525.Az

Yüzə beş il qaldı - Flora Xəlilzadə yazır


 

6 noyabr - Televiziya və Radio İşçiləri Günüdür

Yüzə beş il qaldı -<b style="color:red"> Flora Xəlilzadə yazır</b>

Danılmaz faktdır ki, bu gün televizor evimizin sadəcə qiymətli, maraqlı əşyası deyil, həm də həyatımızın vacib atributlarından biridir. Günümüzün hansısa saatlarında mütləq televiziya verilişlərinə baxmalı oluruq. Sevdiyimiz proqramlar da var. Ötən əsrin ortalarından başlayaraq dünyada geniş və sürətlə yayılan televiziya kanalları tamaşaçıları öz cazibəsində saxlamaqdadır. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. İstər radionun, istərsə də televiziyanın ixtirasından uzun illər keçsə də, "sehrli qutu" öz sirrini saxlayır, mavi ekranın cazibəsi davam edir. Dünyada ilk televiziya verilişi 1936-cı ildə Londonda olmuşdur. 1939-cu ildə ABŞ mühəndisləri tərəfindən televiziya ötürücü trupkası ixtira edilmişdir. Avropada yalnız ötən əsrin 50-ci illərindən başlayaraq televiziya geniş yayılmışdır.

Respublikamızda radio 1926-cı ilin noyabrın 6-da fəaliyyətə başlayıb, televiziya isə 1956-cı il fevralın 14-də "Bakı" studiyası adı ilə efirə çıxıb. Sovet dövründə yalnız bir Azərbaycan televiziya və radiosu fəaliyyət göstərirdi. Sonralar əlavə olaraq bura "Araz" radiostansiyası da qoşuldu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra müstəqil teleradio şirkətlərinin sayı da artdı. Təkcə paytaxtda deyil, bölgələrdə də televiziya kanalları fəaliyyətə başladı. Ölkə miqyaslı kanallar nəinki respublikamızda, sərhədlərimizdən kənarda da özünə tamaşaçı auditoriyası toplayıb. Radionu da, televiziyanı da insanlar ilk dəfə heyrətlə qarşılayaraq onu "sehrli qutu" adlandırıblar.

Mərkəzi televiziyanın ("Azərbaycan Televiziya və Radio Verilişləri" QSC) nəzdində fəaliyyət göstərən iki müstəqil kanal - "İdman-Azərbaycan", "Mədəniyyət" kanalları artıq tamaşaçılar tərəfindən maraqla izlənilir. O cümlədən, ATV,  İTV, "Xəzər",  "Space" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz və cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsi də fəaliyyət göstərir. Bundan başqa, xaricdə azərbaycandilli televiziya kanalları da mövcuddur: ABŞ-da Günaz, Kanadada AzCan, Rusiyada İnterAz TV-ləri var.

Paytaxt və bölgələrdə yaradılan bütün kanalların qaynaqlandığı, mənbələrinə söykəndiyi, təcrübəsindən öyrəndiyi, bu gün də "Qızıl Fond"undan müntəzəm istifadə etdiyi ana televiziyamız "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dir.

Son illərdə AzTV-nin maddi-texniki bazası xeyli dərəcədə dəyişib və modernləşdirilib. Bütün studiyalar və montaj otaqları rəqəmsal avadanlıqlarla təchiz olunub. HD-səyyar televiziya stansiyaları alınıb. Hətta nəqliyyat vasitələri də yenilənib və müasirləşdirilib. Televiziya proqramlarının Avropa ölkələrində keyfiyyətlə yayımı təmin edilib. "Teleradio" İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal stansiya quraşdırıblar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya, Şimali Amerikaya, Asiyaya yayılır.

Ötən illər ərzində AzTV-də mövzu dairəsi də kifayət qədər geniş və rəngarəng olan müxtəlif veriliş və proqramlarla müşahidə edilir: "Aztv xəbər", "Xəbərlər", "Həftə", "Region xəbərləri", "İqtisadiyyat xəbərləri", "Əsas məsələ", "Hədəf", "Çıxışa doğru", "Gün başladı", "Çöl adamı macəra axtarışında", "Məmləkətim",  "Tarixin izi ilə", "Gəncsən", "Obyektiv", "Parlament saatı", "Oxuyur Vətən", "Türk dünyası", "Mən azərbaycanlıyam", "Jurnalist araşdırması", "Texno-xəbər", "Agent 001", "Belə-belə işlər", "Gül kimi", "Görüş yeri", "Yolun davamı", "Tut əlimdən" və s.

