525.Az

Fədakarlıq və qəhrəmanlıq örnəyi


 

ŞƏHİD KİNOŞÜNAS FƏQAN MƏMMƏDOV SONSUZ VƏTƏN SEVGİSİ İLƏ NƏSİLLƏRƏ NÜMUNƏ OLDU

Fədakarlıq və qəhrəmanlıq örnəyi<b style="color:red"></b>

Bu gün sizə arzusu kinoşünas olmaq, Qarabağ haqqında silsilə filmlər çəkmək olan şəhid Fəqan Məmmədovdan danışacağam. Fəqan Vahid oğlu Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinorejissorluq fakültəsində təhsil alıb. Nişanlı idi.

Fəqan 2019-cu ildə həqiqi hərbi xidmətə yollanmışdı. Çavuş rütbəsi daşıyan Fəqan manqa komandiri idi. Tərxis olunmasına cəmi 2 ay qalan F.Məmmədov Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 6-da Ağdam cəbhəsində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun əsgərləri Ermənistan ordusunun əsgərlərini mühasirəyə alıb və Ermənistan ordusunun hərbçiləri ağ bayraq qaldırıblar. F.Məmmədov onlara yaxınlaşmaq istədikdə isə Ermənistan ordusunun əsgərləri əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan özünü sipər edərək döyüş yoldaşlarını xilas edib. Atası da I Qarabağ savaşının iştirakçısı olan şəhidimiz Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. O, şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

O, 2021-ci ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi düşünürdü. Ən böyük arzusu Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək olan şəhidimizin öz qəhrəmanlıq hekayəsi film mövzusuna çevrildi. Bu günlərdə Fəqanın da tələbəsi olduğu Mədəniyyət və İncəsənət Universiteti onun xatirəsinə film həsr etdi. ADMİU-nun rektoru, professor Ceyran Mahmudovanın təşəbbüsüylə Fəqan və bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş "Qırx dörd" filmi rektorun təklifi ilə məhz gənclər - ADMİU-nun tələbələri tərəfindən hazırlanmışdı. Filmdə 44 günlük Vətən müharibəsi, eləcə də, Fəqanın həyatı, keçdiyi döyüş yolu şahidlərin çıxışlarının fonunda işıqlandırılıb.

"Qırx dörd" filminin təqdimat mərasimində F.Məmmədovun ailəsi də iştirak edirdi. Nümayişdən sonra Fəqanın anası Surət xanım, bacıları Nurcan və Naidə ilə həmsöhbət olduq. Şəhidimizin anası danışır: 

"Onun yoxluğuna hələ də inanmıram.

İndi sizinlə burda oturmuşam, amma elə bilirəm ki, yuxudayam. Fəqan uşaqlıqdan sözü üzə deyən, qorxu nədir bilməyən idi. Balaca vaxtı uşaqlar sözə baxsın, yatsın deyə, adətən, qorxudarlar. Mən də Fəqanı körpə vaxtı canavarla qorxudardım. Deyirdim ki, canavar, gəlmə, Fəqan yoxdur burda. Onda Fəqan deyirdi: "Yox, gəl, gəl, mən səndən qorxmuram". Məktəbdə ən çox tarix və idman dərsini sevirdi. Çox yaxşı əl qabiliyyəti də vardı, qəşəng rəsmlər çəkirdi. Heç kim onun rəsm müəllliminin yanına getmədiyinə inanmırdı. Çünki detallara qədər çox dəqiq çəkirdi".
Bacısı Nurcan söhbətimizə qoşulur: "Tarixə hədsiz marağı vardı. Qəbul imtahanlarında da ən çox balı tarixdən yığmışdı. Yaddaşı çox güclü idi. İmtahanlarına belə çox hazırlaşmazdı. Əvvəl oxuduqları, müəllimlərin danışdıqları yadında qalardı". 

Anası: "Hətta müəlliminə şikayət edirdim ki, Fəqan evdə dərs oxumur. O isə deyirdi ki, Fəqan dərslərini çox yaxşı bilir, əlaçıdır, bizim ondan narazılığımız yoxdur. Ali məktəbdə oxuyanda da elə idi. 

Həmişə deyirdi ki, ana, nə demisənsə, eləmişəm, bircə seçəcəyim sənətə və ailə quracağım insana qarışmayın. Mən istəyirdim müəllim olsun, yanımızdan uzağa getməsin. O isə kinoşünas olmaq istəyirdi. Kinolara baxıb çoxunu bəyənmirdi. Deyirdi ki, vaxt gələcək, elə film çəkəcəm, dünyaya səs salsın. 

Həmişə qorxurdum ki, onu tez itirəcəm...

