525.Az

Şəhidlik - ən uca zirvə - Gülşən Nail yazır


 

Şəhidlik - ən uca zirvə -<b style="color:red"> Gülşən Nail yazır</b>

8 Noyabr 2021. Əbədi qələbəmizin ilk ildönümü. 365 gün bundan əvvəl şanlı müharibəmiz qələbə ilə başa çatdı. İllərdir ayrılığı ürəyimizə xal salan əzəli torpaqlarımız başqalarının əlində oyuncağa çevrilən alçaq düşmənlərin istilasından azad oldu. Bu qalibiyyət günəşini parlatmaq üçün şəhidlərimiz öz işıqlarını qurban verdilər. Bir üçün min öldü. Min üçün milyon ağladı... Ölən insanların sadəcə keçmişi olur. Onlar bu gün olmur, sabah yaşamırlar. Şəhidlərimizin ölülərdən fərqi də budur. Bəlkə də, onlar həyatda yoxdurlar. Evlərindən səsləri, uşaqlarının başından sığalları əskikdir. Ancaq onların dünəni də var, bu günü də var, sabahı da olacaq. Bu sabahı onlar üçün biz yaradacağıq. Bundan sonrakı bütün sabahlar onlar üçün açılacaq, Günəş onlar üçün doğacaq. Onların qəlbini isidəcək. Bundan sonra onların eşidilməyən səsləri, oxşamayan sığalları, baxmayan gözləri biz olacağıq. Çünki bu gün hələ də başımızı qaldırıb parlaq səmaya baxa biliriksə, bu, yalnız və yalnız onların sayəsindədir. 27 sentyabr onlar sabahlarını payızın parlaq və təmiz havası yerinə tüstü və top atəşləri ilə açdılarsa, bu da bizə görədir, bizim uğrumuzdadır. Bizim arzumuz, bizim həsrətimiz onları bu yolda qürurla addımlamağa sövq etdi. Buna görə də, onların çəkdikləri əziyyətin qarşılığını ödəmək bizim vətən qarşısındakı borcumuzdur. 

Hamımız torpaqdan gəlirik, torpağa da qayıdacağıq. Onlar isə bir başqa qayıtdılar. Onların qayıdışı başqalarının gəlməsi üçün idi. Bir ölüm min dirimə səbəb oldu. Biz tək onları torpaq altında qoymadıq. Hər şəhid tabutunu dəfn edəndə 30 illik həsrətimizdən bir parçanı da torpağa verdik. Hər şəhid bir parça həsrət apardı cənnətinə. Hər qovuşma bir ayrılığa səbəb olur. 

Şəhid kəlməsi haqda düşündükcə, şəhidləri andıqca neçə-neçə cavabı özündə olan sual, müəmma kimi görünən, ancaq əslində, mahiyyəti aydın gerçəklər çıxır qarşıya. Atasız bir uşaq, həyatına həyat yoldaşı olmadan davam etməli bir qadın, canının parasını, ömrünü verdiyi oğlunu qara torpaq aparan ana-ata necə dözəcək o həsrətə? Qara torpağınmı bizə yazığı gələcək? Onun vicdanı varmı? Ya mələklər cənnətin qapılarını üzümüzə açacaqlar? Biz itirilən oğullarımızı harda axtarıb tapacağıq? Hansı yer bizə bir ümid verəcək? "Şəhidlik ən uca zirvədir" deyirlər, onları zirvələrdəmi axtaraq? Bazardüzü, ya Kəpəz, Qoşqar, yoxsa Babadağ onları gizlədir bizdən? Niyə bizi bu qədər sınağa çəkir təbiət? 

"Ölümlü dünyadır" deyirlər, axı ölüm onlardan çox uzaq idi. Məktəbi yeni bitirən gəncin yanında ölümün nə işi? Ölüm universitet otaqlarına girə bilərmi? Yox? Bəs onda niyə hər fakültədə bir bayraq, bir dəstə çiçək, bir gənc şəkli var? Kimdir bu nurüzlü cavanlar? Gecələr ay işığı boş koridorlarda dolaşanda onlar niyə tək-tənha olurlar?

Körpəsini beşiyə qoyan atanın əlləri bumbuz olarmı heç? O əllər övladını hər zaman isitməli deyildimi? Körpə üşüyər, ona soyuq əllə toxunmaq olmaz axı... Ataların əlləri hər zaman isti olmalıdır. Torpaq atılmamalıdır onların üstünə. Körpəyə torpaqlı əllərlə də toxunmaq olmaz. Yumulu gözləri ilə ona baxa bilməzlər. Bəs onlar niyə gözlərini açmırlar? Körpəni sinəsində oynadacaq, yəqin. Yoxsa niyə belə uzansın ki? Ona da soyuq olacaq, körpəyə də... Bu atalar niyə belədir axı? Bu atalar... bu atalar niyə yoxdurlar? Körpələr ağır çantalarla məktəbə gedirlər. Kömək edən yoxdur, atalar yoxdur. Körpələr ali məktəbə yollanır. Yol öyrədən yoxdur, atalar yoxdur. Körpələr işə gedir. "Ehtiyatlı get", - deyən yoxdur, atalar yoxdur. Körpələr ata-ana olur. Həyəcanına şərik olan yoxdur, atalar yoxdur. Körpələr qocaldılar, körpələr torpağa qayıtdılar. Ata sığalından məhrum körpələr sığallarına qovuşmağa getdilər... 

Deməli, Şəhid olmaq abi-həyat içməkdir. Şəhid olmaq zamandan asılı olmayaraq var olmaqdır, varlığını əbədiləşdirməkdir. Özünün olanı başqasına qurban verməkdir. Şəhid olmaq qəhrəman olmaqdır. Şəhid olmaq bir yıxılanda min də qalxmaqdır. Batan Günəşi geri qaytarmaqdır. Şəhid olmaq heç qocalmamaq, hər zaman çiçək qoxmaqdır. Şəhid olmaq saçları ağarmış ana, beli bükülmüş ata deməkdir. Şəhid olmaq görüntülərinə dəfələrlə baxılmaqdır. Hər baxışı əzbərlənmək, şəkillərinə hər baxanda fərqli bir nöqtə axtarılmaqdır. Şəhid olmaq heç vaxt istifadə olunmayacaq bayraqlı bir yataq, şkafın küncündə duran parlaq çəkmə, asılqandakı mundirdir. Şəhid olmaq ziyarətgaha çevrilən otaq deməkdir. Haqqında danışılandan doymamaqdır, danışıldıqca göz yaşı tökməkdir. Şəhid olmaq yox olmaq, bir o qədər də var olmaqdır. Şəhid olmaq səadətdir. Hamının çata bilməyəcəyi bir yerə çatmaqdır. Yerindən tərpənmədən hər yerə getmək, zirvədən dünyanı seyr etməkdir. Çünki şəhidlik ən uca zirvədir... 
 

 





05.11.2021    çap et  çap et