525.Az

Şuşalı dünyam - Billurə Aslanqızı yazır


 

Şuşalı dünyam -<b style="color:red"> Billurə Aslanqızı yazır</b>

Şuşa - uşaqlığımın əziz xatirəsi, mənə "şah Qacarın tacını axtarmaq xəyalı qurduran" nağıl dünyam idi... Şuşa -  özümü dərk edəndən yay aylarımın unudulmaz istirahəti, möcüzəli əyləncəsi, əsrarəngiz səyahəti, ən xoş günlərimizi şərəfləndirən ən özəl məkan idi...  Şuşa - yeddi dolamasının hər birini uşaq sevinci ilə qalxdığım, çayçı Süleymanın məxsusi qoxulu kəklikotlu çay stəkanlarını üst-üstə, sürətlə, gümrah şəkildə enməsini böyük təəccüblə izlədiyim, 100 yaşını haqlamış Mürsəl dayının İsa bulağındakı ölməz ifasını yaddaşıma həkk elədiyim, Xan qızı bulağının suyundan doyunca içdiyim, dadını belə unutmadığım Qarabağ xəngəli yediyim, Üzeyir bəyin ev-muzeyini maraqla gəzdiyim, Cıdır düzü boyu nəfəsim kəsilənədək qaçdığım, dağlarındakı xına daşlarında ovuclarımı boyadığım gözəlliklər diyarı idi...

İllər öncə çalışdığım televiziyada (2012) Şuşanın işğal gününə həsr olunan süjet hazırlamışdım vaxtilə. "Yuxarı Gövhər ağa məscidinin minarələrindən yenə bir gün azan səslənəcək" fikri ilə bitən bir süjet... Nə qədər inanmışdım bu fikrə xatırlamıram, amma ümid etmişdim... Nə az, nə çox bir sutka Şuşanın fotolarını toplamışdım internet səhifələrindən.... Xalq artisti Flora Kərimovanın yanıqlı ifasında "Darıxıram, sənin üçün, Şuşam mənim" mahnısını dinləyib, uşaqlığımda keçdiyim küçələri, gördüyüm hər detalı təkrar-təkrar xatırlamağa çalışmışdım, yaşa dolduqca bir gün yaddaşımdan o xatirələrin əksi silinər qorxusuyla...

Və illər ötdü... Möcüzə gerçəkləşdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi... Və bir nağıl kimi, ən gözəl xəyal kimi mən illər sonra yenidən Şuşaya ayaq basdım.  Azad Şuşaya.... Bizim olan Şuşaya... Özümü dərk edəndən - hələ azyaşlı məktəbliykən Qarabağ yarası ilə böyüməyə adət edən, təqdim etdiyi verilişlərdə Qarabağ sözü ilə ürəyi parçalanan mən Azərbaycan Televiziyası üçün Şuşa şəhərinə - azad Şuşadan veriliş hazırlamağa gedirdim. Bu, sözlə ifadəsi mümkün olmayan, ürəyə sığmayacaq, boğazda düyünlənən hisslərlə müşayiət olunan ən təkrarsız səfər idi. Qismət olsa, inşallah Şuşaya hələ çox gedəcəyik, amma heç biri bu ilk səfər qədər fərqli olmayacaq...

Təxminən 30 il sonra gerçəkləşəcək Şuşa səfərinin doğurduğu duyğuların təsirindən,  səhər sübhü dirigözlü açdım. Həyəcandan nəsə düşünə bilmirdim. Həm Şuşanı görə biləcəkdim, həm də illər sonra - doğma şəhərim, viran yurdum, yaralı Füzulidən keçəcəkdim ilk dəfə... Özümə söz vermişdim, ağlamayacağam deyə. Ağdama çəkilişə gedəndə gördüyüm vəhşilikdən heyrətlənib, vahimələnib donmuşdum... Yandırılmış Qiyaslı məscidinin uçuq divarlarına əlimi sürtəndə, şəhidlərin ruhuna fatihə oxuyanda, rəngini belə itirmiş Ağdama da söz vermişdim, sınmayacağam, ağlamayacağam deyə. Amma Füzulini - dünyaya göz açdığım, suyuyla, havasıyla böyüdüyüm, nisgilini ruhumda və qəlbimdə bir nişanə olaraq gizlicə daşıdığım yox olmuş şəhərimi görəndə hıçqırığıma qalib gələ bilmədim. Yarımçıq divarlar, uçurulmuş bünövrəsindən balaca ağaclar, kollar pöhrələnən xaraba evlər sanki qucaq açmışdı mənə. "Dədə Qorqud" filmində daşların haray çəkdiyi fəryad dolu o lal səhnədə olduğu kimi... İçimdəki dəli istəyi zorla boğub xarabalıqlara doğru yüyürmədim. İcazə yox idi... mina təhlükəsinə görə. Biz sadəcə Zəfər yoluna doğru düz irəliləyə bilərdik. Çəkilişə birgə yollandığım heyət lal baxışlarla məni izləyirdi, yolumuza davam etməli idik. Bəlkə o acı günlərin ağrılı nişanəsi olan divarları qucaqlamaq istəyimi boğa bildim, amma.... Bir də onda ayıldım ki, nəm torpağı yalın əllərlə qazıram. Bu torpağa az şəhid qanı axmayıb, bu torpaq az zülm görməyib, bu torpaq illərin əsirliyindən çıxıb. Bu torpaq sümükləri belə əriyib onunla qovuşan əzizlərimin tək yadigarı, bu torpaq son nəfəsini verən igidləri soyuq sinəsinə sıxan dərdli ana idi mənim üçün. Ovuc-ovuc yığdığım, hər zərrəciyini barmaqlarımın ucunda hiss etdiyim torpaq içimdəki kədəri, nisgili, həyəcanı, sevinci canına çəkdi sanki. İkimiz də sakitləşdik. 