Son bir il isə televiziyamızın tarixində daha əlamətdar, şərəfli və yadda qalan oldu. 44 günlük möhtəşəm mübarizəmizdə, torpaqlarımızın mənfur düşmənlərdən təmizlənməsində igidlərimizin göstərdiyi qəhrəmanlıqlar barəsində ilk məlumatları məhz ana televiziyamız bizə çatdırırdı. Bu, danılmaz bir faktdır ki, həmin həyacanlı günlərdə bütün gözlər  AzTV-yə dikilmişdi. Zəfər xəbərini də məhz bizə çatdıran ana televiziyamız oldu.
Son illərdə AzTV-nin studiyalarında maraqlı teletamaşalar da çəkilib. "Zəfər Günü" ilə əlaqədar müxtəlif sənədli film, veriliş və konsertlər lentə alınıb. Növbəti ildən geniş fəaliyyət proqramının həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan televiziya məkanının ən təzə mavi ekranı - 10 yaşlı "Mədəniyyət" kanalıdır. Barlı-bəhrəli, qocaman bir ağacın - AzTV-nin çəmənində göyərən bu pöhrənin yenilikləri çoxdur. Mədəniyyət aləmində baş verən ən son yeniliklər, maraqlı hadisələr, yarışmalar, yubileylər, görüşlər bu kanalda hazırlanan müxtəlif verilişlərdə əhatəli şəkildə əks olunur. "Mədəniyyət xəbərləri", "Nəcib söhbətlər" , "Vətənim", "Yadigarlar", "Kadra düşməyən həqiqətlər", "Zəmanə", "Saz-söz axşamı", "Kəndimiz", "Üçüncü zəng", Bəhruz Niftəliyevin təqdimatında "O" verilişi, "Rəqslərimiz" , "Harmoniya", "Danışan məktublar", "Ömrün fəsilləri", "Kod 22" və s. verilişlər artıq tamaşaçıların diqqətini çəkib. Bu kanalda dünya kinosunun və musiqisinin ən dəyərli nümunələri təqdim olunur.

"İdman-Azərbaycan" telekanalının obyekti məlumdur. Yarandığı gündən ölkədə və xaricdə keçirilən beynəlxalq və yerli yarışların, turnirlərin əksəriyyətini yayımlayır. İdmanın müxtəlif növləri üzrə keçirilən yarışlardan canlı reportajlar, maraqlı proqramlar da nümayiş etdirilir. Bu gün "İdman-Azərbaycan" gənclərin sevimli kanalına çevrilib. Onlar "sehrli qutu"nun vasitəsilə Nyu-Yorkda, İstanbulda, Romada, Parisdə, Londonda, Madriddə, Tokioda, Münxendə, Moskvada, Pekində keçirilən müxtəlif idman yarışlarından xəbər tuturlar. Bu kanalın yayım hüdudu təkcə bölgələrimizi deyil, Cənubi Qafqazı, Yaxın və Orta Şərq ölkələrini ustalıqla əhatə edir.

"İdman Azərbaycan" telekanalı idmanın bütün növlərinin təbliğində mühüm və əhəmiyyətli rol oynayır. İdman kanalının səhər verilişi isə tamaşaçıları hər səhər idmana səsləyir. Bu kanalda futbol, basketbol, voleybol, gimnastika, güləş, boks, avtomobil yürüşü ("Formula-1") və s. idman növlərinə aid olan bir çox görüş və türnirlər tamaşaçılara təqdim olunur. Kanalın hazırladığı verilişlər böyük maraq doğurur. 

6 noyabr həm də radio işçilərinin bayramıdır. Televiziyada aparılan islahatlar bu sahədə də müşahidə olunur.  Milli radiomuz tam şəkildə kompüterləşməyə və servis xidmətinə keçib. Azərbaycan radiosunun "Lirika dəftəri"ndən, "Bulaq", "Muğam saatı", "Elm və həyat", "Radio teatrı" kimi veriliş və proqramları neçə nəslin sevimlisi olub.

Azərbaycan radiosu böyük xəzinəyə malikdir. Radionun səsyazma evinə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Niyazi adına Simfonik Orkestr, Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri, Vaqif Mustafazadə adına "Sevil" Vokal İnstrumental Ansamblı, Cahangir Cahangir ovadına Xor, Əfsər Cavanşirov adına Uşaq Xoru daxildir.

Bir məsələni də qeyd etmək lazımdır ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC həmişə dövlətçiliyin, milli-mənəvi dəyərlərin keşiyində dayanıb. Təqdim etdiyi verilişlər əxlaqımıza, mənəvi dəyərlərimizə, adət-ənənəmizə, milli düşüncəmizə söykənib. Yüngül şoulardan, şit, zövqsüz, əsəb gətirici söhbətlərdən uzaq olub. Maarifçilik kanalın əsas ideyasıdır. Elə bu uğurlu fəaliyyətinə görədir ki, AzTV fəaliyyət göstərdiyi illər ərzində Avropaya yayımın texniki müvafiqliyinə görə "Avropa keyfiyyəti" medalına layiq görülüb. Eləcə də Avropa Biznes Assambleyası Azərbaycan televiziyasına "Teleradio yayım sahəsində ən yaxşı şirkət" mükafatını təqdim edib. Burada çalışan əməkdaşlar da müntəzəm olaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif mükafatlara, fəxri adlara, Prezident təqaudünə, orden və medallara layiq görülüb, mənzillə təmin olunublar.

Əlbəttə, bütün bu nailiyyətlərin qazanılmasında televiziya rəhbərliyinin, yaradıcı heyətin xüsusi əməyi vardır. Şübhəsiz, son illər aparılan islahatlar da öz bəhrəsini verib. Tamaşaçı kimi bizim üçün də xoşdur ki, ana televiziyamız öz ənənəsinə sadiqliyi ilə seçilir, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğində yorulmadan axtarışlar aparır. Təqdim olunan hər bir verilişdə dilimizin saflığı qorunur, maarifçilik aşılanır, vətənpərvərlik məhəbbəti təsirli şəkildə tamaşaçının ruhuna hopur!

6 noyabr Televiziya və Radio İşçiləri Günüdür. Radiomuzun 95, televiziyamızın 65 yaşı tamam olur. Bu münasibətlə bütün elektron KİV-də çalışan həmkarlarımızı ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində yeni uğurlar arzulayırıq. Qarşıdakı Zəfər bayramımız da mübarək olsun!
 

 





06.11.2021    çap et  çap et