Amerikanın dövlət katibi son çıxışlarının birində "soyuq müharibə" dövrü ilə müasir mərhələni müqayisə edib. İndi qlobal miqyasda vəziyyətin daha mürəkkəb olması tezisini irəli sürüb. Səbəb isə hazırda dünyada yeganə lider ölkənin olmamasından ibarətdir. Bir neçə dövlət getdikcə daha çox dərəcədə geosiyasi dinamikaya təsir edirlər və Vaşinqtonun planlarının bəziləri pozulur. Con Kerri bunu pis hal adlandırır və daha sadə hesab etdiyi "soyuq müharibə" zamanı işlədilən diplomatiya ilə müqayisə edir. Problemin bütövlükdə dünya üçün aktual aspektdə analiz edilməsinə ciddi ehtiyac hiss edilir.
Liderlik duyğusunu itirəndə
ABŞ-ın dövlət katibi Con Kerri bu günlərdə ölkə diplomatiyasına həsr olunmuş çıxış edib. Orada Amerikanın xarici siyasətinin bir sıra aktual məsələlərinə toxunulub və diplomatik fəaliyyətin mühüm məqamlarına münasibət bildirilib. O cümlədən, C.Kerri "soyuq müharibə" dövrü ilə bu günün müqayisəsini aparıb. Təcrübəli diplomatın sözlərinə görə, hazırda vəziyyət daha mürəkkəbdir (bax: Remarks at the Quadrennial Diplomacy and Development Review (QDDR) Launch / www.state.gov, 22 aprel 2014).
Səbəb nədən ibarətdir? Doğrudanmı, indi beynəlxalq münasibətlərdə gərginlik "soyuq müharibə" dövründən daha çoxdur? Dövlət katibi bu suallara özünəməxsus cavab verir. Sən demə, əsas mürəkkəblik dünyanın çoxqütblü olmasından qaynaqlanır. Artıq bir neçə dövlət qlobal geosiyasətdə öz sözünü deyə bilir. Üstəlik, bununla Amerikanın nəzərdə tutduqlarını həyata keçirməyə mane olurlar. Bundan əvvəlki dövrdə isə belə deyildi.
Konkret olaraq, cənab C.Kerri dünyanın ikiqütblü (bipolyar) modeli üçün darıxıb. Çünki, o zaman "seçim bu dərəcədə müxtəlif deyildi, bu dərəcədə mürəkkəb deyildi, daha sadə idi – kommunizm və ya demokratiya; Qərb və ya Şərq; "dəmir pərdə", böyük bölünmə xətti. Çox şeylər ikiqütblü dünyanın bu gücünə tabe olurdu, onun vasitəsi ilə yatırılırdı".
Dövlət katibi hesab edir ki, indi situasiya dəyişib. Məsələn, Balkanlar və Yaxın Şərqdə geosiyasi vəziyyət başqa cürdür. Meydana bir neçə siyasi-ideoloji güc çıxıb. Bu sırada C.Kerri radikal İslamı ayrıca vurğulayır. Belə çıxır ki, amerikan diplomatın fikrincə, müasir dünyanı mürəkkəbləşdirən faktorlardan biri radikal İslamdır. Lakin burada həm "soyuq müharibə" dövrü, həm də hazırkı mərhələ üçün geosiyasi aspektdə xarakterik olan bəzi məqamlara diqqət yetirmək lazımdır.
Keçən əsrin ikinci yarısında ABŞ dünyanın bir çox ölkələrinə hərbi müdaxilələr etdi. Bu haqda kifayət qədər deyilib və yazılıb. Latın Amerikası və Asiyanın bir neçə dövlətləri Amerika aqressiyasının qurbanı oldu. Qvatemala, Kolumbiya, Koreya, Vyetnam, İran və başqa ölkələrdə baş verən proseslər yaddan çıxmayıb. Bunların hər birinin öz tarixçəsi var. Lakin hamısının "günahı" Vaşinqtonun hansısa tələbinə əməl etməməsindədir (əsas olaraq enerji maraqlarına uyğun hərəkət etməməkdə).
Deyək ki, İranda qanuni hakimiyyət ölkənin enerji sferasını milliləşdirmək niyyətinin olması ucbatından üsyanlarla devrildi. Eyni aqibəti Panama yaşadı. Cənab C.Kerrinin ifadə etdiyi kimi, həmin dövrdə bu işləri törətmək, ABŞ üçün həqiqətən asan idi. SSRİ-dən başqa heç bir dövlət ciddi etiraz edə bilmirdi. Sovetlər də müxtəlif səbəblərdən amerikanların qarşısına hər zaman çıxa bilmirdilər. Deməli, "soyuq müharibə" nostaljisi ona görə qayıdır ki, Amerika onda istədiyini edirdi.
Belə deyilsə, o zaman dövlət katibinin aşağıdakı sözlərini necə başa düşək: "1946-1950 və 1950-1960-cı illərdə Birləşmiş Ştatlar həqiqətən pis qərarlar qəbul edə bilərdi, ancaq hər bir halda qalib gəlirdi. Çünki Amerika yeganə dominant hərbi və iqtisadi güc idi".
Mübaliğəsiz, bu, bir amerikan diplomatın və dövlət xadiminin tarixi etirafıdır. Başqa ölkələri viran qoymaq, sadəcə "pis qərarlar qəbul etməkdir". İnsanların kütləvi qətli, dövlətçiliyin məhvi, ölkənin viran qoyulması (məsələn, Vyetnam) Vaşinqtonda qəbul edilən "yanlış planların adi nəticələridir"! Əsas odur ki, sonda ABŞ qalib gəlir, qarşısına qoyduğu məqsədə çatır və bunda heç kəs ona mane ola bilmir. İndi isə bu imkan yoxdur, həmin səbəbdən "dünya mürəkkəbdir"!
