525.Az

Piri Rəis xəritəsinin sirləri - El Roman yazır


 

Piri Rəis xəritəsinin sirləri -<b style="color:red"> El Roman yazır</b>

Elmi ədəbiyyatda Piri Rəis Xəritəsi adlandırılan məşhur xəritə dünyanın 1513-cü ildə İstanbulda cızılmış yığcam modelidir. 

Bu xəritədə Avropa və Afkrikanın qərb hissəsi, Şimali və Cənubi Amerika və çoxlu xırda adalar təsvir edilib. 1517-ci ildə təcrübəli donanmaçı Piri Rəis hazırladığı xəritəni o dönəmin Osmanlı hökmdarı Sultan Səlimə təqdim etdi. Onun tərtib etdiyi dünya xəritəsi hətta Sultan Səlimi belə təəccübləndirmişdi. Belə ki, bir çox önəmli və strateji nöqtə, ölkələrin sərhədləri, ölkələr haqqında məlumatlar və ticarət yolları artıq Sultan Səlimin əllərinin içində idi. Rəvayətə görə, Sultan Səlim bu xəritənin Avropa və Asiya hissələrinin başqalarının əlinə keçməsindən narahat olduğu üçün onu parçalar halında kəsib özündə saxlamışdı. Bəzilərinə görə, xəritənin hələ də tapılmamış 13, bəzilərinə görə də 3 parçası mövcuddur. 

Əlbəttə, Sultan Səlimin özü üçün saxladığı xəritədə Avropa, Asiya və Mesopotomiya parçalarının necə təsvir edildiyi mənim üçün də maraqlıdır. Amma maraqlı olan təkcə bu deyil. Xəritədə, əslində mövcud olmayan adalar da təsvir olunub və bu onu daha çox sirli edir. Xəritənin şimal hissəsində, Şimali Amerikanın şərq hissəsində bir neçə tutuquşu təsvir edilib. Piri Rəis xəritənin bir kənarında bu ərazi haqqında məlumat da verir: "Bu ölkəyə Antiliya deyirlər. Günəşbatan tərəfdədir. Buralarda dörd cins tutuquşu var və buranın yerli xalqı tutuquşu əti ilə qidalanır". 

Xəritənin cənub hissəsində tərs dayanmış bir balıq və onun üstündə ocaq qalayan iki insan təsvir edilib. Piri Rəis bu məsələni xəritənin üzərində belə açıqlayıb: "Sent Braunden adlı bir səyyahın yeddi dənizi gəzdiyi deyilir. Həmin səyyah və yanındakılar bir balığın üstünə çıxıb buranı quru sanaraq ocaq yandırdı. Kürəyi yanan balıq dənizə girdi və səyyahlar üzərək gəmiyə tərəf getdilər. Bu, köhnə dünya xəritələrindən götürülüb. Portuqaliyalılardan götürülməyib". 

Xəritənin aşağı hissələrində Qərb tərəfdə qəribə formada iki canlı nəzərə çarpır. Piri Rəis həmin ərazilərdə yaşayan xalqdan aldığı məlumatlarda bunları qeyd edir: "Qərb dağlarında bu görünüşdə canavarlar var. Dəniz kənarlarında isə çoxlu adəmoğlu yaşayır. Qızıl mədənləri saysız-hesabsızdır". 

Xəritənin başqa yerlərində də canlılar var. Amma aralarında ən çox diqqət çəkəni dağlıq ərazidəki bir zirvədə təsvir edilmiş, başı gövdəsində yerləşən və saçları qırmızı olan insanabənzər varlıqdır. Bu qəribə varlıq bəzilərinə görə, bir cini, ya da şeytanı təmsil edir və başındakı qırmızı saçlar əslində alovdur. Piri Rəisin həmin yerdə gördüyü bir cini təsvir etdiyi də deyilir. Bu təsvirin altındakı qeydlərdə yazılıb: "Deyilir ki, bu canavarın yeddi qarış boyu var. Gözlərinin arası bir qarışdır, amma zərərsizdir". Bu qeyddən də aydın olur ki, Piri Rəis sadəcə bölgələrdə yaşayan xalqlardan eşitdiklərini təsvir edir. Yəni o varlıq əslində, nə cindir, nə də şeytan. 

Digər sirli məqam isə bu canlının üstündə təsvir edilmiş və Dəccalın orada gizləndiyi rəvayət edilən qırmızı rəngli adadır. Sirli olduğunu dedim, çünki əslində, dünyada belə bir ada mövcud deyil. Bəs Piri Rəis bu adanı xəritədə niyə göstərib? Diqqətlə baxsaq, görərik ki, xəritədə bəzi adalar rəngsiz, bəziləri isə qırmızı rəngdə çəkilib. Əslində, bunların hamısının bir mənası var. Xəritədə insanların hələ getmədiyi və kəşf etmədiyi adalar rəngsiz göstərilib. Ortada dayanan həmin qırmızı ada isə, əslində, insanların az olduğu, məskunlaşmanın az olduğu bir adadır. Həmin adadan sol tərəfdə təsvir edilmiş ada haqqında isə "bura yaşayış üçün uyğunsuz bir yerdir" fikirləri qeyd edilib. Piri Rəis həmin qırmızı ada haqqında bu qeydləri yazıb: "Gəmi fırtınanın təsiri ilə bu qırmızı adaya düşdü. Kapitanın adı Nikola Kuvan idi. Bu adada təkbuynuz öküz çoxdur". Bu adanı ön plana atan, əslində, digər adaların rənginin zamanla solmasından da qaynaqlanır. Yəni həmin adada Dəccalın olduğu və ya gizlədildiyi ilə bağlı heç bir iz yoxdur. Böyük ehtimalla, zamanla dəniz sularının altında qalmış bir yerdir. 

Piri Rəis xəritənin bir qismində bu xəritənin necə çəkilməsi ilə bağlı da qeydlər aparıb: "Bu xəritə bənzərsiz bir xəritədir və hazırda heç kəsdə yoxdur. Bu xəritəni mən çəkmişəm. Dünyanın hər yerini göstərmişəm". 

Piri Rəis xəritəni çəkərkən bir çox fərqli mənbədən də istifadə etdiyini cəsur şəkildə etiraf edir. Qəribə tərəfi odur ki, çox vaxt xəritəçilər öz istifadə etdikləri mənbələri qeyd etmirlər. İş orasındadır ki, Piri Rəisin mənbə kimi göstərdiyi xəritələr belə onun xəritəsi qədər mükəmməl deyildi. 

Dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmiş bu xəritədə digər maraqlı cəhət, Antarktida materikinin öz əksini tapmasıdır. Antarktida dağları, demək olar ki, dəqiqliklə göstərilib. Halbuki bu dağlar ancaq 1952-ci ildə səsötürücü alətlərdən istifadə yolu ilə müəyyən edilib. Buz altında olan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtibində Piri Rəisin nəyə əsaslandığı bu gün də elm üçün sirr olaraq qalır.

 





12.11.2021    çap et  çap et