525.Az

Tatarıstanın müqaviməti, Tıvanın özgürlük həvəsi


 

Tatarıstanın müqaviməti, Tıvanın özgürlük həvəsi<b style="color:red"></b>

Rusiyanın rəsmən imperiya elan edilməsinin 300 ili tamam oldu. Üç əsr öncə - 1721-ci ilin noyabr ayının 2-də çar I Pyotrun imperator titulunu qəbul etməsi ilə Rusiya rəsmən imperiyaya çevrildi. Ötən əsrin əvvəllərində Fevral inqilabı imperiyanın mövcudluğuna formal olaraq son qoysa da, mahiyyətcə hələ də davam edir.

Rusiya imperiyasının xarabalıqları üzərində yaranmış Sovet dövlətinin rəhbərləri Çar rejimini lənətləsələr də, imperiya siyasətini davam etdirdilər. Xristianlıq Roma imperiyasının ömrünü təxminən üç əsr uzatdığı kimi, kommunizm ideologiyası da Rusiya imperiyasının ömrünü daha 70 il uzatdı.

Sovet İttifaqının dağılması da Rusiyanın milli dövlətə çevrilməsinə gətirib çıxarmadığı üçün mərkəzdən qaçmanın yeni dalğasının titrəyişləri artıq hiss olunmağa başlayıb. Bu isə sosioloq və politoloqlarda ölkənin yeni çöküş mərhələsinə daxil olması ilə bağlı əndişə yaradıb.

Rusiya Federasiyası rusların bu coğrafiyada son 300 ildə yaratdığı üç böyük dövlətin ərazicə ən kiçiyi olduğu kimi, dövlət quruluşuna və siyasi sisteminə görə də ən zəifidir.

Rusiya imperiyasında hakimiyyət ilahi mənşəli olduğu iddia edilən irsi monarxiyadan ibarət idi. Sovet İttifaqında isə hakimiyyət sosial bərabərlik ideologiyasını təbliğ edən Kommunist Partiyasının təkpartiyalı sərt idarəçiliyi üzərində qurulmuşdu. Hər iki hakimiyyət bu gün Rusiyada mövcud olan avtoritar rejimdən daha dayanaqlı idi. Lakin hər ikisi mahiyyətcə mütləqiyyət rejimi olduğu üçün siyasi sistemin çöküşü imperiyanın da çöküşünə səbəb oldu.

Sosioloqları narahat edən əsas məsələ Rusiyada demoqrafik vəziyyətin və sosial-iqtisadi durumun pisləşməsidirsə, politoqları siyasi sistemin dayanaqsız olması və regionlarda mərkəzdənqaçma meyillərinin güclənməsi narahat edir. Statistik məlumatlara görə, son 20 ildə Rusiyanı 5 milyon nəfər tərk edib. Onların çox böyük əksəriyyəti təhsilli və işgüzar insanlardır. Rusiyada demoqrafik vəziyyəti pisləşdirən ikinci məqam koronavirusun ölüm sayının kəsin artırmasıdır. Rəsmi məlumata görə, COVİD-19 virusunun qurbanlarının sayı 238 min nəfər olsa da, koronavirus pandemiyasından əvvəlki dövrlə müqayisədə pandemiya dövründə 753 min artıq ölüm faktı qeydə alınıb. Miqrasiya və ölüm faizinin yüksəlməsi əhalinin kəskin azalması ilə nəticələnir ki, bu da dünyanın ən böyük ölkəsinin ən ciddi problemi hesab olunur. Sosioloqlara görə, Rusiyanın mövcudluğunu qoruya bilməsi üçün 500 milyon əhaliyə ehtiyacı var. Rusiyanın isə hətta bunun üçdə biri qədər əhalisi yoxdur. Üstəlik də, əhalinin artımı əvəzinə, azalması prosesi gedir.  

Neft və qazın qiymətinin bahalaşması Rusiyanın 50 milyard dollar əlavə gəlir əldə etməsinə səbəb olsa da, kiçik və orta biznesin çöküşü qorxunc miqyas alıb. Sosioloqlar kiçik və orta biznesin çöküşü nəticəsində əhalinin kəskin yoxsullaşmasının doğuracağı çoxsaylı problemlər haqqında həyəcan təbili çalırlar.  

Son bir ildə baş verən siyasi proseslər siyasi sistemin dayanaqlığını itirməyə başladığını göstərir. İqtidar bu prosesin qarşısını azadlıqların məhdudlaşdırılması və repressiyaları gücləndirməklə almağa çalışır. Bu tədbirlər siyasi fəallığı azaltsa da, daha qorxulu prosesə yol açır. Politoloqlar son bir ildə Rusiyada mərkəzdən qaçma hallarının artmasını siyasi azadlıqların məhdudlaşdırılması və repressiyaların güclənməsi ilə izah edirlər.  