Nədənsə, bu fikir beynimdən çıxmırdı. Ən böyük arzusu futbolçu olmaq idi. Çox peşəkar futbol oynayırdı. Mən mane oldum ona. Həmişə deyirdi: "Dünya şöhrətli futbolçu olardım, sən qoymadın". Qorxurdum ki, həmişə qaçaqaçda olar, tərləyər, soyuqlayar, xəstələnər. Qıya bilmirdim. Onu elə qoruyurdum ki, bu yaşınacan heç dişi belə ağrımamışdı, heç vaxt xəstələnməmişdi. Tələbə vaxtı tətillərdə evə gələndə də bilmirdim ki, qulluğunda necə durum, onu necə qoruyum ki, ürəyim soyusun".

Müharibə başlayanda Fəqanın tərxis olunmağına cəmi 87 gün qalıbmış. Anası günləri saydıqlarını deyir: "Müharibədən 2 gün qabaq - sentyabrın 25-də bizə zəng vurdu. Həmin gün 2 dəfə zəng elədi. Onları təlimə aparacaqlarını dedi. "Bacılarımı sənə, səni də Allaha əmanət edirəm" - dedi. Orda belə bizi, bacılarını düşünürdü. Bacısı Nurcan Bakıda əczaçılığa imtahan vermişdi. O da Fəqanın arzusu idi. Nişanlısı əczaçı idi. Deyirdi ki, gələcəkdə bacımla həyat yoldaşıma birlikdə aptek açacam. 

Fəqan onda zəng edəndə dedi ki, narahat olmayın, bacımın Bakıda qalması üçün kirayə ev tapmışam, etibarlı insanlardır, gedib orda qalar. Hələ qəbul olması mesajı gəlməmiş o, hərbi xidmətdə belə bunları düşünürdü. Dedi, mesaj gələndə çaşbaş qalmayın, yer hazırdır. Qəbul xəbəri də şəhid olduğu gün gəldi. Nurcan dedi, ana, qaqaş qəbul olanda necə sevinmişdik, amma indi içimdə qəribə hiss var".

Nurcan: "Heç cür sevinə bilmirdik. Oktyabrın 6-sı qəbul mesajı gəldi. Biz onda hələ bilmirdik qardaşımın vəziyyətini. Sən demə, həmin gün şəhid olubmuş. Biz oktyabrın 7-də öyrəndik". 

Anası: "Müharibə vaxtı bir dəfə də əlaqə saxlamadı bizimlə. Sentyabrın 26-da ən yaxın dostuna zəng edib, deyib ki, hər an hər şey ola bilər, sən həmişə ailəmin yanında ol. Fəqanın çox gözəl dostları var. Onun çox ciddi qanunları vardı. Yaşından böyük düşünərdi. Hətta uşaq vaxtı dostları özündən 5-6 yaş böyük olardı".

Nurcan: "Biz qardaşdan çox onu müqəddəs bir varlıq kimi təsəvvür edirdik. Fəqan az qala bizim Allahımız idi. Aramızda sıx bacı-qardaş sevgisi vardı. Onu hələ heç bir bacı-qardaşda görməmişəm. Bunu da o özü yaratmışdı".

Anası: "Mənə, bacılarına, nişanlısına qarşı çox qısqanc idi. Həmişə də deyirdi ki, qısqanclıq güvən azlığından yox, sevginin çoxluğundandır. Nişanlısı Aysellə bir məktəbdə paralel siniflərdə oxumuşdular. Həmişə Ayseli tərifləyərdi. Sonradan bacısından öyrəndim ki, Fəqan Ayseli sevir. Öz aramızda da nişan taxmışdıq".

Nurcan: "Əsgərlikdə olanda bizə zəng edəndə həmişə tapşırırdı ki, Aysel bacını tək buraxmayın, onunla maraqlanın. Aysel bacı Bakıda işlədiyi üçün onu bizə tapşırırdı".

Aysel xanımı Fəqan haqqında filmdə və filmin təqdimatında görmüşdüm. Sonra bir neçə dəqiqəlik söhbət də etmişdik. Onun Fəqana olan sevgisi, sadiqliyi, hələ də ailənin yanında olması məni çox təsirləndirmişdi. Bu fikrimi ailəylə də bölüşürəm. 

Anası: "Qızlarıma da demişəm ki, Aysel hələ çox gəncdir, gələcəkdə ailə də quracaq. Amma nə olursa olsun, o, sizin böyük bacınızdır. Ayselə də deyirəm ki, Bakıda yox, dünyanın harasında olursansa, ol, dara düşsən, çətinliyin olsa, həmişə yanındayam".

