525.Az

Qələbəmizin qədrini bilək - Yaqut Bahadurqızı yazır


 

Qələbəmizin qədrini bilək -<b style="color:red"> Yaqut Bahadurqızı yazır</b>

İnsanın insana etdiyini heç bir təbiət hadisəsi etməyib. Dünyada baş verən ən böyük faciələr insan əli ilə törədilib. Tarixin dərin qatlarına getmək istəmirəm.  XVI –XVII əsrlərdə Atlantika qul ticarəti, Çingiz xanın və sülaləsinin hakimiyyəti dövründə insan qırğını, Monqol işğalı, tarix irəlilədikcə daha da inkişaf etmiş yeni qırğın silahları ilə insanları daha asan yolla və kütləvi qətlə yetirilməsi, Amerika qitəsində Avropalıların məskən salması, I Dünya müharibəsi, ikinci Dünya müharibəsi...

II Dünya müharibəsi daha dəhşətli faciələrlə tarixdə və yaddaşlarda qaldı. Bu müharibə ən çox mülki insanların – qadın, uşaq və qocaların qətli ilə tarixin yaddaşına hopdu. Hitler “Böyük Almaniya” sevdası ilə Avropa, Sovet ittifaqı üzərində, Yaponiya Çində, Amerika Naqasaki və Xerosimoda kütləvi qırğın planlarını reallaşdırdı. Təxminən 6 milyon yəhidinin qəddarlıqla öldürülməsi ilə tarixin qanlı səhifəsini yazdı alman faşistləri. 6 il davam edən II Dünya müharibəsi  72 milyon insanın həlak olması ilə nəticələndi.

Hitler Almaniyasında irqçilik əsas idarəetmə predmeti olub və almanların  Allah tərəfindən seçilmiş Ari irqinə məxsus millət olması barədə təbliğat aparılıb. Ermənistanın hazırki prezidenti Armen Sarkisyan da erməni diasporası ilə görüşündə ermənilərin Ari irqinə malik seçilmiş millət olduğunu vurğulamışdı.   Ermənistanın faşist siyasəti nəticəsində bu ölkədə də irqçilik hər zaman ön planda tutulub. Azərbaycanlı, kürd, yevrey və s. millətlər ölkə ərazisindən qovulub. Bunun nəticəsində Ermənistan monoetnik ölkədi, hətta istəklərinə nail olmaq üçün soyqırım belə törədirlər və bunu fəxrlə dilə gətirirlər.         

XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən sayılan 1918-ci ilin mart soyqırımı və çox yaxın keçmişimizin qan yaddaşı, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımını xatırlatmaq istəyirəm. 1918-ci il 31 mart - 3 aprel tarixlərində Bakıda və müxtəlif bölgələrdə erməni silahlı dəstələri Azərbaycana qarşı soyqırım nəticəsində Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada 6 min, digər bölgələrdə dəqiq sayı məlum olmayan kütləvi insan qırğını törədib.

1992-ci il Xocalı Soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan bununla bağlı  Britaniyalı jurnalistə verdiyi müsahibəsində fəxrlə demişdi ki, Xocalıdan əvvəl azərbaycanlılar elə bilirdilərki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu streatipi sındıra bildik. Öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi. 

1990-ci ilin 20 yanvarında isə dinc paytaxt əhalisinə qarşı törədilən faciədə 131 nəfər qətlə yetirilib və onların heç biri hərbçi olmayıb. 2 il sonra isə misli görünməyən Xocalı faciəsi və 613 nəfər soydaşımızın xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsi...

Əziz oxucu, tarixdən dərs keçmək niyyətim yoxdu. Sadəcə, unutmamağımız və hər zaman ehtiyatlı olmağımız gərəkən bir nüans var: Faşizm müalicəsi olmayan, cəmiyyət üçün dəhşət saçan xəstəlikdir və şüarı da “ qan və torpaq”dır. Bizim bəxtimizə düşən düşmən də eyni təfəkkürün, eyni əqidənin (əqidəsizliyin) sahibidir... Dədələrimizin bir qızıl kəlamını unutmamalıyıq: - “İtlə qonşu ol, çomağını əldən qoyma!...”