Mürəkkəb dünya, yaxud mürəkkəb siyasət?
Bu mülahizələr prizmasından C.Kerrinin İslam radikalizmindən şikayətçi olması məntiqli təsir bağışlamır. Çünki əgər bir dövlət uzun illər başqalarına təcavüz edirsə, onun daxili işlərinə qarışırsa, sabitliyi pozursa, istər-istəməz ona münasibətdə sərt davranılacaq. Digər tərəfdən, tarixi faktlar göstərir ki, Qərb siyasətçilərinin tez-tez hallandırdığı "radikal İslami qrupların" əksəriyyətini məhz Qərb dövlətlərinin xüsusi xidmət orqanları yaradıblar. Reallıq başqa bir məqamı da təsdiq edir.
Məsələ ondan ibarətdir ki, hazırda Yaxın Şərqdə radikal dini qruplar ilk növbədə, öz müsəlman qardaşlarına zülm edirlər. Suriyada kimlər bir-biri ilə savaşır? İraqda siyasi qüvvələr hansı əlamətə görə düşmənçilik edirlər? Hazırda hansı Qərb dövlətində intensiv olaraq terror hadisələri törədilir? Heç birində. Ukraynada da radikal İslami qrupların fəaliyyəti yoxdur. Bəs onda nəyə görə terror hədəfi kimi əsasən müsəlmanlar seçilir?
Bu suallara cənab C.Kerrinin necə cavab verə biləcəyini demək çətindir. Ancaq sadalananlar faktdır. Azərbaycana münasibətdə də eyni yanaşmanı müşahidə etməkdəyik. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazisinin bir hissəsi 20 ildən çoxdur ki, işğal altındadır. Ermənistanda, Dağlıq Qarabağda və ətraf rayonlarda dinc insanlar vəhşiliklə qətlə yetiriliblər və qovulublar. Baş verənlərə ABŞ və Avropa dövlətlərinin münasibəti göz qabağındadır. Təcavüzkara qarşı heç bir addım atılmır, sanksiyalar tətbiq edilmir, erməni separatizminin önü kəsilmir. Bunlar, görəsən, dünyanı mürəkkəbləşdirmək deyilmi? Yaxud eyni hadisələr Amerikada və ya Avropanın istənilən ölkəsində baş versəydi, Dövlət Departamenti hansı addımları atardı? Təbii ki, çox sərt reaksiya verilər, təcavüzkarın başına bombalar yağdırılardı. Sonda da "demokratiyanın növbəti qələbəsi"ndən bol-bol danışılardı.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Ukrayna hadisələrini nəzərdə tutaraq yazır: "Mən bu gün çox ruhdan düşmüşəm. Bizim hamımız, ruslar və amerikanlar üçün... təcavüz yenidən birinci dərəcəli əhəmiyyət kəsb edir. Daha həssas ölkələri, ilk növbədə, Ukraynanı qorumaq ABŞ və Avropanın prioritetlərindən biri olmalıdır" (bax: Макфол подавлен: Возвращаются времена холодной войны / РБК, 16 mart 2014).
Təbii ki, Ukraynaya qarşı təcavüzkarlıq pislənməlidir. Azərbaycan da BMT-də bu ölkənin ərazi bütövlüyünün təmin edilməsinə səs verib. Ancaq, maraqlıdır, cənab M.Makfol nəyə görə Dağlıq Qarabağ və ətraf rayonlar işğal ediləndə, Xocalıda soyqırımı törədiləndə bu cür reaksiya vermədi? Doğrudur, sözdə rəsmi səviyyədə "təəssüf" bildirilir. Eyni zamanda, Ermənistana və Dağlıq Qarabağdakı separatçılara külli miqdarda maliyyə yardımı verilir, onlara hərtərəfli kömək göstərilir. Bəlkə, müasir dünyanı mürəkkəbləşdirən məhz bu kimi ikili standartlardır?
Deyəsən, Qərbdə belə düşünmürlər. Bunu cənab C.Kerrinin "mürəkkəb dünyadan" çıxış yolları ilə bağlı dediklərindən aydın hiss etmək olur. O deyir: "Ona görə də biz düşünməliyik, biz gücümüzü necə tətbiq edək. Ancaq bu, güc nümayişi xatirinə yox, böyük məqsədlərə çatmaq, dəyərləri yaxşılaşdırmaq və maraqlarımızı qorumaq üçün tətbiq edilməlidir".
Amerika yenə öz bildiyi kimi sayır. Ona təəssüf edir ki, dünya artıq əvvəlki kimi passiv deyil. ABŞ-ın maraqlarının təmin edilməsində hamı baş əymir. İndi dövlətlər və xalqlar öz maraqlarının qorunmasını istəyirlər və bu yolda mübarizə aparırlar. Buna qarşılıq Vaşinqton ədalətli və humanist siyasət yolunu tutmaq istəmir. Elə üsullar axtarır ki, hadisələri qabaqlayıb, prosesi öz marağı istiqamətinə yönəltsin. Konkret desək, "soyuq müharibə" dövrü ilə müqayisədə yalnız forma dəyişib. Məqsədlərə çatmaq üçün daha hiyləgər metodlara əl atılır.
Müasir italyan siyasətşünası Danilo Zolonun maraqlı bir fikri var. O, "Demokratiya və mürəkkəblik" əsərində yazır ki, dünyanı Qərb siyasətinin özü mürəkkəbləşdirir (bax: Данило Дзоло. Демократия и сложность: реалистический подход. M.: Изд. дом Гос. ун-та. Высшей школы экономики, 2010, 320 s.) Görünür, Amerika siyasi dairələri D.Zolo ilə razı deyil.
Newtimes.az
çap et