525.Az

Müharibənin şəkli yadımda çox qalıb- "Qarabağ şahidləri"


 

I söhbət

Müharibənin şəkli yadımda çox qalıb- <b style="color:red">"Qarabağ şahidləri"</b>

El adamının oğlu...

 

Çox müsahiblərim olub. Status, ictimai mövqe, əxlaq, elm, mədəniyyət mənsubiyyətləri fərqli bu insanlar ən əziz azərbaycanlı kimi yaddaşımda qalıb - mətbuat tariximizdə həmçinin. Ancaq indiki müsahibim bir evin, bir obanın-elin sevimlisi olmaqla bahəm, ev adamının yox, el adamının oğludu. Doğulduğu gündə yeddi qurban kəsilən Səfərov Elməddin Sərdar oğlu yeddi qurbanın kəsilmə səbəbini soruşanda, cavab sadə olub: "oğul düşmən çəpəridi". Üstündən çox yox, elə 15- il sonra Elməddin həm o yeddi qurbana layiq oğlan olduğunu sübut edib, həm özünə qurban olası el oğlu olduğunu nümayiş etdirib, həm ən başlıcası, elə həqiqətdə düşmən çəpəridi ki.. var! Ağdam çıxana qədər döyüş bölgəsində olub!

QISA KONKRET: Elməddin Sərdar Qarabağ müharibəsinə, Qarabağ dərdlərinə, Qarabağ tarixinə taleyinə şahid olan çox az etibarlı mənbələrdəndi, Qarabağ Qazisi Qarabağ Şahididi!

 

"Müharibə saxtalaşdırılmamalıdı!"

 

Elməddinlə məni yaxınlaşdıran düz sözüdü. Elməddini mənimlə söhbətə çəkən... müharibəni saxtalaşdırma cəhdləridi. Elməddin Qarabağ həqiqətini düz bilən düz danışan Qazidir! O boyda qazilər sırasından Elməddini seçməyimin bir sadə səbəbi var: Elməddinə hərbi xidmətə çağırış vərəqi göndəriləndə o artıq döyüşlərdə bir neçə dəfə yaralanmış sağlamlığını itirmiş əsgər mübariz bir vətəndaş olub!!!

Onunla söhbət-müsahibənin faktologiyasına diqqət yetirəndə Azərbaycan tarixi üçün həddən ziyadə tükürpədici məqama rast gəlmək olar!

Elməddin Sərdar mənsub olduğu nəslin 100-dən artıq kişisiylə birgə əyninə döyüş paltarını çox erkən - orta məktəb şagirdi olanda geyinib!

Nəslinin Qarabağ savaşında 14 şəhidi var. Onun da üçü - "Fred Asif"-Asif Məhərrəmov, Şirin Mirzəyev, Ramiz Qənbərov - Azərbaycanın Milli Qəhrəmanlarıdır!

Ümumilikdə ilk yürüşə 1988-ci il fevralın 21- məktəbin həyətindəki dəmir payadan birini qoparıb qoşulan Elməddin sonradan, əvvəl gizlin, ardından aşkar düşmənlə döyüşə durub. Hər küçəsinin dayaq dəstəsi olan Ağdamda Elməddinin öz küçəsindəki, ayrı küçələrdəki dəstəyə qoşulmaq üçün yaşı çatıb, haqqı: evlərindən atası da, özündən böyük iki qardaşı - Cəmaləddin Kəmaləddin, xalası oğlanları "Fred Asif", Ədalət, Səxavət, Mahir düşmənlə üz-üzə səngərdə durublar. Getməyə bilərdi Elməddin. Oxumağının ardınca düşərdi. Azərbaycan çempionu olduğu sərbəst güləş növüylə məşğul olardı, oxuyardı, yaxşı hüquqşünas olardı, ya həkim. Hər halda torpağı qorumağı daha üstün tutub. Maliyyə-iqtisad kollecində təhsilini yarımçıq qoyub. Meyli döyüşə atıb onu. İcazəni isə el adamı olan atası Sərdar kişi verib. Sərdar kişi onun üçün elə Azərbaycanın sahibi statusunda olub: "Bir halda ki, ata icazə verdi, vəssalam". Çünki onda heç kim Elməddinə deyə bilməzdi "dur, dava paltarını geyin". Ancaq Elməddin "geyib əsgər paltarını, silahlandı". Bu o vaxt idi ki, hətta qonşu rayonlar bir-birindən xəbərsiz idi Azərbaycanda müharibə bir o qədər hiss olunmurdu.

