525.Az

Göyçə mahalının Söz sehri - Könül Bünyadzadə yazır


 

İsmayıl Məmmədli - 75

Göyçə mahalının Söz sehri -<b style="color:red"> Könül Bünyadzadə yazır</b>

Əslində, bu məqalə İsmayıl Məmmədlinin yubileyinə həsr olunan şablon bir məqalə olmalıydı. Ancaq hər dəfə İsmayıl müəllimlə görüşəndə Göyçəni, oranın nur saçan insanlarını, sazını-sözünü xatırladığıma görə, məqaləm də özüm də hiss eləmədən Ulu Torpaq haqqında alındı. Məncə, insanlar müəyyən yaşa-başa çatandan sonra öz yurduna, el-obasına oxşamağa başlayır. İsmayıl müəllim kimi. 

Göyçə mahalının tarixi çox qədimdir. Ancaq nədənsə mənim ilk yadıma düşən həmişə Şah İsmayıl Xətai və Miskin Abdal olur. Miskin Abdal deyir:

“Qırxlar piri" özü verib dərsimi ümman mənim,
Çətin girə ürəyimə ləini-şeytan mənim.
Seyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,
Qoruyanım özün qoru xain dostlardan məni.

Bu həmin meydan idi ki, Şah Xətai oranı özü üçün həm sınaq meydanı, həm həyat məktəbi bilmişdi:

Qırxlar meydanına vardım,
Gəl bəri, ey can, - dedilər; 
Salam verdim izzət ilə,
Gir, iştə meydan, - dedilər!

O torpaqlarda çox dahilərin izi, nəfəsi var, ancaq mən bu iki şəxsiyyəti, daha doğrusu, onların görüşünü xatırladıqca, elə düşünmüşəm ki, Göyçə qılıncı qələmə çevirən möcüzəli bir məkandır.  Orda yaşamaq mənə az qismət olub, köçmüşük Daşkəsənə, ancaq evimizdən Göyçənin söz-söhbəti heç vaxt kəsilməyib, oraların sözlə yaradılan möhtəşəm mənzərəsi daim qorunub xatirəmizdə. Bir dəfə atam böyük həyəcanla bir şeir gətirdi və elan elədi ki, mütləq Göyçəyə qayıdıb köçmək lazımdır, çünki o boyda şairimiz Hüseyn Arif deyir ki:

Aləm bilir, hər hörmətim sizədir,
Dədə-baba məhəbbətim sizədir,
Mən Arifəm, vəsiyyətim sizədir,
Göyçəlilər, dağılmayın Göyçədən.

Böyük sevincimiz, həyəcanımız hələ də yadımdadır. Yəqin ki, elə də olacaqdı, əgər xain qonşuların hücumuna, Qırmızı İmperiyanın təzyiqinə məruz qalmasaydıq. Sonralar öyrənəndə ki, göyçəliləri həmişə öz dədə-baba yurdundan pərən-pərən salmağa çalışıblar, bir əsr ərzində bir neçə dəfə qaçqınlıq həyatı yaşadıblar, əmin oldum ki, böyük millətin kökünün şah damarlarından biri Göyçə mahalındadır. Milləti məhv eləmək üçün həmin kökü qurutmağa çalışırlar. 1988-ci ildən başlayan qaçqınlıq həyatı, daha sonra ard-arda millətin başına gələn müsibətlər sanki Göyçə adlı dərdi dərin bir quyuya atdı. Nəhayət, Qarabağ adlı düyün Qordi düyünü kimi ortadan kəsildi və Kəlbəcər dağlarından Göyçəyə gedən yollar göründü. Bu yollar həm də Göyçəni həmin qaranlıq quyudan çıxartdı. Prezident İlham Əliyev əli ilə dağın o biri üzünü göstərib: "Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır", - deyəndə ümid təkrar parladı, ürəklər uçdu Göyçəyə. Miskin Abdal demiş:

Çay olmağın paklığındı, durma yuyun, paka çıx,
Doğru-düzə yol açıqdı, nə qar-boran, nə palçıq.
Miskin Abdal, dolansan da ayaqyalın-baş açıq,
Zər qədrini zərgər bilər, zaylara say olmusan.

Filoloq-alim, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli elmi cameədə sözünün sanbalı olan şəxsdir. Onunla ilk dəfə tanış olanda və onun Göyçədən olmağını öyrənəndə çox təəccüblənmişdim. Mənim dumanlı xatirələrimdə qalan Göyçə haqqında şirin ləhcəsi ilə elə canlı danışır ki, elə bil dünən gəlib oradan. Ancaq arada ah çəkməyindən, yana-yana dizinə vurub xain qonşularımızı lənətləməyindən anlamaq olur ki, dedikləri uzaq keçmişdə qalıb. İsmayıl müəllim şəxsən məni yox, dədə-babamı, Göyçədə qalan kəndimizin pirani qocalarını tanıyır və sözü-söhbəti onlardan olur. Maraqlıdır ki, söhbətlərini o qədər emosional edir ki, özümü onun yaşıdı kimi hiss edirəm. Bəzən də onun adını çəkdiyi bir şəxsi tanımayanda İsmayıl müəllim elə səmimiyyətlə təəccüb edir ki, lap xəcalət çəkirəm. Evə gələn kimi mütləq anamdan həmin adamı soruşub öyrənirəm. Növbəti söhbətə hazırlaşan kimi. 

