525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar -<b style="color:red"> Rəşad Məcidin status-esseləri</b>


"Şuşaya girəndə vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim".

"Göydə Allah, yerdə Qala bizi çox qorudu".

"Babalarımızın miras buraxdığı Qala divarları bizim işimizə yaradı. Onlar sanki bu divarları ona görə tikmişdilər ki, vaxtı gələcək Azərbaycan əsgərinə bu qala divarları lazım olacaq".

"Artıq Laçın karidorunu keçmişdik, İsa bulağı istiqamətində, meşənin içində, gizli mövqelərdə qərar tutmuşduq. Həmin vaxtda sanki Allahın göndərdiyi bir bulud topası başımızın üstündə fırlanmağa başladı, həmin ərazini duman basdı. Havanın qarışmasından istifadə edərək yolun 4-5 metrliyinə çatanadək getdik, düşmənin ağlına da gəlməzdi ki, biz artıq  qarşıdayıq".

"Şuşanı görəndə, elə bil, təzədən doğulduq".

"Şuşanın azad olunmasında təkcə Azərbaycan əsgəri döyüşmürdü, həm də Şuşa şəhərinin özü döyüşürdü, Şuşa qalasının divarları  döyüşürdü, Şuşanın binaları döyüşürdü- əsgərlərimizi qoruyurdu, təbiət döyüşürdü".

Bakı Media Mərkəzinin hazırladığı "Şuşa, Sən Azadsan" sənədli filmi şərəfli tariximizi yaradan əfsanəvi qəhrəmanlarımızın söhbətləri əsasında çəkilib. Qürur duyduğumuz Vətən müharibəsi qəhrəmanlarının müsahibələrindəki bu fikirlər onların təkcə şücaətinin yox, həm də ruhi və mənəvi zənginliyinin, fəhm və istedadının göstəricisidir...

***

AYB-də cəsur döyüşçü, şəhid baş leytenant Səid Rəşidzadənin xatirəsinə həsr olunmuş tədbir keçirdik. 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Səid Nofəl oğlu Rəşidzadə 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb. Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 11-də Hadrutdakı yüksəkliyə Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn edilib.

Döyüş yoldaşları, doğmaları və Vətən müharibəsi qəhrəmanları ilə birlikdə Səidi xatırladıq.

Tədbir yekunlaşandan bir az sonra xəbər tutduq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda baş leytenant Rəşidzadə Səid Nofəl oğlunun da adı yer alıb. Səid Rəşidzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

Bundan öncə isə Səid Rəşidzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

*** 

AYB-də cəsur zabitimiz, şəhid baş leytenant Səid Rəşidzadənin  xatirəsinə həsr edilmiş tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, mayor Gündüz Səfərli ilə tanış oldum, çıxışını dinlədim, onunla və digər qəhrəmanlarımızla bir daha qürur duydum. 

Vətən müharibəsindəki igidliyi öz yerində, səlis nitqi, aydın düşüncəsi, dərin zəkası, təmkin və təvazökarlığı ilə sonsuz rəğbət və ehtirama layiqdir Gündüz Səfərli. Onun kimi rəşadətli və hər cəhətdən səviyyəli hərbçilərimizlə tanışlıq gələcəyimizlə bağlı inam duyğusunu bir qədər də möhkəmləndirir.

Sonra Gündüz Səfərlinin Ali Baş Komandanın qarşısında da möhtəşəm çıxış etdiyi yadıma düşdü. Vətən Müharibəmizdə əfsanəvi komandirlərdən olan polkovnik Tehran Mənsimovun bir müsahibəsində Gündüz Səfərli haqqında, onun Şuşanın azad edilməsindəki rolu barədə dediklərini dinləyəndə isə, sözün doğrusu, bu qəhrəman mayoru belə gec tanıdığım üçün özlüyümdə bəlli bir utanc hissi də yaşadım...

Qələbəmizə öz rəşadəti ilə yol açan  bütün hərbçilərimizin, belə cəsur övladlar yetirən xalqımızın Zəfər bayramını təbrik edirəm!

*** 

Our victory day.

Zəfər gününə hazırlıqla bağlı bir qrup yeniyetmə bayraqlar və şüarlarla addımlayırlar. Bu vaxt küçədəki bir əcnəbi vətəndaş əlində bayraq tutan qızlardan birinə yaxınlaşır və soruşur:

- What are you celebrating? 

Qız sevinclə və qürurla cavab verir: 

- Our victory day.

*** 

Biz hamımız Markın - sosial şəbəkələrin girovlarıyıq.

*** 

Bizdə azarkeşləri bu qədər sevindirən komanda heç vaxt olmayıb!

Yaşasın "Qarabağ"!

*** 

Bəzi Allahsız adamların dindarlığına mat qalıram. Tanrının da  yalan və riyakarlığı görməyəcəyini düşünürlər?!