"Şəhidliyindən 3 gün qabaq hər gün vidalaşmaq üçün yuxuma gəldi"

"Fəqan hərbi xidmətə getmədən xəstələnmişdim, havalı kimi idim, hər gün yuxularımı qatırdım, yuxudan durub ağlayırdım. Hər gün yuxuda görürdüm ki, bütün dünyasını dəyişmiş tanışlarımız bizdədir. Şəhidliyindən üç gün qabaq hər gün Fəqan vidalaşmaq üçün yuxuma gəldi. Yuxuda gördüm ki, bir vertolyot gəlib həyətimizdə saxladı. Hərbi paltarda bir adam yanında Fəqanla düşdülər. Həmin adam dedi ki, bacı, Fəqanı axırıncı dəfədir görürsən. Sonra vertalyota minib getdilər. İkinci gün gördüm ki, həyətin ortasında qucaqlaşmışıq, Fəqan başını çiynimə qoyub. Qapıdan çöldə də - küçədə millət var. Fəqanın ən yaxın dostu da qapının ağzında onu gözləyir. Üçüncü gün isə yenə də mənlə görüşdü, çıxıb getdi. 
Anası: "Şəhidlik xəbəri gələndə qızlarım qeydiyyat üçün getmişdilər. Sən demə, bütün kənd bilirmiş balamın şəhid olduğunu. Biz bilmirdik. Həmin gün hamının nəzərini öz üstümdə hiss edir, narahat olurdum. Həm də ürəyim çox sıxılırdı. Elə qulağım qapıda idi, sanki bizim evə tərəf gələn maşın karvanı səsi eşidirdim. Xəbəri isə Fəqanın babası verdi. Qızlar onu görən kimi "qardaşıma nə olub?" soruşdular. Mənim isə tək sözüm bu oldu: mən bilirdim! Sonra heç nə yadımda deyil. Fəqanı gətirəndə üzünə baxa bilmədim".

Nurcan: "Biz bir saniyəlik açıb baxdıq. Elə bil şirin yuxuda yatmışdı. O qədər gözəl idi ki...

Son dəfə məzuniyyətə gələndə çox fikirli idi. Nişanlısıyla görüşəndə parkda sakit oturduqları yerdə Çingiz Mustafayevin "Mən şəhid oldum" mahnısını qoyub və gözlərindən yaş axmağa başlayıb. Müharibə olacağından xəbəri varmış. Həmin vaxt onlar cəbhədə hazırlaşırmışlar. Ayselə də deyib ki, ermənilərin bizim torpaqlarda gəzdiyini görəndə çox əsəb keçirirəm. Nə vaxta kimi belə davam etməlidir. Hər dəfə onları öldürmək istəyəndə yadıma siz düşürsüz, dayanıram. Amma ara qarışsa, bir saniyə də dayanmayıb, ən öndə gedəcəm. Elə də elədi.

ADMİU-ya qəbul olduğu üçün çox xoşbəxt idi

Müəllimi Ayaz Salayevi çox sevir, örnək alırdı. Universitet də onun şəhadətindən sonra çox diqqət göstərir. Bizə evə, Fəqanın qəbrini ziyarətə də gəlmişdilər. Haqqında film çəkdilər. Düzdür, o, qısametrajlı film idi. Çox istərdik ki, gələcəkdə daha uzun filmlər çəkilsin".

Anası: "İndi onu ancaq yaşıl paltarda görürəm və deyir ki, ana, ağlamayın, mən yenidən gələcəm, siz hələ məni çox qucaqlayacaqsız. Fəqana başqa cür ölüm də yaraşmazdı. O, şəhidlik üçün doğulmuşdu sanki. İnsan onunçün çox ali varlıq idi. Şəhidliyi də döyüş yoldaşlarını qoruyarkən oldu. Onun qərargah rəisi gəlmişdi bizə, Fəqandan ağızdolusu danışırdı. O, məktəb vaxtı özünə aid olmayan işlərdə belə dostlarını qoruyurdu. Əsgərlikdə də elə imiş, bütün problemlərdə əsgərlərini müdafiə edərmiş. 

Bu bir il ərzində şəhid ailəsi kimi çox böyük hörmət görürük. Ən adi insanlar belə Fəqanı tanıyır və bizə onun ailəsi kimi çox diqqət göstərirlər. Biz bununla qürur duyuruq". 

Nurcan: "Fəqan bizim üzərimizə böyük məsuliyyət qoyub getdi. Biz bundan sonra onun bacıları kimi Fəqanın adına layiq şəkildə yaşamalıyıq". 
 

 





11.11.2021    çap et  çap et