İsmayıl Məmmədli həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir dəfə söhbətimizdə özünün də bir vaxtlar şeir yazdığını etiraf elədi. Sonra da həvəslə ard-arda 16 yaşında yazdığı, Sabirin yubileyinə həsr elədiyi, qəzetlərdə çap elətdirdiyi şeirlərdən 1-2 bənd dedi. Təəssüf ki, biri yadımda qaldı: 

Alım-verim dostu olan,
Aylar-illər qanlı olar.
Təmənnasız qeydə qalan
Axır adlı-sanlı olar.

Mən niyə təəccübləndim ki? Əslində, göyçəli olub şeir yazmaması daha təəccüblü olmazdımı? İsmayıl müəllimlə söhbət zamanı el-obanın havası öz-özünə elə gözəl yaranır ki! Hüseyn Arif söz xətrinə demirdi ki:

Xoş ləhcəni, şirin dili saxlayın,
Həm sevinci, həm niskili saxlayın,
Zodda zodu, Cildə cili saxlayın,
Göyçəlilər, dağılmayın Göyçədən.

İsmayıl müəllimin, ömrünü elmə, araşdırmalara yandıran bir şəxsin öz işinin ustası olmasına heç şübhə yoxdur. Türk el-obasının hər küncü kimi, Göyçə mahalının da torpağı, ab-havası sehrli gücə malikdir. Hələ Dədə Ələsgər qısaca bu mahalın "xarakteristikasını" vermişdi:

Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində demişəm "bəli!"

Həm aşiqəm, həm dərvişəm, həm dəli, 
Canım gözəllərin yol qurbanıdı.

Bəli, bu Ana-Torpaqda "Ələst" məqamında Yaradanına verdiyi sözü tutan arif də, qələmin haqqını verən alim də, bir millətin milli-mənəvi dəyərlərinin iki sütunundan birinin - aşıq sənətini fəlsəfi səviyyəyə qaldıran mütəfəkkir də, kökünü, Vətənini qorumağı bacaran və qanını alimin mürəkkəbindən daha dəyərli edən Şəhid də yetişib. Ana-Torpağın bu ilahi vergisi heç vaxt kəsilməyib, hətta xainlərin oraları zəbt elədiyi zamanlarda da. Ülvi Bünyadzadə təsadüfən demirdi ki: 

Aşıq sözü eldən alır,
İlk mizrabı zildən çalır,
Min Ələsgər yuva salır 
Ələsgərin Göyçəsində.

Torpağı dəyərli edən, onu Vətən edən oğullardır və onların sözləridir. İsmayıl Məmmədli də həmin söz müəlliflərindən biri, Vətənin dəyərini artıran şəxsiyyətlərdəndir. İsmayıl müəllim Göyçənin etnoqrafiyasına ayrıca bir kitab həsr eləməsə də, monoqrafiyalarından birində - "Azərbaycan dilinin etnoqrafik leksikası"nda (Bakı, "Elm", 2008) ona toxunur. Ancaq o da bilir ki, Göyçənin özü kimi sözü də bir xəzinədir və ayrıca tədqiqat tələb edir. 
Fateh Sultanın atası Sultan Murad Xan oğluna nəsihətlərinin birində deyir:  "Allah Təala dahi padşahlara həm qüvvət, həm də ağıl vermişdir ki, qüvvəsini ağılla yerində istifadə edə bildin. Amma yalnız birini istifadə etsə, yaramaz. Əlahəzrət padşah bu ikisini yerində istifadə edir.

Görmürsənmi, bir qoçaq və bahadır ər yanında yaraq götürsə və hər xasiyyətinə uyğun gəlməyən söz üçün həmən əlini yarağa uzatsa, hər kişi ilə heç vəchlə döyüşmək istəsə, ona qoçaq  və bahadır deməzlər. Bəlkə, dəli deyərlər. Amma yerində istifadə edəcəyi  ağılla və fikirlə ona bahadır və qoçaq kimsədir, deyərlər". Bəli, Göyçə sözə dəyər verən, dəyərli söz deyən şəxsiyyətlərin Vətənidir. Göyçə Şah Xətaini atından endirən, qılıncının önünü kəsən Söz sahibinin Vətənidir. Ona görə Göyçədə alimə, mütəfəkkirə, ziyalıya, söz xiridarına hörmət çox yüksəkdir. 

Azərbaycan qılıncının gücünə Qarabağını qaytardı. Ali Baş Komandan tez-tez hər kəsin yaddaşını təzələyib "Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə...", - deyir. Bir vaxtlar, biz Şuşaya qayıdacağıq dediyi kimi. Göyçənin tarixinin dərin mahiyyətini, qədim mədəniyyətinin kökündə duran müqəddəs Sözü düşünəndə Göyçəyə məhz Sözün qüdrəti ilə qayıdacağımıza ümid daha da artır. O zamana qədər isə həmin Göyçə müqəddəs bir əmanət kimi qələmdə, telli sazda, hikmətlərdə, müdrik şəxsiyyətlərin kimliyində qorunub saxlanacaq.

İsmayıl müəllimlə hər söhbətimizdə Göyçəyə qayıdıram. İndi onun haqqında məqalə yazmaq istədim, yenə getdim oraları dolaşdım gəldim, çünki hər sözündə Göyçənin sehrindən bir zərrə var. Doğum gününüz mübarək, Professor. Yeni yaşınızı, inşallah, Göyçənin özündə keçirəsiniz, həmin zərrə də öz mənbəyinə qovuşa.

 





16.11.2021    çap et  çap et