525.Az

Rusiya tərəddüd içərisində - Xaqani Cəfərlinin siyasi şərhi


 

Rusiya tərəddüd içərisində -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Soyuq müharibənin bitməsindən sonra ilk dəfə Avropa qitəsində ciddi sürətdə müharibə hazırlıqları gedir.  ABŞ "köhnə qitə"yə külli miqdarda hərbi qüvvə cəmləşdirir, Avropa paytaxtları da qətiyyətli mövqe açıqlamaqda davam edirlər.

Rusiyanın müdafiə naziri  Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovun Parisdə fransalı həmkarları Jan-İv Le Drian və Florans Parli ilə görüşündə də rusiyalı nazirlərə xəbərdarlıq edilib. Fransız nazirlər rusiyalı həmkarlarının diqqətinə çatdırıblar ki, Ukraynanın ərazi bütövlüyünün pozulması ağır nəticələr doğuracaq. Rusiyaya loyal münasibəti ilə seçilən Fransa rəsmilərinin bu mesajının nəyi ehtiva etdiyi tam aydın deyil. Ancaq müəyyən ehtimallar irəli sürmək mümkündür. Parisdə fransalı və rusiyalı nazirlərin görüşündən öncə ABŞ avropalı həmkarlarını Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyi haqqında xəbərdar edib. Eyni zamanda, Vaşinqton Avropa paytaxtlarına Rusiyanın ehtimal olunan müdaxiləsinə dözməyəcəyi ilə bağlı mesaj da verib. Çox böyük ehtimalla, fransalı nazirlər də 2+2 formatında keçirilən görüşdə rusiyalı həmkarlarına Vaşinqtonun xəbərdarlığının ictimaiyyətə açıqlanmayan hissəsini də çatdırıblar. Bu isə Vaşinqtonun Ukraynanı Rusiyanın hərbi müdaxiləsindən qorumaq üçün geniş koalisiya formalaşdırdığı və qətiyyətli addım atmaqdan çəkinməyəcəyi mesajı ola bilər. 

Bu fikri təsdiq edən üç məqam var. Birincisi, Avropa İttifaqı Belarusa qarşı yeni sanksiya tətbiq edilməsilə bağlı razılığa gəlib. 

İkinci məqam ondan ibarətdir ki, Belarusla sərhədində gərginlik olan Polşa qətiyyətli mövqe nümayiş etdirərək geri çəkilmir. Hətta Polşanın gərginliyin hərbi münaqişəyə səbəb olacağından ehtiyat etmədiyi aydın görünür. Varşava isə belə qətiyyətli mövqeni Vaşinqtonun birmənalı dəstəyi olmadan nümayiş etdirməzdi. Polşa rəsmiləri Belarusla sərhəddə yaranan gərginliyə görə də rəsmi Minskdən daha çox Rusiya hakimiyyətini ittiham edirlər. Rusiya rəsmiləri isə bu ittihamları rədd edərək "gərginliyin artmasına xidmət edən boş və əsassız" fikir adlandırır, Rusiyanın heç kim üçün təhlükə yaratmadığını bildirirlər.

Üçüncü məqam isə bir neçə gün öncə Vaşinqtonda ABŞ-la Ukrayna arasında strateji tərəfdaşlıq nizamnaməsinin yenilənmiş mətninin imzalanması ilə bağlıdır. Sənəd iki ölkə arasında təhlükəsizlik və müdafiə, demokratiya və qanunun aliliyinin qorunması prinsiplərini, eləcə də iqtisadiyyat və enerji sektorunda əməkdaşlığı nəzərdə tutur. ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə imzaladığı sənəddə Birləşmiş Ştatların Kiyevin enerji müstəqilliyinə nail olmaq, karbon qazı emissiyalarını azaltmaq və enerji sektorunda tənzimləməni ləğv etmək səylərini dəstəkləməyə sadiq olduğu bildirilir. Bundan başqa, ABŞ Kiyevin öz xarici siyasətini müstəqil müəyyən etmək hüququnu, o cümlədən, "Ukraynanın NATO-ya üzv olmaq istəklərinə münasibətdə" irəliləmək üçün gücləndirilmiş NATO tərəfdaşı statusunu maksimuma çatdırmaq səylərini dəstəkləyir.