*** 

Qəzet şəkilli kitab deyil. Qəzet söz üçündür. Sözə də ki nə baxan var, nə oxuyan...

*** 

Mayakovski iclaslar barədə necə demişdi? Gənc nəsil bilməz...

***

Yazıya etibar yoxdur.

***

Sevgi düşüklükdür.

*** 

Laykınızın qədrini bilin...

***

Vağzal həmişə, hər yerdə vağzaldır.

*** 

Naxçıvan nemətləri - Ordubad qayqanağı və soğan dolması.

Mən də ilk dəfə daddım.

Hər adamın bişirə bilməyəcəyi yemək və desert.

Rastınıza çıxsa dadın.

Nuş olsun!

*** 

"30 il Qarabağ bizdə olmadı, bu 30 ildə "525-ci qəzet" bizə Qarabağı əvəz elədi..."
(Akademik Nizami Cəfərov)

*** 

Utanc və xəcalət hissi olmayandan hər abırsızlığı gözləmək mümkündür.

*** 

Günəş kimi Bayraq!..

*** 

Hədsiz informasiya axını içində yaşayırıq. İnsan beyninin bu qədər informasiya selinə tab gətirməsi çətin məsələdir.

*** 

Hərə bir səbəbdən dinmir.

*** 

Məsələ məlum olduğu üçün üstü basdırılsın.

*** 

İnsest, uşaqbazlıq, kəskin seksual-psixoloji sapıntı... kimi hallar hər yerdə, hər cəmiyyətdə baş verir. Amma belə hadisələr xarakterik olmadığından çox vaxt geniş ictimai müzakirəyə çıxarılmır, ictimailəşdirilib yayılması etik-mənəvi baxımdan məqbul sayılmır.

Bizdə bu tip xəbərləri adətən reytinq qazanmaq, tanınmaq istəyən "saytlar" yayırlar. İctimaiyyətin belə hadisələrə qəzəbli münasibəti nə qədər başadüşülən olsa da, həddindən çox qabardılması da müxtəlif fəsadlar doğura bilər.

*** 

Operativlik dəqiqliyin düşmənidir.

*** 
Heydər Əliyev adına Sarayda son dəfə pandemiyadan əvvəl olmuşdum. Bu gün Azərbaycan Radiosunun 95, Azərbaycan Televiziyasının 65 illiyinə həsr olunmuş yubiley tədbirindən xoş təəssüratla ayrıldım. Maraqlı, zəngin və səviyyəli tədbir oldu. Bütün həssas məqamlar nəzərə alınmış, heç nə unudulmamışdı. Çoxsaylı iştirakçılara, əmək sərf edən sənət adamlarına belə səviyyəli tədbirə görə təşəkkür və təbrik düşür. 

Uzun müddət canlı mədəni tədbirlərdən uzaq düşməyimiz həm də bildiyimiz bir həqiqəti təkrarən təsdiqlədi: hər kəsin incəsənətə, ünsiyyətə və insanlarla təmasa ehtiyacı var!..

*** 

Hər sözün başına ip salmaq, hər fikri kontekstdən çıxarıb Xalq yazıçısını iki gündən bir hədəfə götürmək insafdan deyil. Çingiz Abdullayev səhv anlaşılan fikirlərini izah edib. Qərəzsiz olanlar üçün kifayət qədər aydın izahdır. 44 günlük müharibə dövründə Çingiz Abdullayev əleyhimizə təbliğat aparan Rusiya televiziyasının məlum verilişlərdəki çıxışlarında öz mövqeyini açıq-aşkar ifadə edərək xalqımızın haqq işini antiazərbaycan düşüncəli auditoriyanın diqqətinə çatdırıb. O mövqe ilə tanış olan, o fikirləri eşidən adamların bu gün hansısa yanlış anlaşılan sözlərdən yapışması cığallıqdır. İndi Çingiz Abdullayev ordumuzun, hərbçilərimizin Vətən müharibəsindəki şücaətindən bəhs edən əsər üzərində işləyir. Bu ittihamlar imkan versəydi, Xalq yazıçısı vaxtını və diqqətini o əsərin yaranmasına sərf edərdi.

*** 

İtirilmiş illər...

*** 

Tədbirpərəstlik...

*** 

Dünya ovcumuzda...

*** 

Şəkil çəkib paylaşmadınsa, tədbirdə iştirakın sayılmır...

***

Səsi bu qədər çox verməzlər.

*** 
Yaxşı xaş balaca kafelərdə olur.

*** 

"ABŞ azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 500 min dollar ayırıb".

500 min ABŞ-a yaraşan yardım deyil...

*** 

"İfrat" külək Bakını silkələdi, bərkə-boşa saldı, əyər-əskikləri üzə çıxardı. Həm də şəhərsalmada relyefi nəzərə almağın vacibliyini xatırlatdı.
 

 





13.11.2021    çap et  çap et