Elməddin Sərdarın yaşıdlarının - 1973-1974- il təvəllüdlü vətəndaşların orduya kütləvi şəkildə cəlb edilməsi 1991-1992-ci illərə təsadüf edir kütləvi şəkildə döyüşə buraxılan o gənclər... təəssüflər olsun ki, elə kütləvi şəkildə qırıldılar. Deyəsən, genefond kitabımızda bu təvəllüd "qırmızı" qrafadadı.

Əslində, verilən sənədlərdə "Azərbaycan Respublikası uğrunda müdafiədə yaralanmışdır" epikrizi Qarabağ qazilərinin dəqiq diaqnozu deyil. Onlara gah Qarabağ əlili, gah Qarabağ yaralısı, gah da Azərbaycanın müdafiəsi uğrunda yaralanmışlar kimi baxmaq bir az etikadan kənardı. Ən azından, onlar qazilərdir onların xidmətlərinə ehtiram əlaməti olaraq etiraf etməliyik:

"Azərbaycan Qarabağ savaşını udub, baxmayaraq ki, torpaqların 20 faizi düşmən tapdağındadı. Çünki ermənilər öz lobbi diasporalarının dəstəyi ilə dənizdən dənizə hücum etmişdilər planları da Xəzərə çatmaq idi. Təbii ki, haracan gələ bilsəydilər, gələrdilər qabaqları Qarabağda alındı. Düşmənin məqsədi təkcə Qarabağ deyildi ki, Azərbaycan idi, erməni Kürdən su içmək üçün ayağa qalxmışdı Qarabağ bəhanəsiylə qarşısı alındı. Bizim 20 faiz torpağımızı erməni işğal etməyib, erməni bütün dünya ilə birləşib əlimizdən alıb. Özü elə bir şəraitdə ki, silah yox, sursat yox, mülki müdafiə yox, torpaqları su arxlarının, kanalların içindən qorumuşuq. Azərbaycan əsgəri döyüşü udub, Azərbaycanda erməniyə uduzan siyasətdi. Azərbaycan əsgəri Naxçıvaniki alıb, Aranzəmini alıb, Gülcamalı, Pircamalı, Drombonu alıb, Mardakerti alıb adını Ağdərə qoyub - 1992-ci il iyun ayının 12- Azərbaycan Ordusunun möhtəşəm qələbəsi olub bütün cəbhəboyu. Onda hamı əsgər idi, polkovnik yox idi, general yox idi, olanlar da orda deyildi, bir neçəsindən savayı. Hamı torpağı qoruyurdu. Bax buna görə Azərbaycan əsgərinə hörmətlə yanaşılmalıdı. O fərq bilinməlidi ki, kim qarət üçün döyüşüb, kim ad-san üçün, kim torpaq üçün. Bizə Çapayevi soxuşdurublar, Pavlik Morozovu öyrədiblər. Bizə öz qəhrəmanlarımızı tanıtmayıblar, tanıtmırlar. "Fred Asif" bizim üçün təkcə komandir deyildi, ən azından ona görə ki, bu adam razı deyildi ki, güllə ondan keçib əsgərə dəysin! Naxçıvanikdə səhər-səhər döyüşdən çıxıb istirahət etmək üçün gələn 70 döyüşçünü - "Oğuz elinin yatmış qəhrəmanlarını" xilas edən 13 yaşlı Qalibin adını deyən yoxdu! Hər kəsin gördüyü deyilməlidi. Yoxsa ki, bir edənin adına min deyəsən, min edənin adına bir deməyəsən. Saxtalaşdırmaq olmaz. Hər kəsin elədiyi deyilməlidi. Elməddindən yox, həmin "Fred Asif"dən, Ramiz Qənbərovdan, Ədalətdən, Səxavətdən, Şərifdən, Natiqdən, Namiqdən, Üzeyirdən, Azərdən o səviyyədə olan digər fədakar döyüşçülərimizdən".

