Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AYB-nin təşəbbüsü ilə nəşr olunmuş "Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının təqdimat mərasimi və Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin xatirə günü keçirilib.
Mərasimi açan AYB-nin sədr müavini Rəşad Məcid öncə "Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" kitabı haqqında məlumat verərək nəşrin ideya müəllifinin AYB sədri, Xalq yazıçısı Anar olduğunu bildirib: "Kitabda dərc olunan məqalələrin böyük əksəriyyətini əslən işğaldan azad edilmiş rayonlardan olan yazıçılar yazıblar - Qubadlıdan Ramiz Rövşən, Füzulidən Seyran Səxavət, Ağdamdan Aqil Abbas, Kəlbəcərdən Adil Cəmil, Cəbrayıldan Elçin Hüseynbəyli, Zəngilandan Nəsiman Yaqublu və s. Bununla yanaşı, kitabda tanınmış söz adamlarının Qarabağ haqqında müxtəlif illərdə yazdıqları məqalələr, eləcə də Azərbaycan şairlərinin Qarabağa həsr olunmuş şeirləri yer alıb".
Rəşad Məcid daha sonra kitabın təqdimatı ilə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin xatirə gününün eyni vaxtda keçirilməsinin təsadüfi olmadığını bildirib: "Şəhid baş leytenant Səid Rəşidzadənin xatirə günü ilə "Qarabağ dastanı: otuz ilin həsrəti - 44 günün zəfəri" kitabının təqdimat mərasiminin eyni vaxtda keçirilməsinin həm də rəmzi anlamı var. Ötən il sentyabrın 27-də başlayan, 44 gün davam edən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfərlə tamamlanan Vətən müharibəsində bizim şanlı ordumuz, mübariz zabit və əsgərlərimiz öz canları və qanları bahasına Azərbaycan xalqının milli qürurunu özünə qaytardılar. Buna görə biz hamımız qəhrəman hərbçilərimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq.
Biz bu gün həm də şəhid baş leytenant, bölük komandiri Səid Rəşidzadənın xatirəsini yad edirik. Səid mənim gözümün qabağında böyüyüb. Onu çılğın, vətənpərvər bir gənc kimi tanımışam. Mən döyüş getdiyi günlərdə Səidlə telefonla danışmışdım. Onda Səidin qələbəyə köklənmiş ruhunu və qalib əsgər çöhrəsini telefon danışığında onun səsindən sanki görür, duyurdum. Səid Hadrut uğrunda gedən döyüşlərdə, işğaldan azad edilmiş strateji yüksəkliyə Azərbaycan bayrağı sancarkən qəhrəmancasına şəhid oldu. Səidin, vətən yolunda həyatını fəda etmiş digər qəhrəman zabit və əsgərlərimizin şücaəti sayəsində biz Böyük Qələbə qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Tanınmış yazıçı Seyran Səxavət şəhid Səid Rəşıdzadənın atası Nofəl Qasımovla yaxın dost olduğunu, sonralar isə aralarında böyük yaş fərqi olmasına baxmayaraq, Səid Rəşidzadə ilə də dostluq etdiyini bildirib: "Səid mənim qucağımda böyüyüb. Mən ona özüm kimi inanırdım. Səid həm mənim, həm ailəsinin, həm də Azərbaycan xalqının inamını doğrultdu. Biz bir az dərdin başına sığal çəkən xalqıq. Ona görə də dərd həmişə bizimlə yoldaşlıq edir. Amma Səid kimi şəhidlərimiz bizə azad və bütöv vətənimizdə sevinə-sevinə yaşamağı bəxş etdilər".
Səid Rəşidzadənin rəhbərlik etdiyi bölükdə döyüşmüş əsgər Cavid Nuri onun yüksək hərbi biliyə, taktikaya yiyələnmiş bir komandir olduğunu qeyd edib: "Səid komandirlə Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə çiyin-çiyinə döyüşmüşəm. 44 günlük müharibənin 36 günü müharibədə olmuşam. Hadrut istiqamətində gedən döyüşdə komandirimiz Allahyar Telmanlı şəhid oldu. Ondan sonra bölük Səid Rəşidzadəyə tapşırıldı. Hadrut uğrunda döyüşlər gedirdi. Şişqaya ətrafında gedən döyüşdə yüksəklikdə erməni bayrağı dalğalanırdı. Səid komandir dedi o bayrağı mütləq endirməliyik. O, bir komandir kimi erməni bayrağı altında döyüşməyi özünə sığışdırmadı. Biz düşündük ki, hansısa əsgərə tapşırıq verib erməni bayrağını endirməyə göndərəcək. Ancaq əksinə, o, özü getdi və erməni bayrağını aşağı atıb, qoynunda gəzdirdiyi Azərbaycan bayrağını qaldıranda şəhid oldu".
Sonra çıxış edənlər - Vətən müharibəsi qəhrəmanları Gündüz Səfərli və Elnur Şirinov, əsgər Cəlil Mehraliyev, Səid Rəşidzadənin orta məktəb müəllimi Nəbi Məmmədov, yazıçı Yunis Oğuz, şair Ülviyyə Əsədova 44 günlük Vətən müharibəsi günlərini xatırlayaraq, şəhid baş leytenantın keçdiyi döyüş yolundan söz açıblar, Böyük Qələbənin əldə edilməsini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti və ümumxalq birliyinin nəticəsi kimi qiymətləndiriblər.
Sonda şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, şəhidlərimizin bir ailənin yox, bütün Azərbaycan xalqının övladları olduğunu söyləyib.