“İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır”.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi illərdə ölkədəki ictimai-siyasi, iqtisadi vəziyyət olduqca ağır durumda idi. Mərkəzi idarəçiliyin olmaması, vəzifə sahiblərinin təcrübəsizliyi, mühüm dövlət postlarının tutulması uğrunda qanlı mübarizə, Azərbaycanın elan edilməmiş müharibəyə sürüklənməsi, soydaşlarımızın öz el-obasından deportasiyası, Ermənistanın torpaqlarımıza təcüvüzü bir milyona yaxın qaçqın və məcburi köçkünün yaranmasına səbəb olmuşdu. Sovetlər dönəmindən qalma istehsal müəssisələrinin, zavod və fabriklərin müasir tələblərə cavab verməyərək sıradan çıxması, kolxoz və sovxozların dağılmasından sonra kənd təsərrüfatı sahəsində islahatların aparılmaması isə ölkə iqtisadiyyatını tənəzzülə uğratmışdı. Lakin 1993-cü ildə xalqın təkidli-tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər, bütün sahələrə tətbiq etdiyi islahatlar Azərbaycanın tədricən dirçəlişinə səbəb oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə imzalanan və Azərbaycan tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması isə xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan verdi. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri oldu. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirildi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü ildə Azərbaycan Prezidenti seçilməsi ilə qeyd olunan sahədə görülən işlər tamamilə yeni müstəviyə qədəm qoydu. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İ.Əliyevin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq olundu.
Sözügedən Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edildi, beş il ərzində Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatdı, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etdi. Qeyri-neft sektoru 1,8 dəfə artdı, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etdi. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım oldu. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artaraq yoxsulluq səviyyəsi 13,2 faizədək azaldı. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı da 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələdi və 268 manata çatdı. Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi beş ildə 33,5 milyard manat təşkil etdi ki, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar oldu. Bu dövr ərzində regionlara yönəldilmiş dövlət investisiyalarının ümumi məbləği 6,8 milyard manata çatdırıldı. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi beş ildə 6,2 dəfə artaraq, ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdı. 2004-2008-ci illərdə dövlət investisiyalarının həcminin artması regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə də təkan verdi. Beş il ərzində ölkədə 9 elektrik stansiyası - Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyası, Sumqayıt şəhərində istilik elektrik stansiyası, Bakıda 2 elektrik stansiyası tikilib istifadəyə verildi. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi 13 illik fasilədən sonra bərpa olundu, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edildi. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərə başlanıldı.
Beş il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkildi və ya əsaslı təmir edildi,
Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq məqsədilə Prezident İ.Əliyevin 2009-cu il 14 aprel tarixli Fərmanı ilə ikinci konsepsiya - “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutuldu. Eyni zamanda yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirdi. Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq ikinci Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutuldu. Ötən müddətdə bu Dövlət Proqramının da uğurla icra olunması Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaratdı.
Fikrimizi rəqəmlərlə ifadə etsək, Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradıldı, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə, yoxsulluq səviyyəsi isə 8,4 dəfə azalaraq 5,3 faizə endi. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əmək haqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artdı. Ölkə başçısı 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak etdi, müəssisələrin fəaliyyəti ilə yaxından tanış oldu. İctimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə dövlət başçısı 240 sərncam imzaladı. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldildi. Ötən müddətdə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirildi, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırıldı, 9 milli park yaradıldı, 20 milyon ağac və bəzək kolu əkildi. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırıldı. Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikildi və ya əsaslı təmir olundu.
Ölkənin bütün regionlarını əhatə edən hər iki Dövlət Proqramı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayılan, lakin hazırda blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bir sıra nailiyyətlərin əldə olunmasına təsir etdi. Proqramlarda nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsinin nəticəsi olaraq hazırda muxtar respublikada 346 növ və 988 çeşiddə məhsul istehsal olunur. Yeni yaradılan müəssisələr əhalinin 106 növ ərzaq və 226 növ qeyri-ərzaq məhsullarına olan tələbatını tamamilə yerli istehsal hesabına ödəmək imkanına malikdir. 2003-2013-cü illərdə muxtar respublikada ümumi daxili məhsul 8,4 dəfə, sənaye məhsulunun həcmi 49, kənd təsərrüfatı məhsullarının istehsalı 4,7, əsas kapitala yönəldilən investisiyalar 4,1, əhalinin gəlirləri 10,2, xarici ticarət dövriyyəsi isə 13,9 dəfə artıb. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə 2003-2013-cü illər ərzində 89,8 milyon manat güzəştli kredit, kənd təsərrüfatı məhsulları istehsalçılarına 22,7 milyon manat yardım verilib. İndi muxtar respublikada 438 sənaye müəssisəsi var. Son on ildə 954 istehsal və xidmət müəssisəsi də yaradılıb. Naxçıvanda bir çox sahələrdə istehsal olunan məhsullara nəinki Cənubi Qafqaz və MDB, eləcə də dünya bazarında böyük tələbat var. Naxçıvanda istehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanı qida, sənaye və digər məhsullarla tam təmin edir, idxaldan asılılığı minimuma endirir. Bütövlükdə hər iki Dövlət Proqramı çərçivəsində görülən mühüm tədbirlər muxtar respublikanın sosial-iqtisadi gücünü artırmaqla yanaşı, həm də yeni iş yerlərinin yaradılmasında, əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsidir ki, 2003-2013-cü illərdə 58 min 460 yeni iş yeri açılıb, bununla da işsizliyin səviyyəsi sıfıra enib.
Bir sözlə, Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər, həmçinin Prezident İ.Əliyev tərəfindən cari il fevralın 27-də təsdiqlənən üçüncü konsepsiyada - “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr regionların gələcəkdə daha da inkişaf edəcəyinə böyük ümidlər yaradır.
Aqil LƏTİFOV,
“525-ci qəzet”in müxbiri
Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir
çap et