Bəzən hesablaşmalı olduğumuz həqiqətləri dilə gətirmək acı olur. Fəqət...

 

"Erməni şərəfsizdi, hara gəldi, kim ə gəldi güllə atıb"

 

Müharibədə bir gün olmayıb, "müharibə paraziti" olanlarla bağlı sualıma cavabı belə oldu Elməddin Sərdarın:

"Atəşkəsdən sonra görəndə ki, "qəhrəmanlar" peyda olub, döyüşçü dostlarımdan biri dedi ki, "erməni çox şərəfsizdi, kimə gəldi, hara gəldi, güllə atıb!"

Bu fikrin həqiqət acısını izaha ehtiyac duymadım.

Düşmən mərd düşmən olsaydı, öldürülməli olanımızı öldürərdi!!!

BİR EPİZOD: Şellidə düşmənlə üz-üzə döyüşdə minomyotla atəşə tutulanda Elməddin iki döyüşçü yoldaşına - Azərə Ədağaya bədəniylə səngər olub. Qəlpələr ayrı-ayrılıqda hər üçünü parçalayacaqdısa, Elməddin hamısını özünə götürüb ki, ikisi sağ qalsın. Bu gün hər üçü sağdı qazidi. 42 km yolu hədsiz qan itirə-itirə qospitala çatdırılan Elməddinin iki fikrini bütün əynişalvarlılara kişilik misalı kimi təqdim etməkdən çəkinmirəm.

1. Yolboyu özündən getdiyini hiss edən Azərə "məni kişi kimi, möhkəm vur, özümdən getməyim" deyən Elməddin, qospitalda olan qadınları nəzərə alıb amiranə bildirib: "şalvarı əynimdən çıxarmayın, qadınlar var!"

2. Qospitalın baş həkimi Alı doktora: "Bircə iynə vurun, əməliyyat vaxtı səsim çıxmasın!, başqa əsgərlər, qadınlar qorxmasın".

Elməddin gətirildiyi "ZİL-131" maşınından düşürüləndə yerə düşən (dağılan, axan yox ha!) adam boyda qan topasına adamların qışqırığı yəqin ki, Elməddinin, o biri şahidlərin yadından heç çıxmaz!

... Alı doktorun professionallığı sayəsində, aldığı qəlpə yarasından oturaq sinir sistemi zədəli qalsa da, ayağı da... kəsilməyib. Yeddi gün qospitalda xəlvət saxlanılan Elməddinin ayağı kəsiləcəyi halda, Alı doktor istəyb ki, elə kəssin, heç olmasa, sonradan protez qoyula bilsin!!! Demək ağırdı ki, ilkin tibbi yardımdan sonra Bakıya gətiriləcəyi halda, dərhal ayağı kəsiləcəkdi!!! Ayağının yuxarı üçdəbir hissəsindən 23-24 santimetri qəlpə aparmışdısa, ümid mözücəyə qalırdı. Onu da bu gün həm özünü, həm Ağdamda vuruşan bütün döyüşçülərin minnətdar olmalı olduqları Alı doktorun göstərdiyini vurğulayır Elməddin qardaşımız!

330 qram dəmir parçasından azad olan Elməddin hələ bir xeylisini canında daşıyır - yəqin Qiyamət günü dadına çatar!