Tatarıstan Respublikasının Dövlət Şurası "Rusiya Federasiyasının təsis qurumlarında dövlət hakimiyyətinin təşkilinin ümumi prinsipləri haqqında" qanunun əleyhinə çıxdı. Bu qanun Rusiya Federasiyasının tərkibində olan subyektlərdə prezident vəzifəsinin başçı vəzifəsi ilə əvəzlənməsini nəzərdə tutur. Doğrudur, Tatarıstanın bu qanunun əleyhinə çıxması onun qəbul olunmayacağı anlamına gəlmir. Rusiya prezidentinin köməkçisi və mətbuat katibi Dmitri Peskov bildirib ki, Tatarıstanın mövqeyinə hörmət edirlər, lakin bu, yalnız fikirlərdən biridir və Federasiyanın digər subyektlərinin dəstəklədiyi qanunun qəbul olunmasında son söz Dövlət Dumasınındır. Senator Andrey Klişas və deputat Pavel Kraşeninnikov tərəfindən irəli sürülmüş "Rusiya Federasiyasının təsis qurumlarında dövlət hakimiyyətinin təşkilinin ümumi prinsipləri haqqında" qanun layihəsinin Dövlət Duması tərəfindən qəbul olunacağına heç bir şübhə yoxdur. Ancaq bu, Kazanla Moskva arasında fikir ayrılığını daha da gücləndirəcək. Çünki Kazanda hesab edirlər ki, Moskva Rusiyanın federal quruluşunu dəyişməyə cəhd edir. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasını Sovet İttifaqının federal dövlət olmasından qaynaqlandığı dəfələrlə bəyan edib.
Moskvadan iqtisadi asılılığı olmayan Tatarıstan isə Rusiyanın hüquqsuz subyektlərindən birinə çevrilmək istəmir. Bu hadisə Rusiyada Çeçenistan müharibəsindən sonra mərkəzlə əyalət arasında ilk ciddi ziddiyyət olacaq. Politoloqlar bu ziddiyyətin necə çözüləcəyini bilmirlər. Ancaq Tatarıstanda mərkəzdən qaçma meyllərinin güclənəcəyinə şübhə etmirlər.

Bu məsələ narahatlıq doğursa da, politoloqları Tatarıstandan daha çox Tıva respublikasında baş verənlər narahat edir. Son illər rusların bu respublikanı tərk etməsi güclənib. Hakimiyyət orqanlarının küçələrə nəzarəti itirməsi müşahidə olunur. Hətta artıq Tıvanın digər regionlara qarşı ərazi iddiaları irəli sürməsi də açıq müstəviyə keçib. Həm də bu iddiaların ancaq güc yolu ilə həyata keçirilə biləcəyi haqqında çağırışlar eşidilir. Tıvada baş verənlər Sovet İttifaqının son illərində əksər Sovet respublikalarında yaşanan prosesləri xatırladır.

Rusiyanın subyektləri arasında iqtisadi münasibətlər sürətlə qırıldığı halda, həmin subyektlərin Çindən iqtisadi asılılığı artır. Rusiyanın bir sıra vilayətlərində Pekinin təsiri Moskvadan daha artıq hiss olunur ki, bu da politoloqları Tatarıstandakı prosesdən daha çox narahat edən digər məsələdir.

Əgər hakimiyyətin ötürülməsi zamanı hər hansısa böhran yaransa və varisinin legitimliyi şübhə doğursa, mərkəzdən qaçma qarşısıalınmaz proses olacaq. Üstəlik, rusların əksəriyyəti artıq Rusiyanın imperiya olmasını da istəmir.

"Levada mərkəz"inin keçirdiyi son sorğuya görə, rusiyalıların 66 faizi Rusiyanı dünyanın ən güclü ölkələrindən biri kimi deyil, yüksək həyat səviyyəsinə malik ölkə kimi görmək istəyir. Rəyi soruşulanların yalnız 32 faizi Rusiyanı "başqa ölkələrin hörmət etdiyi və qorxduğu böyük dövlət" kimi görmək istədiyini bəyan edib. Bu rəy sorğusu göstərir ki, I Pyotrun imperator tacı qoyduğu gündən 300 il sonra ruslar artıq imperiya olmaq istəmirlar.

 





07.11.2021    çap et  çap et