525.Az

Yaxşı ki, heyvanlar danışa bilmir...


 

Yaxşı ki, heyvanlar danışa bilmir...<b style="color:red"></b>

Maya İMRAN

Seyran Səxavətin “İt intervüsü” qədər insanla-heyvan dialoqunu aydın təsvir edən ikinci nəsr nümunəsi görməmişəm.. Yox, itlə müsahibə filan təqdim etməyəcəm sizə! Bizə göstərdiyi sədaqətin əvəzində, həm də gileyli olan itin dilindən danışacaq bütün bitki-heyvanat-Canlı aləm! Bizə-insanlara xidmət etdiyi halda, ilk addımda qurbanımıza çevrilən “dilsiz məhbuslar” danışacaq! Bəlkə də o gün uzaqda deyil.. Çünki, Təbiət həyəcan təbili çalır!

Heyvanlar aləmini kəşf edib, amma hələ də özü üçün müəmma qalan insan.. Təbiətin yalnız ona məxsus olduğunu düşünüb, digər bütün canlıların onun istifadəsi üçün yaradıldığını düşünən “şüurlu canlı..”

Bəlkə də insanın insana qənim kəsildiyi bir zamanda, heyvan ölümünə qarşı çıxmaq çox humanist görünəcək. Anasının, atasının, lap balasının qatili olan insan hansı vicdanına sığınıb heyvanın qatili ola bilməz ki ?! Bəlkə də etirazım gülünc görünür.. Amma bir-birini qoxulayaraq anlayan heyvanların, bir-birini dili ilə anlaya bilməyən insanların qurbanı olması, təbiətin səssiz fırtınasıdır! 

Heyvanlara davranış öyrədən, onları əhliləşdirən insan 500 ildə 332 heyvan nəslinin tükənməsinə səbəb olub. 

500 il əvvəl! - təxminən dünya səyahəti ilə eyni əsr.. Okeanların, qitələrin kəşf edildiyi tarixi dövr. Kəşf olunan ərazidə, kəşf edilən yeni “dad”lar, yeni bitki-heyvanat aləmi və ağlı ilə bərabər artan insan nəfsi..! İbtidai insanın daşla vurub öldürdüyü, çiy yediyi heyvan leşlərini heç bu itkidən saymayaq! Elə hesab edək ki, o dövrdə insan da heyvan kimi şüursuz olub.. Bəs dünyanı kəşf etdiyindən bəri təkamül keçən insan?! Bəs təkcə qidası üçün deyil, geyimi-kecimi, çantası, ayaqqabısı üçün heyvan qətliamı törədən insan?! Hər il 50 milyondan çox heyvan xəz sevdasının qurbanı olur, xammala çevrilir! Təbiətdə yaşamaq eyni qədər haqqı olan heyvan digər canlı-insan tərəfindən öldürülür.. Bu təbiətin yox, insanın qanunudur! İnsanın özünün uydurduğu, canlıların evində-təbiətdə bərqərar etdiyi, eqoistcəsinə tətbiq etdiyi qanunlar.. Əslində isə təbiət bütün canlıların evidir..  

Dünyanın tropik meşələrinin yarıdan çoxu artıq məhv edilib və onları bərpa etmək 100 il tələb edir.. Hər il dünyada təxminən 13 milyon hektar meşəni itiririk.. Biz insanlar, bizə oksigen verib,karbonu qəbul edən ağacları kəsirik, əvəzində bir mexanizm düşünürük ki, bizə ağacları əvəz etsin! Necə də qəribədir insan əməli! İndi dünya ərazisinin yalnız 30 faizini meşə ərazisi təşkil edir. Rusiya və Kanada qabaqcıl ağac istehsalçılarındandır. Dünya bazarında ixrac olunan ümumi materialın təxminən 34- faizi bu iki ölkənin payına düşür. Təbii ki, qanunsuz ağac kəsənlər cərimələnir. Amma cərimə ekosistemin bərpasına kömək edirmi?! Xeyr!

İnsanlar sürətlə digər canlıların kökünü kəsməyə çalışdıqca, həm də öz həyatlarını sona doğru sürətləndirir.. 
Son 500 ildə 844 həm heyvan, həm bitki növü məhv olub. Son 100 ildə onurğalıların 200 növü, hər il isə, təxminən, 2 növü məhvə doğru gedib və tamamilə tükənib. 

Yaxşı ki, heyvanların dilin yoxdur..! Yoxsa deyərdilər ki, anlamaz birinə “heyvan” deyirsiz, amma biz sizi sizdən çox anlayarıq. Bəlkə də ona görə hələ də öz ölümlərimizə susuruq, hələ də sizə hansısa əsasla haqq qazandırmağa çalışırıq.. Bəlkə ona görə hələ də bütün heyvanlarla əl-ələ verib sizi təbiətdən qovmamışıq.. 

 


 
 

 





06.11.2021    çap et  çap et