525.Az

Mətbuat Şurası “Azadlıq” qəzetinə və daha 3 KİV-ə xəbərdarlıq edib


 

Mətbuat Şurası “Azadlıq” qəzetinə və daha 3 KİV-ə xəbərdarlıq edib<b style="color:red"></b>

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası olub.

APA-nın məlumatına görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiyanın üzvləri 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıblar.
 
Öncə Şəki rayonunun Çayqaraqoyunlu kənd orta məktəbinin müəllimi Mansur Səfərovun “Yeni Müsavat” qəzetinin 7 mart 2014-cü il tarixli sayında ona istinad olunan yazı ilə bağlı  müraciətinə baxılıb. Şikayətçi bildirib ki, qəzet həmin məqalədə yer alan fikirlərin və faktların onun redaksiyaya ünvanladığı müraciətdən götürüldüyünü göstərib. Onun isə belə bir məktubdan xəbəri yoxdur. Komissiya cavabdeh tərəfi dinlədikdən sonra qənaətə gəlib ki, narazılığın yaranmasının kökündə qəzetin məktub çapa getməzdən əvvəl dəqiqləşdirmə aparmaması dayanıb. Məsələyə aydınlıq gətirilməsi üçün mətbu orqan şikayətçinin mövqeyinin əks olunduğu məktubunu təqdim etməlidir. Cavabdeh tərəf təkliflə razılaşdığından məsələ həllini tapmış sayılıb.
 
Salyan Rayon İcra Hakimiyyətinin sektor müdiri Kərəm Muradov RİH-lə “gunxeber.com” və “bizimxeber.az” saytları arasında anlaşma əldə olunduğunu deyib. Komissiya rəy qəbulunda məlumatı əsas götürüb. Bununla yanaşı, şikayət doğuran materiallarda etik prinsiplərə sayğısızlığın özünü göstərdiyi vurğulanıb.
 
Daha sonra “Bizimxeber.az”ın “qafqaznews.az” saytına istinadən yaydığı, Bakı şəhəri 48 saylı Notariat Kontoru barədə material müzakirə olunub. “Qafqaznews.az” saytının rəhbərliyi məsələnin müzakirəsinə dəvət olunsa da, iclasda iştirak etməyib. Komissiya bütün bunların hər iki sayta Mətbuat Şurasının xəbərdarlığının elan olunmasına əsaslar verdiyi barədə rəy çıxarıb.
 
İclasda “Kafqaz news” qəzetinə də MŞ xəbərdarlıq edib. Rəydə göstərilib ki, mətbu nəşrin rəhbərliyi qonşu ilə münaqişədə özünə məxsus orqanın blankından və möhüründən sui-istifadə edib, işıq üzü görən saylarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə sayğısızlıqla yanaşıb. Məsələ Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılacaq.
 
Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti barədə müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib. Qəzet rəhbərliyi məlumatlandırılmasına baxmayaraq, komissiyanın iclasına qatılmayıb.
 
Müzakirələr zamanı komissiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, mətbu nəşrin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər təqdim olunub və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələbləri pozulub.
 
Komissiya “Azadlıq” qəzetinə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəy çıxarıb.

 





30.04.2014    çap et  çap et