Macarıstanın paytaxtı Budapeştə səyahətim zamanı  Avropanın böyük qan damarı olan Dunay çayının iki yerə böldüyü əfsanəvi gözəlliyi, tarixiliyi, arxitekturası ilə insanı valeh edən  Budapeştdə həm də qanımı donduran qəribə abidə memuara rast gəldim. Holokost Qurbanlarının anım abidəsi yerləşdiyi yerdən təxminən 300 metr məsafədə Dunay çayı sahilində 60 cüt köhnəlmiş ayaqqabı vardı. Ayaqqabılar əslində tuncdan, dəmirdən, daşdan hazırlanıb. Budapeştdə faşistlər tərəfindən İkinci dünya müharibəsi zamanı güllələnmiş yəhudilərin xatirəsinə həsr edilib. Düşünürəm ki, bu abidə bütün dünyada ən kədərli abidələrdən biridir. Abidə ekspozisiyanın arxasında 3 dildə - macar, ingilis, ivrit dilində olan dəmir xatirə lövhəcikləri olan bir dəzgah var: “Dunay çayının sahilində “oxlu xaç” partiyası tərəfindən törədilmişdir.” 

Budapeştdə yəhudilərin kütləvi icraatı II Dünya müharibəsinin sonunda, 1944-1945-ci illərin əvvəllərində Macarıstan Nazi (faşist) Partiyasının “Çarpaz oklar” üzvləri  tərəfindən həyata keçirilib. Məzarda qalmamaq üçün, faşistlər qurbanları çay sahilində vurublar. Yəhudilər Tuna yamacına yük maşını ilə gətirilib, ayaqqabıları çıxarmış  və güllələnmişlər. Sahibsiz, o zaman üçün bahalı və son model ayaqqabılar satılıb və ya Nazilər tərəfindən öz ehtiyacları üçün istifadə edilib. Güllələnərək çaya atılan qurbanların dəqiq sayı bilinmir, minlərlə olub. Onların cəsədlərini Dunay boyu sular uzaqlaşdırıb...

Niyə xatırladım Budapeştdə gördüyüm  ayaqqabı abidəsini? Keçən il – 2020-ci ilin noyabrın əvvəlində - Vətən müharibəsi zamanı sosial şəbəkələrdə geyilmiş əsgər çəkmələri paylaşılmşdı. Bəziləri palçıqlı, ləkəli (çox güman ki, qan ləkəli), ipləri açıq... Təzə görünəni də vardı arasında, nimdaşı da. Şəklin altında bu sözlər yazılmışdi: “Şəhid çəkmələridi, xəstəxananın həyətinə yığıblar...”. Həmin gün çox ağlamışdim o şəklə baxıb. Neçə-neçə Vətən oğlunun ətri, izi vardı o çəkmələrdə. Günlərlə ayağından çıxara bilmədiyi o çəkmələr həmdəm, yoldaş, dərddaş, şahid olub şəhid balalarıma. Neçə-neçə igid, ərən oğullarımızın cismi boyda arzularını, niyyətlərini daşıyıb günlərlə bu çəkmələr. Mən də yazdım şəklin altına: “Atmayın o çəkmələri, verin anasına, atasına, yarı varsa yarına, yoldaşına, balasına... Evlərimizdə, muzeylərimizdə  saxlayaq şəhid şahidi, yadigarı, xatirəsi olan o çəkməlri, öpək, bağrımıza basaq tərlə, qanla möhürlənən o çəkmələri. Qarış-qarış torpaq adlayan, addım-addım kol-kos basmış Vətən torpağına cığır açan o çəkmələri gozümüzə, beynimizə köçürək! Üzərində güllə, qəlpə izi olan o çəkmələri atmayaq, yaddaşımıza həkk edək daş heykəl kimi, şəhid balalarımızın ruhu xatirinə. Və anlayaq, faşizmin mahiyyətini, müharibənin gətirdiyi faciəni. Sahibsiz qalmış çəkmələr şahiddir  ki, faşist elə faşistdir, istər alman olsun, istər erməni...

Qədrini bilək Torpağımızın, Dövlətimizin, azadlığımızın, Qələbəmizin!

 





06.11.2021    çap et  çap et