525.Az

"Hellouin": bayram, yoxsa dilənməyin dəbdəbəsi?!


 

"Hellouin": bayram, yoxsa dilənməyin dəbdəbəsi?!<b style="color:red"></b>

Tarixən Böyük Britaniya mühitinə, oradakı həyat tərzinə xas olan "Hellouin" olayının ilk dəfə XVI əsrdə yayıldığı güman edilir. Bayramın əsas simvolu "Cek fənəri" sayılır. "Cek fənəri" içərisi boşaldılmış, göz, burun və ağız hissələri oyulmuş balqabaqdan hazırlanır və balqabağın içinə şam qoyulur. Bəs bu bayramın yaranma tarixi necədir?

Orta əsrlərdə Britaniyanın kasıb sakinləri evbəev gəzib ölülərin ruhuna dua oxumalarının qarşılığında sakinlərdən yemək istəyirdilər. Onlar əllərində içinə məhşərdə ilişib qalan ruhu təmsil edən şam qoyulmuş şalğamdan düzəltdikləri fənər tuturdular. Digərlərinin fikrincə isə, fənərlər pis ruhları qovmaq üçün istifadə edilirdi. 1800-cü illərdə şalğam balqabaqla əvəz olundu, çünki bu tərəvəz o torpaqlarda geniş yayılmışdı və onu oymaq asan idi.

Bayram Böyük Britaniya ərazisində yaşayan keltlərin adət-ənənələri əsasında formalaşıb. Bu bayram hal-hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox digər dünya ölkələrində təntənəli şəkildə keçirilir.  

Azərbaycanda da bir çox milli adət-ənənələrə xas olmayan bayramlar keçirilir. Belə bayramlardan biri də son bir neçə ildə məşhurlaşan Hellouin bayramıdır. Son illərdə ölkəmizdə bu bayramı bir çoxları xüsusi geyimlər geyinərək, qrimlərdən istifadə edərək keçirirlər. Hətta bəzi orta məktəblərdə bu bayramın keçirilməsi üçün xüsusi hazırlıq görülür. Əslində isə məqsəd tamam başqadır.

Jurnalist Şəfəq Mehrəliyevanın "Sizi Hellouinsiz qalasınız! Heç dədə-babalarının "qara bayramı" yadlarına düşmür, meksikalıların "Ölülər Günü"nü qeyd edirlər" sözləri əslində, həmin məqsədə işıq tutur.

Qloballaşdırma adı ilə hər bir xalqın dəyərlərini, adət-ənənələrini əlindən alıb manqurtlaşdırırlar. Qərb bütün dünyanı, həmçinin, Azərbaycanı da bu cür hala salmağa çalışır. Bu tip bayramlar da elə buna köklənən bayramlardandır. Bu cür anormal və məqsədsiz bayramı keçirməkdənsə, onların əvəzinə milli bayramları qeyd edə bilərik. Milli ruh deyilən bir məfhum var və mən o həqiqətə inanıram. Hellouin bayramında hansı millilikdən söhbət gedə bilər ki? Fikrimcə, heç bir inkişaf özünü unutmaqdan keçmir. Biz öz donumuzdan çıxaraq yad mədəniyyətlərə sığınmaqla heç nə qazana bilmərik.

Ölkəmizdə Hellouin ekzotik və mübahisəli bayram sayılır. Bayrama qarşı vəziyyət tədricən dəyişir. 2014-cü ildə BBC Azərbaycancanın Azərbaycanda keçirilən Hellouin barədə sorğusu bir çox izləyici tərəfindən cavablanıb. "Hellouin partisinə gedəcəksinizmi? Bu günü qeyd edirsinizmi?" suallarına çoxunun reaksiyası mənfi olub.

Kökü kasıb təbəqənin qapı-qapı gəzərək dilənməsinə gedib çıxan bir bayramı qeyd etmək də adamı narahat edir. Həm də ki, belə dilənməkdənsə, elə qapılara papaq ataq da...

 





08.11.2021    çap et  çap et