Sonra yolumuza davam etdik. "Quruçay" lövhəsi yazılan balaca körpüdən keçəndə, filmlərdəki kimi sanki kadrlar dəyişdi, ağ-qara olanlarla əvəzləndi. İllər öncəyə qayıtdım. Uşaqlığımın Füzulisindəki Quruçayı və onun üzərindəki körpünü xatırladım. "Bu körpü əvvəl də vardı, onunla gedib, sonra sağa dönürdük deyəsən və kəndə yola düşürdük" deyib sevincdən qışqırdım. Sonradan bərpa olunsa da, bu bir detalı tanıyıb, görə bildiyim üçün xoşbəxt idim. Məhv olmuş uşaqlığımın Füzuli adlı yeganə pazl parçasını tapıbmış kimi sevinirdim.

Sonra Zəfər yolu ilə irəlilədik. Qət etdiyimiz hər metr məsafə Qələbə tarixi, igidlik salnaməsi, qürur yeri idi... Yüksəklərə doğru yol aldıqca doğma Şuşanın illər öncəki meşələrini, ağacları xatırlamağa çalışır, hər şeyi acgözlüklə beynimə qazımaq istəyirdim. Şuşa yay fəslində belə sərin olan, adamı üşüdən bir havaya malik idi. Amma bu gün illərin həsrət dolu görüşünə Şuşa da məxsusi hazırlaşmışdı sanki. Payızın ortasında günəş şəfəqləri ilə isidirdi bizi. Qarşımıza çıxan hər bir əsgərin boynuna sarılmaq, təşəkkür etmək istəyirdim. O qədər doğma, o qədər səmimi, o qədər təmiz baxışları, gülər üzləri var idi ki... Sanki bu torpağın sehrinə düşmüşdük hamımız. Möhkəm sıxılmış bir yumruq kimi... həyəcanla döyünən ürək kimi... Qalib Azərbaycanın vətəndaşları kimi...

Şuşada saatlar bir an qədər sürətlə ötdü. Amma dolu-dolu, bir ömrə sığacaq təəssürat və xatirəylə zəngin... Yuxarı Gövhər ağa məscidində dua etdim, Şuşa qalası, Vaqifin məqbərəsi önündə qürurla aparıcı mətnimi söylədim.... Sonra Xan qızı bulağından su içdim, Cıdır düzünün əfsanəvi qayalıqlarına qucaq açdım, Şuşa havası uddum, Qarabağ unundan Şuşada bişirilmiş isti çörək yedim.... Mən dünyanın ən varlı, ən xoşbəxt insanı idim...

Sonra qəribə bir hiss yaşadım. Mən itirdiyim uşaqlığımla qarşılaşdım o küçələrdə.... qucaqlaşdıq... bağrıma basdım onu... Yarı uçuq divarlara həkk olunan igid oğullarımızın adlarını oxuduqca yanağımdan süzülən göz yaşlarını əlləri ilə sildi uşaqlığım. Təbəssüm etdi mənə, "nəhayət gəldin" deyə pıçıldadı. "Al məni, qəlbinə, ruhuna hopdur, öz yerimə, yarım qaldığım yerimə göndər" dedi. "Şuşalı dünyama, Qarabağlı dünyama xoş gəldin" söyləyib, onu ömür kitabımın əzilib bükülmüş, amma yazılmamış, yaşanmamış səhifələrinə geri göndərdim. Və Şuşa səmalarına baxıb, səssiz şəkildə bağırdım: "Mən məktəbliykən səndən qoparılan, bir jurnalist, bir tədqiqatçı kimi qoynuna qayıdan övladınam, Qarabağ!" Günəşin şəfəq saçdığı bu səmanın hər nöqtəsindən ruhları boylanan Şəhidlərimizə Allah rəhmət eləsin! Qazilərimizə Allah şəfa versin! Bizi bu torpağa qovuşduran hər bir qəhrəmanın önündə baş əyirəm...

Bakı - Füzuli - Şuşa

 





05.11.2021    çap et  çap et