ABŞ-la yanaşı, Vaşinqtonun əsas müttəfiqi Böyük Britaniya da Ukraynaya hərbi dəstək verməyə başlayıb. "The Mirror" qəzetinin məlumatına görə, Böyük Britaniya Rusiya ilə müharibə olacağı təqdirdə Ukraynaya əsgər göndərməyə hazırdır. Həmin əsgərlərin isə əsasən xüsusi təyinatlılar, kəşfiyyatçılar, tibb işçiləri, mühəndislər və 400 nəfər paraşütçüdən ibarət qrup olacağı qeyd edilir. Müstəqil mənbələr isə bildirir ki, ingilis hərbçilərin bir qrupu artıq Ukrayna ərazisindədir. Onlar Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılması və Rusiyanın ehtimal olunan təcavüzünün qarşısını ala bilmək üçün təlimlər keçirlər.

ABŞ və Böyük Britaniya Ukraynaya kəşfiyyat məlumatları verməklə də dəstəklərini nümayiş etdirirlər.  Prezident Vladimir Zelenski bəyan edib ki, ABŞ kəşfiyatının məlumatına görə, Rusiya Ukrayna ilə sərhəddə 100 min nəfərdən artıq canlı qüvvə, külli miqdarda hərbi texnika cəmləşdirib.

ABŞ dövlət katibi Entoni Blinken Avropa ölkələrini xəbərdar edib ki, Belarus-Polşa sərhədində baş verənlər diqqəti Ukraynadan yayındırmağa xidmət edir və Rusiya bununla hərbi müdaxilə üçün əlverişli şərait yaratmağa çalışır.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirib ki, Alyans Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə qeyri-adi hərəkətlərini diqqətlə izləyir və vəziyyətin dəyişməsinə cavab verməyə hazır olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu, faktiki olaraq NATO-nun müharibəyə hazır olması ilə bağlı dünya ictimaiyyətini xəbərdar etməkdir. Heç şübhəsiz, bu xəbərdarlıq ilk növbədə Rusiya hakimiyyətinə və cəmiyyətinə yönəlib.
Avropa Birliyinin Rusiyanın birgə dövlətdə təmsil olunduğu Belarusa qarşı yeni sanksiya tətbiq etmək qərarı da Moskvaya meydan oxumaqdır.
Aydın görünür ki, 2014-2015-ci illərdən fərqli olaraq Qərb Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə dözmək niyyətində deyil və hazırda açıq mətnlə bunun mesajını verir.

Rusiya Krımın ilhaqından sonra ilk dəfədir ki, Qərbin qətiyyətli mövqeyi ilə qarşılaşır. Aydın görünür ki, Rusiya ABŞ-ın belə qətiyyətli davranacağını gözləmirmiş və ona görə də yaranmış vəziyyətdən necə çıxacağını hələlik bilmir. Moskvanın açıqlamalarında tərəddüd açıq hiss olunur. Rusiya Belarus-Polşa sərhəddində baş verənlərin məsuliyyətini öz üzərindən atmaqla yanaşı, Ukraynaya qarşı heç bir təcavüzkarlıq niyyətinin olmadığını bildirir. Ancaq öz siyasətini də davam etdirməyə çalışır. Ən azından cəmiyyətə geri çəkilmədiyini nümayiş etdirir.

Qondarma Donetsk və Luqansk Xalq Respublikalarına Rusiya dövlət satınalmalarında iştirak etmək üçün bərabər şərait yaradılmasını nəzərdə tutan "Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarının əhalisinə humanitar yardımın göstərilməsi haqqında" prezident fərmanı da buna xidmət edir. Bundan əlavə, Rusiya lideri qondarma "DXR" və "LXR"dən malların Rusiya bazarlarına buraxılması şərtlərini yumşaltmaq üçün bir sıra tədbirlərin görülməsinə göstəriş verib. Fərmanda qeyd olunur ki, bu şərtlər Donbasda vəziyyət Minsk razılaşması əsasında siyasi yolla nizamlanana qədər qüvvədə qalacaq. Bununla Rusiya prezidenti Ukraynanın ərazi bütövlüyünə hörmət etmədiyini açıq nümayiş etdir. Lakin hələlik bundan da artığını etməyə, yəni Ukrayna ərazisinə hərbi müdaxiləyə tərəddüd edir. Tərəflər arasında bu əsəb müharibəsinin nə ilə nəticələnəcəyini isə proqnozlaşdırmaq mümkün deyil. Çünki tərəflərin iradəsindən asılı olmayaraq, üçüncü tərəfin müdaxiləsi ilə vəziyyət bir anda nəzarətdən çıxa bilər. 

 





17.11.2021    çap et  çap et