ilk gündən anladı ki, Azərbaycanın igidləri bunların düşündükləri əli silahsız gördükləri camaat deyil. Bu ölkənin əsgərləri ən müasir silahlarla silahlanıblar. Ürəkləri də ki Vətən sevgisiylə aşıb-daşır. Bunu başa düşməkləri də onlara kömək edə bilməzdi. Artıq ayağa qalxmış bütün Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. Sentyabrın 28-də Qaraxanbəyli kəndinin ətrafındakı düşmən mövqeləri ələ keçirildi.
Elə həmin gün idarə etdiyi tankda minaya düşüb yaralanmasına baxmayaraq, geri çəkilmədi. Döyüş zamandı dedi ki, bizə ancaq irəliləmək lazımdır. Elbrus Bayramov idarə etdiyi zirehli tankla ermənilərin silah dolu maşınını və otuzdan çox canlı qüvvəsini məhv etdi. Nə qədər cəhd etsələr də, düşmən hucumları dəf olunurdu. Ermənilərin cəhdlərinə baxmayaraq, onların mövqeləri fəth edildi. Bir gün sonra - oktyabrın 1-də düşmənin bütün döyüş, rabitə və tibb heyəti darmadağın oldu. Strateji yüksəkliklər Azərbaycan döyüşçülərinin əlinə keçdi. Öz döyüşçüləriylə canları və qanları bahasına qazandıqları mövqeləri əldən vermədilər. Yaralı-yaralı vuruşan mayorun ağrıları, acıları yadına belə düşmürdü. Onun və döyüş dostlarının məqsədi tezliklə Qarabağ torpaqlarını yağılardan geri almaq, haqq müharibəsini qələbəylə başa vurmaq idi. Oktyabrın 2-də Füzuli ətrafında düşmən bunkerinə hücum əmri verildi. Ermənilərin canlı qüvvəsi orada birləşirdi.
Həmin gün mühasirədən çıxa bilməyən taborun köməyinə gəldi heyətiylə. Arxadan özlərini döyüş yoldaşlarına yetirib onları çətin mövqedən çıxara bildilər. Oktyabrın 2-də şəxsi bölüyü ilə hücuma keçən mayor Elbrus Bayramov tarixə öz adını yazdı. Əsgərlərlə bərabər, düşmənin xeyli canlı və zirehli qüvvəsi məhv edildi. Necə deyərlər, yarılmaz sədləri yardılar qəhrəmanlarımız.
Elə həmin anda qanlı döyüş gedərkən əfsanəvi qəhrəmanlıq göstərən mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini gördü. Bildi ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu canlı itki verəcəklər. Çünki zirehli silahlardan durmadan mövqelərimizə atəş açılırdı. Zabit dostunu əsgərlərin yanına göndərdi. Sağ cinahdakılara təhlükəni xəbər verdi. Götürdüyü əl qumbarasıyla onların üzərinə gələn tankın qarşısına yeridi. Tanka çatana qədər snayperlə ayağından vurulsa da, özündə güc toplayıb igidcəsinə özünü irəli atdı. Tankın lüləsindən qumbaranı içəri tulladı. Bütün heyəti və tankı məhv etdi. Və beləliklə, yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtardı. Onların irəliləməsinə şərait yaratdı. Şəhidlik zirvəsinə yüksələn Elbrus özünün dastanını belə yazdı tarixə.
Nağıllar, əfsanələr diyarına çevrildi cənnət Qarabağ. Orda özünə dastan yazanlar cənnətlik oldular. Nağıllaşdılar. əfsanələşdilər. Belə nağılların, dastanların arasında Elbrusun da əfsanəsi var...
Mən onu tanımırdım, üzünü də görməmişdim. İgidliyini eşidib, nağılını duyub sevdim onu. Bir qardaş kimi, bir oğul kimi, bir azərbaycanlı kimi. Fəxr etdim ki, vətənimin belə qəhrəman oğulları var. Onun torpaqlarını, yerini, yurdunu düşmənin qəddar pəncəsindən qurtarmaq üçün canını uf demədən qurban verir. Qurban verir ki, başımız əyilməsin, düşmən gözünü və nəfsini yığsın əbədi olaraq torpaqlarımızdan, Ömərlə Xəyyam vüqarla, qururla addımlasın gələcəyə. Onlar və bütün uşaqlar Vətənin və onu qorumağın nə qədər önəmli olduğunu bilsinlər. Bilsinlər ki, Azərbaycanın bir qarış torpağını belə düşmənə vermək olmaz. Şəhidlər ölməz, Vətən bölünməz...
Ulduz QASIM