525.Az

ABŞ-dan Rusiyaya xəbərdarlıq


 

ABŞ-dan Rusiyaya xəbərdarlıq<b style="color:red"></b>

ABŞ dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edərək "2014-cü il səhvini" təkrarlamamağa çağırıb. Vaşinqtonda ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar zamanı Blinken bildirib ki, Rusiya Ukrayna sərhədi yaxınlığında böyük hərbi qüvvə toplayıb. Bütün təxribatların Rusiyadan gəldiyini vurğulayan dövlət katibi Rusiyanı eyni ssenarini təkrarlamamağa çağırıb.

Blinken Kuleba ilə danışıqlar zamanı bildirib ki, ABŞ Ukraynanın Şərqində gərginliyin azaldılması və münaqişənin yalnız diplomatik üsullarla həllinə dəstək verəcək. Eyni zamanda, dövlət katibi söz verib ki, Ağ ev Ukraynaya hərbi yardımın davam etdirilməsini təmin etmək üçün ABŞ Konqresi ilə birgə çalışır. Blinken bildirib ki, ABŞ Ukraynaya özünün müdafiə üçün lazım olan müdafiə silahlarını verməkdə davam edəcək. Ukraynalı nazir isə ölkəsinin müdafiə potensialını gücləndirməyə kömək edəcək hər şeylə, kəşfiyyat məlumatları və hava hücumundan müdafiə sistemləri ilə maraqlandıqlarını həmkarının diqqətinə çatdırıb. Çox maraqlıdır ki, son üç ildə ilk dəfədir ki, ABŞ və Ukrayna xarici işlər nazirləri bu formatda görüşürlər. Blinken bu görüşlərin davamlı olacağını vəd edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Vaşinqtonda amerikalı həmkarı ilə danışıqlar apardığı bir zamanda Pentaqonun Qara dənizdə qüvvələrini artırdığı üzə çıxıb. Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin sayı artdığı kimi, strateji B-1 Lancer bombardmançıları və U-2 kəşfiyyat təyyarələrinin bölgədə uçuşlar həyata keçirdiyi qeydə alınıb. İki ədəd strateji B-1 Lancer bombardmançısı Rusiya sərhədinin 100 kilometrliyindən uçublar. Nüvə silahı daşımaq qabiliyyətinə malik bu təyyarələrin Rusiya sərhədləri yağınlığında görünməsi rəsmi Moskvanın əsəblərini tarıma çəkir. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev bildirib ki, 2021-ci ildə Rusiya dövlət sərhədi yaxınlığında NATO-nun kəşfiyyat təyyarələrinin uçuşlarının sayı 30 faizdən çox artıb. Pentaqon rəsmiləri bunun NATO üzrə müttəfiqləri Rumıniya və Bolqarıstana, eyni zamanda ABŞ-ın tərəfdaş hesab etdiyi Moldova, Ukrayna və Gürcüstana dəstək olduğunu bildirirlər. Ancaq bunun əsl səbəbinin Moskvaya xəbərdarlıq olduğu hər kəsə aydındır.

Hərbi ekspertlər də Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin olmasının Rusiyaya xəbərdarlıq olduğu qənaətindədirlər. Ekspertlərə görə, Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizdə fəal kəşfiyyat işləri aparır, Rusiyanın hərbi qüvvələrinin fəaliyyətini izləyirlər. Ehtimal olunan hərbi münaqişə zamanı isə onlar ciddi döyüş platformasına çevriləcək. Çünki bu gəmilər zenit raketləri və "Tomaqavk" tipli uzaqmənzilli raketlər daşıyırlar.

Artıq hər kəs anlayır ki, ABŞ özünü Qara dəniz ölkələrindən biri kimi aparır və bu su hövzəsini özünün milli maraqlarının əhatə dairəsinə daxil edib. Rusiya üçün nə qədər acı olsa da, Moskva bununla hesablamaq məcburiyyətindədir. 

 





15.11.2021    çap et  çap et