 

"Bizim prinsiplər"

 

"Fred Asif"in balaca qardaşı, 100 kq-lıq ştanqı təkəlli qaldıran Səxavətin dediyidi: "Bax, hamınıza deyirəm, məni yaralasalar, üçü-dördü məni aparmaqla məşğul olmasın, ayağını üstümə qoyub düşmən üstünə hücuma keçsin".

Ayrı vaxtı adamı harasa daşıyıb sürümək olar, amma yaralını üç-dörd adam apara bilmir, bilinmir bu sirdi, ruhunmu ağırlığıdı, ya ...

Bir o məqam da var ki, əvvəlcədən razılaşdırılımış prinsiplər olur - kimsə yaralansa, onu kim döyüş meydanından çıxarmalıdı. Səngər yoldaşlığının özünün bir mötəbərliyi var, anlaşma paktı var. Bəzən heç kim yaralını aparmağa cəhd etmir - özünə sığışdırmır döyüşdən aralanmağı. Bu da var, yəni fikirləşməsinlər ki, döyüşdən yayındı.

 

"İgid əsgər, qəhrəman döyüşçü - necə tanımalı..."

 

İnsan dünyaya gələndə qorxu hissi olmur. Uşaqlığın elə dövrü var ki, ilan boğursan. Bəzi məqamlar var. "Fred Asif" kimi adam deyəndə ki, üç şeydən qorxuram, heyrət edirdik ki, bu qədər qorxmaz adam da qorxarmı? Amma o... əxlaqsız qadından, quduz itdən, kefli adamdan qorxduğunu söyləyirdi: "Üçünün Allahı yoxdu", - deyə.

İgid əsgəri, qəhrəman döyüşçünü ilk gündən səliqəsindən tanımaq olar. Təmizlik insan üçün ən önəmlidi - əxlaqda da, imanda da. Ancaq səngər, döyüş kir-pasaqdı, cır-cındır halıdı, toz-torpaqdı. Onu keçən, onu ötüşdürən döyüşçüdü!!!

Əsl döyüşçünün cındırından cin hürkməlidi.

 

"İtki qorxu yaratmır"

 

Hər dəfə bir döyüşçü dostumuzu itirəndə daha ürəklə vuruşurduq. Çünki o torpağı onda basdırdığımız döyüşçü dostumuz üçün qoruyurduq. Sonradan eşitmişik e, "torpaq uğrunda ölən varsa, vətəndir", döyüşdüyümüz vaxt bilməsək , həyatda əməl edirdik.

 

"Müharibənin şəkli yadımda çox qalıb, nəinki özümün"

 

Cəmi 4-5 şəklim var. Bu şəkli dostlardan biri verib. İlk dəfə "Aktual.az"-a təqdim edirəm. Ümumiyyətlə, mən müsahibə verməyə meylli deyiləm, illah da ki şəkil ola. Bax, gördüyün bu 9 döyüşçüdən 5-i bir ay sonra şəhid olub.

 

"Sarsıntılar itkilərdən ağırdır!"

 

90 şəhid verib aldığımız 6 kəndi 84 gün saxlayandan sonra 107 nəfərə təhvil verib geri çəkiləndən sonra 85-ci gün altı kəndin altısı da getdi! 107 nəfərdən birinin burnu qanamadı!!!

Ən ağır gələn odu ki, torpaqlar hələ düşməndədi. Biz heç kimlə müqavilə bağlamamışıq ki, siyasətə qarışmarıq. Allah da şahiddi ki, mən siyasətdən uzağam. Amma torpaqların azad olunması döyüş yox, daha çox siyasi məsələdi!

Mən başımla cavabdehəm dediyim sözə: "İki günə 500 nəfərlə Şellidə postumu quraram, təhvil verərəm qabağa gedərəm..."


Aydın
MƏMMƏDOĞLU

Aktual.az

 





30.04.2014    çap et  çap et