525.Az

Vətən müharibəsi və fədakar ədliyyə işçiləri


 

Vətən müharibəsi və fədakar ədliyyə işçiləri <b style="color:red"></b>

44 gün davam edən şanlı Vətən müharibəsi nəticəsində ölkəmizin hərbi-siyasi uğuru, ordumuzun qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına 30 il düşmən əsarətində qalan torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz təmin olunub.

Sentyabrın 27-də səhər radələrindən başlayaraq mənfur qonşularımızın təcavüzkar hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə xəttində yerləşən mövqelərini, eləcə də bir çox yaşayış məntəqələrini mülki ballistik raketlərlə, kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Hətta ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhəri ilə müqayisə edilirdi.

Erməni silahlılarının vəhşilikləri Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks-hücum əməliyyatlarına başlamağa vadar etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edildi. Oktyabrın 3-də xüsusi əhəmiyyətə malik Tərtərin Madagiz kəndi işğaldan azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı olan Suqovuşan da Prezident İlham Əliyev tərəfindən bərpa edildi. Cəbhə boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Rusiyanın təşəbbüsü ilə müharibə tərəflərinin xarici işlər nazirlərinin Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan tərəfi yenidən öz xislətini nümayiş etdirdi. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri oktyabrın 17-də Füzuli şəhərini işğalçılardan azad etdi, 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı, eyni ayın 20-də isə Zəngilan şəhərini düşmən tapdağından azad etdi. Oktyabrın 24-də ABŞ Dövlət katibinin müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra tərəflər arasında 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi günün səhər saatlarında düşmənin silahlı birləşmələri yenidən Azərbaycanın mövqeləri istiqamətində hücuma keçdi. Ordumuzun bu hücuma cavabı da özünü çox gecikdirmədi, Oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi.

Əminliklə söyləmək olar ki, Şuşa şəhərinin azad olunması tarixin hərb yaddaşında xüsusi iz buraxmış hadisələrdən biridir. Şuşa təbii istehkam olduğundan şəhərə ağır texnikayla girmək mümkün deyildi. Şəhərin bombardman edilməsi isə böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz dərin, qalın meşələrdən, keçərək, qayalar, dağlar aşaraq Qarabağın döyünən ürəyi Şuşaya çatdı və düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa zəfəri müharibənin gedişatında son nöqtəni qoydu. Növbəti gün onlarla kəndin azad olunması xəbəri də xalqa çatdırıldı. 10 noyabr günü Nikol Paşinyan Azərbaycan Prezidentinin diktə etdiyi bütün şərtləri qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir can itkisi olmadan azad edildi. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistan liderini kapitulasiya aktını imzalamağa məcbur etdi. 

Müharibə başlanan andan ədliyyə işçiləri də döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, döyüşlər davam edən müddətdə və daha sonralar da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər. Eyni zamanda məlumdur ki, bir çox ədliyyə işçisi tamamilə könüllü əsaslarla Silahlı Qüvvələrə Yardım Fonduna və "YAŞAT" Fonduna əmək haqlarından vəsaitlər köçürüblər. Nazirliyin tibb xidmətinin həkimləri də Vətən müharibəsi dövründə zərər çəkənlərə lazımi tibbi yardım göstərib, ədliyyə orqanlarında mütəmadi olaraq qanvermə aksiyaları keçirilib. Ədliyyə Nazirliyinin əməkdaşları döyüşlərdə yaralanaraq hərbi hospitallarda müalicə alan hərbçilərimizə tez-tez baş çəkib, sovqatlar təqdim ediblər. Bu gün haqq savaşı iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər göz önündədir, şəhid ailələri və yaralı hərbçilərimiz hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşların, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.

Vətən müharibəsində şəhid olmuş Ədliyyə Nazirliyinin əməkdaşlarından biri Ruhin Xəlilovdur. Əbədi qəhrəmanın İkinci Fəxri xiyabanda yerləşən məzarı bütün əlamətdar günlərdə nazirliyin işçiləri tərəfindən ziyarət olunur, şəhidimizin qəhrəmanlıq yolu xatırlanır, zaman keçdikcə daha çox yaddaşlara həkk olunur. Ruhin Xəlilov 1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, erməni silahlı birləşmələri tərəfindən rayonun işğalı nəticəsində 1993-cü ilin avqust ayında məcburi köçkün düşmüş, ailəsi ilə birlikdə Abşeron rayonunda məskunlaşmışdır. Hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra ədliyyə orqanlarına qulluğa qəbul olunan Ruhin Xəlilov bir müddət icra məmuru vəzifəsində çalışmış, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdir. Xidməti fəaliyyəti dövründə çalışqanlığı, düzgün sosial davranışı və nizam-intizamı ilə nazirliyin işçi heyətinin  rəğbətini qazanan Ruhin Xəlilov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdır.

Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə qəhrəmancasına iştirak edən, böyük fədakarlıqlar göstərən Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhadətindən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə Ruhin Xəlilova "Fəxri ədliyyə işçisi" adı verilmişdir.

Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra da ədliyyə naziri dəfələrlə xarici həmkarlarını və beynəlxalq insan hüquqları təşkilatlarını insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, bölgədə sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq, Ermənistan tərəfini beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb.

Ədliyyə işçiləri öz vəzifə borclarını müharibədən sonrakı dövrdə də layiqincə yerinə yetirəcək, dövlət müstəqilliyimizə qarşı bütün təhlükələrin tam aradan qaldırılması işində əvəzsiz əsgər rolunu oynayacaqlar. Sonda “su yatar, düşmən yatmaz” deyimini xatırlayıram, lakin Ədliyyə işçiləri də daim vəzifə başında hər cür fədakarlığa hazırdırlar, bir zamanlar Pinkertonların da dediyi kimi, biz heç vaxt yatmırıq!..

İlqar MƏMMƏDOV
Bakı şəhər 11saylı  notariat ofisinin notariusu, fəlsəfə üzrə fəlsəfə doktoru

 

 





05.11.2021    çap et  çap et