525.Az

Gürcüstanda etirazlar böyüyür


 

Gürcüstanda etirazlar böyüyür<b style="color:red"></b>

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin həbsindən sonra gürcü müxalifətinin başlatdığı etirazların miqyası  genişlənir. İki gün öncə paytaxt Tiflisdə gürcü müxalifəti irimiqyaslı etiraz aksiyası keçirməyə nail olub. Müşahidəçilər noyabrın 15-də keçirilən etiraz aksiyasını son illərin ən uğurlu etiraz aksiyalarından biri hesab edirlər. Bu aksiya müxalifətin güc strukturlarını çaş-baş salması ilə də diqqət çəkib. Müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya aksiyanın marşrutunun dəyişdirilməsini belə şərh edib: "Daxili İşlər Nazirliyinin bütün idarələrində tragikomik vəziyyət hökm sürürdü. Onlar ora-bura qaçırdılar. Nə etdiyimizi başa düşmədilər və başa düşməyəcəklər". Güc strukturlarını çaşdırmağa nail olan müxalifət prezident Salome Zurabişvilinin Atoneli küçəsindəki iqamətgahına yaxınlaşa bilib. Yürüş zamanı etirazçılar keçdikləri yerlərdə yolların üzərinə "Mişaya azadlıq" və hakim "Gürcü arzusu" partiyasını nəzərdə tutaraq "Arzu öldürür" şüarlarını yazıblar.

Noyabrın 15-də keçirilən aksiyanın uğurlu alınmasından cəsarətlənən müxalifət etiraz aksiyaların davam etdirir və noyabrın 16-da avtomobil yürüşü keçirib. Müxalifət keçmiş prezidentin həbsxana xəstəxanasından mülki tibb müəssisəsinə köçürülməsini və təqib olunmasına son qoyulmasını, həmçinin, hökumətin istefaya getməsini və proporsional seçki sistemi üzrə erkən seçkilərin keçirilməsini tələb edir.

Etiraz aksiyaların güclənməsinə və müxalifətin tələblərinə baxmayaraq, iqtidar güzəştə getmək istəmir. Əksinə, iqtidar öz mövqeyindən dönmür və güc işlədə biləcəyini bəyan edir. Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir ki, ictimai asayişin bərqərar olması üçün zəruri hesab edildiyi zaman proporsional gücdən və xüsusi vasitələrdən istifadə ediləcək. Daxili İşlər Nazirliyində hesab edirlər ki, Vahid Milli Hərəkat Partiyasının etiraz aksiyasının məqsədi Tiflisdə nəqliyyatın fəaliyyətini iflic etməkdir. Nazirlikdən yayılan açıqlamada bildirilir ki, Gürcüstanın "Yığıncaqlar və nümayişlər haqqında" qanununun 11-ci maddəsinə əsasən, mitinqlər zamanı nəqliyyat vasitələrinin hərəkətinə qəsdən maneçilik törətmək qadağandır və buna görə də qanunu pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. Nazirlikdən xəbərdarlıq edilir ki, Cinayət Məcəlləsinin 226-cı maddəsinə əsasən, ictimai asayişi kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələbinə aşkar tabe olmamaq üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İqtidar təmsilçiləri isə vətəndaşları və siyasi liderləri Gürcüstan konstitusiyasını müdafiə etməyə, polis əməkdaşlarının peşəkar fəaliyyətinə hörmətlə yanaşmağa və dinc toplantılar haqqında qanundan kənara çıxmamağa çağırırlar. Bu çağırışların hansısa nəticə verəcəyi inandırıcı deyil. Gürcüstanda iqtidar-müxalifət münasibətləri artıq ciddi qarşıdurma mərhələsinə daxil olub və bu qüvvələrdən biri tam məğlub olana kimi belə şərtlər çərçivəsində davam edəcək. 

 





17.11.2021    çap et  çap et